Əli Orucov: “Netanyahunun "erməni soyqırımı"nı tanımasının nə yəhudi, nə də erməni xalqına faydası var...”

17:39 29.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi şərhçi Əli Orucov hafta.az-a açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıması ilə bağlı verdiyi bəyanatın siyasi qərəzdən, şəxsi kin və qisasçılıq hissindən irəli gəldiyini bildirib.

Əli Orucov qeyd edib ki, Netanyahu bu bəyanatla guya Türkiyə və onun liderinə qarşı demarş edir, siyasi revanş alır. Onun fikrincə, İsrail baş nazirinin bu addımı Türkiyənin Yaxın Şərqdə həyata keçirdiyi prinsipial və ədalətli mövqeyinə qarşı yönəlib.

“Ankara İsrailin regionda həyata keçirdiyi işğalçı siyasətə, xüsusilə də Fələstində törətdiyi humanitar faciələrə qarşı çıxan və bunun qarşısını almağa çalışan əsas və aparıcı dövlətdir. Bu isə Təl-Əvivi qəzəbləndirir və çətin duruma salır,” – deyə o vurğulayıb.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Türkiyə İsrailin genişmiqyaslı ərazi iddialarına qarşı dayanan yeganə güclü regional aktordur və Netanyahu düşünür ki, 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaqla Türkiyəni öz haqlı mövqeyindən çəkindirə bilər. Lakin bu yanaşma nəticə verməyəcək.

Ə.Orucov bildirib ki, maraqlı məqam ondan ibarətdir ki, Ermənistanın özü artıq bu iddialardan geri çəkilib.

“Baş nazir Nikol Paşinyan bu məsələnin keçmiş SSRİ-nin Türkiyəyə təzyiq vasitəsi kimi uydurduğunu bəyan edib və bu cür tarixi təhriflərin nə Ermənistan dövlətinə, nə də erməni xalqına rifah, təhlükəsizlik və ya sabitlik gətirdiyini açıq şəkildə etiraf edib,” – deyə o xatırladıb.

Netanyahunun qondarma soyqırımı tanımasının nə erməni, nə də yəhudi xalqına fayda gətirmədiyini qeyd edən siyasi şərhçi əlavə edib ki, bu cür bəyanatlar yalnız xalqlar arasında dostluq münasibətlərinə zərər vurur. O vurğulayıb ki, hazırda İsrail beynəlxalq səviyyədə ciddi təzyiqlərlə üzləşir və ona qarşı münasibət hər ötən gün daha da mənfiyə doğru dəyişir.

“Netanyahunun bu addımı Azərbaycanla münasibətlərə də mənfi təsir göstərə bilər. İsrail və Azərbaycan xalqları arasında qarşılıqlı rəğbət, inam və əməkdaşlıq var. Bu etimadı sarsıtmaq cəmiyyətdə narazılıq yaradacaq və heç bir dövlətin maraqlarına xidmət etməyəcək. Netanyahu hakimiyyəti müvəqqətidir. Onun reytinqi sürətlə düşür. Qarşıdakı parlament seçkilərində qalib gələcəyi və hakimiyyətini qoruya biləcəyi şübhə doğurur. Ancaq yəhudi xalqı ilə Azərbaycan və türk xalqlarının tarixi əlaqələrini və dostluğunu pozmağa uğursuz təşəbbüs etməklə daha çox öz xalqına zərər vurmuş olur”, – deyə Ə.Orucov diqqətə çatdırıb.

O bildirib ki, ABŞ-ın təşəbbüsü ilə formalaşdırılmış “İbrahim sazişi” çərçivəsində İsrailin İslam coğrafiyası ilə münasibətləri normallaşdırmaq üçün yeni dövlətlərin, o cümlədən Azərbaycan və Özbəkistanın bu prosesə cəlb olunması istiqamətində ciddi səylər göstərildiyi bir vaxtda bu cür bəyanatlar yalnız prosesi çətinləşdirə bilər.

Siyasi şərhçi vurğulayıb ki, Türkiyə hər zaman Yaxın Şərqdə sülh və barış mövqeyindən çıxış edib, BMT Nizamnaməsinə uyğun fəaliyyət göstərib. Onun sözlərinə görə, tarixən bu bölgə Osmanlı imperiyasının tərkibində ədalət və sabitlik içində yaşayıb.

“Son 60 ildə Qərbin, xüsusilə də ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqi müharibələr və qeyri-sabitlik məkanına çevirib. Belə həssas şəraitdə Türkiyənin maraqlarını və iştirakını nəzərə almadan bölgədə hər hansı sabitlikdən danışmaq mümkün deyil,” – deyə o diqqətə çatdırıb.

Ə.Orucov əlavə edib ki, Suriyada baş vermiş 14 illik vətəndaş müharibəsi, terror qruplaşmalarının geniş əraziləri nəzarətə götürməsi və milyonlarla qaçqının axını nəticəsində ən çox əziyyəti Türkiyə çəkib. Onun fikrincə, hazırda Suriyada siyasi nizamlanma Türkiyəsiz mümkün deyil.

O, həmçinin bildirib ki, İsrail regionda yaranmış vəziyyətdən sui-istifadə edərək "Böyük İsrail" ideyasını irəli sürür, Colan təpələrini sahiblənib, Dəməşqə hücumlarını artırır, terrorçu kürd qruplaşmalarına dəstək verir və nəticədə böyük bir qarşıdurma üçün zəmin yaradır.

“Bu siyasət beynəlxalq müstəvidə fəlakətli nəticələrə gətirib çıxara bilər. Türkiyə sıradan bir dövlət deyil. NATO-da ABŞ-dan sonra ikinci güclü orduya malik olan bir ölkədir. İsrailin destruktiv siyasəti Ankaranı cavab verməyə vadar edə bilər,” – deyə siyasi şərhçi qeyd edib.

Əli Orucov vurğulayıb ki, diplomatik kanallar vasitəsilə, o cümlədən Bakı platformasında Türkiyə və İsrail arasında təmaslar olsa da, hələlik Təl-Əvivin mövqeyi münasibətlərin yumşalmasına imkan vermir.

O, həmçinin İsrailin Aralıq dənizində, xüsusilə də Yunan Kipri ilə bağlı atdığı təxribatçı addımlara da toxunaraq bildirib ki, Ankara öz haqlı maraqlarını qorumaq iqtidarındadır.

“Düşünürəm ki, Netanyahu hakimiyyəti sona çatdıqdan sonra, əgər yeni rəhbərlik və ya Tramp kimi təsirli fiqurlar təşəbbüs göstərsələr, Türkiyə ilə İsrail arasında əməkdaşlıq və dialoq bərpa oluna bilər,” – deyə Əli Orucov fikrini tamamlayıb.