“Əl-Faşerdəki mühasirə səhnələri Xocalı soyqırımını xatırladır” – SUDAN SƏFİRİ

12:20 01.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan- Sudan əlaqələrinin uzun tarixi var. Azərbaycanın müstəqilliyinin elanından sonra iki ölkə arasında qurulmuş diplomatik əlaqələrin 33 illiyini qeyd edirik. Bu gün ölkələrimizin rəhbərləri arasında sıx əlaqələr mövcuddur ki, bunun daha da genişlənməsini və möhkəmlənməsini iki tərəf arzulayır”.

Hafta.az-ın yazdığına görə, bunu Sudanın ölkəmizdəki səfiri Anas Əltayeb Əlgailani Səfirlikdə keçirdiyi mətbuat konfransında dedi. Səfir Əlgailani qeyd etdi ki, yaxın vaxtlarda iki ölkə arasında siyasi əlaqələrin inkişafını müzakirə etmək üçün görüş olacaq. Onun sözlərinə görə, səfirlik olaraq Azərbaycan Xarici İşlər, Energetika və Təhsil nazirlikləri ilə təmasdadırlar, eləcə də Prezidentin Beynəlxalq Əlaqələr üzrə Müşaviri Hikmət Hacıyevlə görüş keçiriblər.

Daha sonra səfir Anas Əltayeb Əlgailani Sudanın Darfur bölgəsinin inzibati mərkəzi olan Əl-Faşir şəhərində baş verən qanlı hadisələrdən söz açdı. Bildirdi ki, şəhərin silahlı üsyançılar tərəfindən ələ keçirildiyi 27 oktyabr tarixindən bu günədək orada 2 min adam öldürülüb.

Çıxışarası səfirin təklifi ilə Əl-Faşirdə yaşanan faciələri əks etdirən videoçarx təqdim olundu.

Təqdimatdan sonra çıxışına davam edən cənab Əlgailani bildirdi ki, Əl-Faşer şəhəri və Darfur bölgəsində bir neçə məntəqə günü-gündən güclənən dərin insan faciəsinin şahidi olmaqdadır. Belə ki, yaşayış məskənləri müharibə və insanlığa zidd cinayətlər müstəvisinə çatan fiziki zorakılığa, habelə geniş miqyasda qəfil ölümlərə və məcburi yerdəyişməyə məruz qalır. Etibarlı xəbərlər sistemli təcrübələrə işarə edərək, bunu yaşamaq və sağ qalmaq hüquqlarına sığınmaqdan başqa çarələri qalmayan müdafiəsiz mülki şəxslərə qarşı törədilmiş etnik təmizləmə kimi təsnif edir.

“Həqiqətlərin aydınlığına və mövcud dəlillərə baxmayaraq beynəlxalq ictimaiyyət dinc sakinlərin himayəsinə yönəlmiş hüquqi və mənəvi məsuliyyətini yerinə yetirməkdə ləngiyir. Bu, daha qətiyyətli mövqelərin və daha çevik tədbirlərin görüldüyü dünyanın digər böhranları ilə müqayisədə tamamilə ziddiyyət təşkil edir. Belə ikili standartlar beynəlxalq təhlükəsizlik və sülhə inamı sarsıdır, beynəlxalq hüququ pozanlara cəzadan yayınaraq əməllərini davam etdirmək üçün daha çox imkan verir” deyən diplomat qeyd etdi ki, insanlıq və təhlükəsizlik baxımından ciddi fəsadlar yaradan bu fəlakətli vəziyyət davam edərək Sudanın sərhədlərini aşır və təsiri bütün bölgəyə yayılır. Hətta iş o yerə çatıb ki, humanitar yardımın çatdırılmasını təmin etmək üçün təcili və effektiv beynəlxalq tədbirlərə ciddi zərurət yaranıb.

“Şimali Darfur bölgəsinin inzibati mərkəzi olan Əl-Faşerdə üsyançı terror qüvvələri tərəfindən həyata keçirilmiş vəhşi hücum silahlılar tərəfindən çəkilmiş videolarla sənədləşdirilən dəhşətli və qəddar səhnələrlə tarixə müdafiəsiz dinc vətəndaşlara qarşı törədilmiş ən dəhşətli etnik təmizləmə və soyqırım kimi həkk olunacaq” deyən səfir bildirib ki, şəhərin təxminən 500 günlük mühasirəyə alınmasına qədər uzanan bu əməliyyat, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Əl-Faşerin mühasirəsinin aradan qaldırılmasını tələb edən 2024-cü il tarixli 2736 saylı qətnaməsi kimi beynəlxalq qətnamələrinin mövcudluğuna baxmayaraq planlaşdırılmışdı. Bu qətnamənin yerinə yetirilməməsi beynəlxalq iradənin olmaması deməkdir ki, bu da terrorçu qüvvələrə beynəlxalq qanunlara meydan oxumağa imkan verib. Bundan əlavə, Sudanda iqtisadi və siyasi maraqları olan bəzi qonşu dövlətlərin və regional güclərin sövdələşmələri nəticəsində üsyançı qüvvələrin logistik və maddi-texniki dəstəklərinin artması Sudan kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən aşkar olunub.

“Bölgənin üsyançı qüvvələrə dəstəyi ilə bağlı əlavə dəlilə ehtiyac yoxdur. Bir çox media orqanları və qəzetlər bu qüvvələrin xaricdən aldığı dəstək haqqında yazıblar. Britaniyanın “The Guardian” qəzeti 28 oktyabr tarixli nömrəsində bunu sübuta yetirib. Amerikanın  “The Wall Street Journal”ı və “The Washington Post” qəzeti də terrorçu qüvvələrin əldə etdiyi və Sudan silahlı qüvvələrinin əlinə keçən Amerika və Britaniya silahlarını təsbit edib” deyən diplomat onu da bildirdi ki, dəhşətli səhnələr, günahsız və müdafiəsiz insanların öldürülməsi, iki min şəhid və minlərlə yaralının olduğu insan qətliamları beynəlxalq ictimaiyyətin, Birləşmiş Millətlər Təşkilatının və İnsan hüquqlarını müdafiə təşkilatlarının rüsvayçılığını göstərir. Hansılar ki, üsyançı qüvvələrin liderlərinə ittihamlar yağdırır və bu böyük qanun pozuntularına görə hüquqi məsuliyyəti onlara yükləyirdilər.

“Bilirik ki, hər kəsə məlum olan bəzi qüvvələrin böyük dəstəyi, xaricdən dronlar və beynəlxalq müstəvidə qadağan olunmuş silahlardan istifadə olmasaydı üsyançı qüvvələr Əl-Faşeri müqavimətlə ələ keçirə bilməzdilər. Bu qruplaşma, eyni zamanda, Çad, Liviya, Kolumbiya, Nigeriya və Malidən olan sərhədyanı terrorçu muzdluları da cəlb edib ki, bu da gələcəkdə sahil və səhra bölgələrində, eləcə də Afrikanın qərb regionunda beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradacaq”, - cənab Əlgailani dedi.

Sudan səfiri bildirdi ki, Əl-Faşerdakı mühasirə səhnələri 1992-ci ildə soyqırıma məruz qalmış Xocalıdakı mühasirəni xatırladır.

“Artıq üstündən otuz üç il keçib. Keçən ilin oktyabr ayında o şəhəri ziyarət etmək bizə nəsib oldu. Biz silahlı qüvvələrin hüquqi və mənəvi cəhətdən məsuliyyətini daşımalıyıq. 1994-cü ildə Ruandada baş vermiş soyqırım cinayətləri, 1995-ci ildə Bosniyada törədilmiş Srebrenitsa soyqırımı - II Dünya müharibəsindən sonra Avropa qitəsində törədilmiş ən dəhşətli kütləvi qırğın hesab olunan belə soyqırım cinayətləri baş verməsin deyə məsuliyyət daşımalıyıq” deyən səfirin sözlərinə görə, Sudan hökuməti mülki şəxsləri qorumağa, münaqişə zonalarında ehtiyacı olanlara və məcburi köçkünlərə humanitar yardım, ərzaq və dərman çatdırılmasını asanlaşdırmağa hər zaman qətiyyətlə hazırdır. Beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar, xüsusən də münaqişə zonalarında lazımi vaxtda yardım göstərməyib, əksinə, inzibati keçid olaraq Çad sərhədindən qida tranziti kimi istifadə edərək üsyançı qüvvələrə ərzaq və silah ötürüblər. Məhz bunun nəticəsidir ki, Əl-Faşer daxilində yaşayan 800 min insandan təxminən 200 min nəfər öldürülüb.

Xəstəxanada müalicə olunan yaralıların öldürüldüyünü qeyd edən səfir Əlgailani bildirib ki, Əl-Faşerdə etnik qruplar məhv edilib, tibbi personal və humanitar işçiləri, Sudan Qızıl Aypara Cəmiyyətini hədəfə alınıb, döyüşdən qaçan ailələr, xüsusilə qadın və uşaqlar təqib edilərək soyuqqanlı şəkildə məhv ediliblər.

“Sudan Suveren Keçid Şurasının sədri və Silahlı Qüvvələrin Baş Komandanı silahsız mülki şəxslərin həyatını, dövlət və özəl mülkiyyəti qorumaq, bölgənin paytaxtını tamamilə dağıdılmaqdan xilas etmək üçün Əl-Faşerdən texniki qüvvələrin çıxarıldığını bildirdi. Prezident silahlı qüvvələrin şəhəri azad etmək, şəhidlərin qisasını almaq və Sudanın müqəddəs torpağının hər qarışını xarici xəyanətkar və muzdlu fəaliyyətin çirkabından təmizləmək əzmini təsdiq etdi” deyən səfir fürsətdan istifadə edərək bu qəddar terror cinayətlərini pisləyən bütün dost və qardaş ölkələrə, regional və beynəlxalq təşkilatlara, o cümlədən Səudiyyə Ərəbistanı Krallığına, Misir, Küveyt, Türkiyə, Ərəb Dövlətləri Liqasın, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, BMT Qaçqınlar üzrə Ali Komissarlığı, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığın və Böyük Göllər Təşkilatına minnətdarlıq etdi.

“Biz, BMT Təhlükəsizlik Şurasını və bütün sülhsevər dövlətləri bu silahlı qruplaşmanı terror təşkilatı kimi tanımağa, liderlərini məsuliyyətə cəlb etməyə və onların cəzadan yayınmaması və dərhal məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq. Həmçinin bu silahlı qruplaşmanın maliyyələşdirilməsində, ona pul və silah təchizatında iştirak edən, bu cinayətlərdə şərik olmuş həm region daxilində, həm də xaricində olan bütün ölkələrin liderlərinin cəzalandırılmasını tələb edirik. Biz, Sudan hökumətinin siyasi prosesə və Sudanda sülhün əldə edilməsinə sadiq olduğunu, Sudan hökuməti tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edilən yol xəritəsinə uyğun siyai həll və razılaşma tapmaq üçün qardaş dövlətlərin və bəzi təşkilatların sülh təşəbbüslərinə hökumətin cavab reaksiyasının müsbət olduğunu vurğulamaq istərdik. Lakin hər zaman biz regional dəstək və beynəlxalq susqunluqla gücləndirilən silahlı üsyançı qüvvələr tərəfindən rədd cavabı alırıq”, - diplomat çıxışını tamamladı.

Daha sonra səfir Əltayeb Əlgailani jurnalistlərin suallarını cavablandırdı.

Üsyançılara konkret hansı ölkələrin dəstək verdiyinə dair məlumat almaq istəyən Hafta.az-ın sualına cavab olaraq səfir Əlgailani bildirdi ki, Sudan hökuməti üsyançıları dəstəkləyən dövlətlərin siyahısını tərtib edərək BMT-yə təqdim edib. Birləşmiş Ərəb Əmirlikləri və başqaları üsyançılara yardım məsələsində daha çox aktivdirlər. Silah və digər yardımlar üsyançılara əsasən Çad, Liviya və Somali ərazisindən daşınır.