Elşad Mirbəşir: “Görüşdə yekun sülh sazişinin imzalanması gözlənilən deyil, amma…”

15:12 10.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Əbu-Dabi görüşü birbaşa Azərbaycanla Ermənistan arasındakı sülh prosesi çərçivəsində baş tutur. Bu, həm Azərbaycan, həm də region üçün çox əhəmiyyətlidir”.

Bunu Hafta.az-a siyasi tədqiqatçı, professor Elşad Mirbəşir bildirib.

Qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulması baxımından çox həlledicidir. Eyni zamanda regionda nəqliyyat kommunikasiyasının açılması çox ciddi müzakirə məsələsidir.

Professor bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması, Zəngəzur dəhlizinin açılması fəal müzakirə olunur:

"Bütün bunlar gələcəkdə regionda sülhün əldə olunması, təhlükəsizliyin təmin olunması baxımından çox mühümdür. Nəzərə almaq lazımdır ki, sülh gündəliyini Azərbaycan dövləti başladıb və onu bütün vasitələrdən istifadə edərək irəli aparır. Əbu-Dabidə baş tutan ikitərəfli görüş də Azərbaycanın fəaliyyətinn nəticəsidir və strateji baxışlarımıza, hədəflərimizə uyğundur”.

E.Mirbəşir qeyd edib ki, məlum görüşdə əsasən yekun sülh sənədinin imzalanması üçün detallı müzakirələr aparıla bilər. Azərbaycanın prinsipial şərtləri Ermənistana bəllidir. Bu, Ermənistan konstitusiyasında dəyişiklik, ATƏT-in Minsk qrupundan imtinadır:

“Əbu-Dabidə yekun sülh sazişinin imzalanacağı gözlənilən deyil. Bu da Ermənistanda siyasi vəziyyət və gözlənilən seçkilərlə əlaqədardır. Nikol Paşinyan indiki zamanda ona qarşı yönələcək əks arqumentlərə əsas vermək istəmir. Orada hansısa sülh sazişinə imza atılacaqsa bu, Ermənistandakı elektorial proseslərdən sonra ola bilər. Amma görüş zamanı çərçivə anlaşması ola bilər. Ermənistanın üzərinə öhtəliklər qoyula bilər və bu öhtəliklərə əməl ediləcəyi ilə bağlı razılaşma imzalanar”.

Professor qeyd edib ki, Azərbaycan regionu qarşıdurma meydanına çevrilməkdən qoruyur. Eyni zamanda özünün düşünülmüş addımları ilə münaqişə vəziyyətini hüqiqi cəhətdən sənədin imzalanması ilə aradan qaldırılmasına nail olmaq istəyir. Keçirilən görüş bunu bir daha sübut edir.