Əli Əhmədov: “Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşıyacaq”

12:13 09.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Müasir dünyanın yeni tarixi yaranmaqdadır. Təbii olaraq bu gün Azərbaycanın da yeni tarixi yaradılır və onun parlaq səhifələri ulu öndərdən başlayaraq və bu gün də Prezident İlham Əliyev tərəfindən yaradılmaqdadır. Prezident İlham Əliyev eyni zamanda regionun yeni tarixini və mənzərəsini yaratmaq kimi şərəfli tarixi yazmaqdadır. Vaşinqtonda əldə olunan uğurlu razılaşma bunun yüksək göstəricisidir”

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü sessiyasında deputat Əli Əhmədov bildirib.

Ə.Əhmədov Azərbaycanın özününün müstəqillik dövründə yaradılan parlaq səhifələrə diqqət çəkib. O, ölkə iqtisadiyyatının, hərbi gücünün, diplomatiyasının dövlət üçün vediyi töhfələri qeyd edib:

“Onun bir nümunəsi də bir ay əvvəl Vaşinqtonda keçirilən görüş və əldə olunan nailiyyətdir. Vaşinqtonda əldə edilən diplomatik qələbənin yeganə müəllifi İlham Əliyevdir. Vaşinqton razılaşmasından sonra dünyanın ayrı-ayrı ölkə liderlərinin Prezident İlham Əliyevi təbrik etməsi onun diplomatik uğurunun nə qədər əhəmiyyətli olduğuu təsdiq edir. Bu, Azərbaycan-ABŞ əlaqələrinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir”.

Deputat vurğulayıb ki, Vaşinqton razılaşması Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanətin təmin edilməsidir:

“Zəngəzur dəhlizi layihəsi “Əsrin müqaviləsi” kimi uğurlu layihənin davamı olacaq. Əgər “Əsrin müqaviləsi” ulu öndərin adı ilə bağlıdırsa, Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşıyacaq".