Ərdoğan seçkilərdə qalib gələrsə... - Rauf Məmmədov

12:11 29.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünya düzəninin əsas iştirakçıları olan dövlətlər öz maraqları naminə geosiyasi vəziyyəti getdikcə gərginləşdirməkdə davam edir. Proseslər çox sürətlə dəyişir.  Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rauf Məmmədov yaranmış vəziyyəti təhlil edib.

– Elə ondan başlayaq ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin arxa planında nə dayanırdı? Bu səfər nəyə görə böyük səs-küyə səbəb oldu?

–Nensi Pelosinin Ermənistana səfərini ABŞ-da gözlənilən seçkilərlə bağlamaq istəyənlər də vardır. Səfərdə bu amilin olması mümkündür. Bu, səfərin əsas məqsədi deyildir. Bu səfəri ABŞ-ın Ermənistanı dəstəkləməsi ilə məhdudlaşdırmaq doğru olmazdı. ABŞ qlobal gücdür və onun oynadığı siyasi oyunlar qlobal xarakter daşıyır. Son dövrdə dünyanın yenidənqurulması və ya yeni dünya düzəninin qurulması məsələsi trenddir. İkinci dünya müharibəsindən bugünədək ikiqütblü dünya sistemi çərçivəsində dünyaya ağalıq edən ABŞ-ın dünyada gedən dəyişikliklərdən kənarda qalması mümkün deyildir. Əksinə, onun bu məsələdə daha fəal və daha aqressiv olması gərəkdir. Yeni dünya düzəni qurulursa, deməli, dünya liberalizminin başında dayanan ABŞ imperiyası çökür. Əslində, bu proses SSRİ-nin çökməsi ilə başladı. SSRİ də liberal sistemin sol qanadı idi. Deməli, bir zaman SSRİ-ni çökdürən gücün planında vaxtı gəldikdə ABŞ-ı da çökdürmək planları vardır. Əks təqdirdə, liberal dünya düzəninə alternativ olan yeni düzənin gündəmə gəlməsi və reallaşması qeyri-mümkün olar. 

– Bəs liberal sistemə alternativ olan və yeni dünya düzənini reallaşdırmağa çalışan kimdir?    

 –   Bu, ABŞ ortaya çıxanadək dünya üzərində hegemon güc olan və dünya tradisionalizminin mərkəzi olan Böyük Britaniya Krallığıdır. O, ABŞ-ın içində respublikaçılarla birgə demokratların qarşısında yer almışdır. ABŞ içində yer alan bu dualizm bütün dünya ölkələrinin siyasi elitası daxilində də gizli və ya açıq şəkildə yer tutub. Biz bu dualizmi Türkiyənin və Rusiyanın daxilində açıq şəkildə görürük. İran, Çin kimi qapalı ölkələrdə bu dualizm qapalı şəkildə mövcuddur. Bu güclər arasında savaş pik həddə çatanda, ölkələr öz daxilindən qaynayıb-çalxalanır. Bu gün İranda baş qaldıran hadisələr buna nümunə ola bilər. 

– Son günlərdə dünyada hadisələrin daha gərgin həddə qədəm qoyduğunu müşahidə edirik. Bu, nə ilə bağlıdır?

  –  Bu hadisələr – Böyük Britaniya kraliçasının ağır xəstəlik durumu və sonra vəfatı ilə pik həddə çatdı. Bu ərəfədə saray daxilində qapalı çərçivədə gizli proseslər baş verdi və baş verməkdə davam edir. 44 günlük savaşda Azərbaycanın mövqeyini BMT-nın TŞ-da dəstəkləyən Böyük Britaniya, nədənsə, sonradan Londonda Azərbaycan Səfirliyinə təcavüz edən terrorçuların əməllərinə heç bir reaksiya vermədi.  Türkiyə ilə yaxın əməkdaşlıq edən Boris Conson birdən vəzifəsindən kənarlaşdırıldı. Kraliçanın dəfn mərasimində Böyük Britaniya ilə yaxın əməkdaşlıq əlaqələrində olan Türkiyə, Azərbaycan, Çin prezidentləri iştirak etmədilər. Britaniya ilə yaxın əlaqələrdə olan respublikaçıların nümayəndəsi Donald Tramp mərasimə dəvət almadı. Yaxud dəfn mərasiminə dəvət olunan dövlət rəhbərləri avtobuslara doldurularaq sıravi şəkildə qəbul edildi və yeni krala, sanki beyət etmək mərasiminə dəvət olundular. Bu dəfn mərasimində ABŞ  Prezidenti C. Bayden müstəsna olaraq öz qoruyucuları və xüsusi avtomobilləri ilə mərasimə qatıldı. Bu mənzərə belə təəssürat yaratdı ki, yeni Böyük Britaniya Kralı III Çarlz yeni dünyanın imperatoru, ABŞ isə onun dünyada hakimiyyətini təmin edən tək jandarm dövlətdir.

–  Bu görüntülər bizə nə deyir?

–  Nensi Pelosinin Ermənistana gələrək Azərbaycan və Türkiyəyə mesajlar göndərməsi, İranda baş qaldıran iğtişaşlar, PKK rənginə bürünən Zəngəzur-Göyçə respublikası təxribatının ortaya çıxması, Çində daxili dövlət çevrilişləri ilə bağlı məlumatların yayılması onu göstərir ki, böyük savaş başlayır. Vladimir Putin buna görə “nüvə silahını işə salacağının blef olmadığını” dilə gətirdi.

   – Türkiyə, Azərbaycan, Çin ilə əməkdaşlıq əlaqələrində olan və “bir kəmər, bir yol” layihəsində bu ölkələrlə strateji hədəfləri olan Böyük Britaniya nədən belə bir dönüş etsin? Ümumiyyətlə, bunu necə başa düşmək olar?

–  Böyük Britaniya krallığının “bir kəmər, bir yol” layihəsi çərçivəsində Türkiyə, Azərbaycan, Çin ilə böyük strateji əməkdaşlıq əlaqələri vardır. “Bir kəmər, bir yol” layihəsi Avrasiya məkanında yerləşən əksər ölkələrin iqtisadi mənafelərinə xidmət edir. Bu kəmərin əsas quru yolu Orta Asiya, Azərbaycan və Türkiyədən Avropaya uzanır. Bu xəttin əsas keçid xətləri Xəzər dənizi və Zəngəzur dəhlizidir. Rusiya və İran bu layihədə əsas rol almadıqları üçün, həm Xəzər dənizinin statusunun müəyyənləşməsinə, həm də Zəngəzur dəhlizinin açılmasına etiraz edirlər. Çin də əvvəllər xəttin türk-müsəlman ölkələrindən keçməsindən ehtiyat edirdi. Son dövrdə bunun alternativi olmadığını görüb durumla barışdı. Rusiya da Türkiyə və Azərbaycan ilə ortaq danışıqlara gedərək, Zəngəzur dəhlizinin açılmasına maraq göstərdi. Görünür, burada Türkiyə və Azərbaycan ilə ortaq maraqlar formalaşdırıldı. Görünür,  Rusiya, Türkiyə və Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində ortaq maraqlardan çıxış etmələri Böyük Britaniyanı qane etmədi. Layihəyə nəzarət Avrasiyada Böyük Britaniyanı deyil, Rusiya, Türkiyə və Azərbaycanın mövqelərini gücləndirirdi. Bu da səbəblərdən biri və əsası ola bilər.

 “Bir kəmər, bir yol” layihəsində İranın da maraqları nəzərə alınmamış deyil. Görünür, ona təklif olunanla razılaşmır. Daha doğrusu, İran daha uzunmüddətli strateji maraqlarından çıxış edərək, dəhlizi özünün milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirir. Bu səbəbdən, onun gerçəkləşməsini istəmir. Türkiyə və Azərbaycan üçün bu dəhlizin iqtisadi əhəmiyyətindən daha çox siyasi əhəmiyyəti vardır. Asiya və Avropanı birləşdirən iqtisadi və enerji xətlərinə nəzarət etmək, Türkiyə və Azərbaycanın Avrasiyada geosiyasi çəkisini artıracaq və siyasi dividendlər əldə etməsinə şərait yaradacaqdır. İran buna görə də layihəyə mane olur. İran Hindistan (və ya Çin)- İran, İran -Ermənistan- Gürcüstan- Qara dəniz xəttininin reallaşmasında daha maraqlıdır. Bu baxımdan, İran, Avrasiyanı İran-Turan qarşıdurmasına aparan xəttin gerçəkləşməsinə təkid edir.

–   ABŞ-ın bölgədə marağı nədir?

– ABŞ dünyada öz hegemonluğunu qorumaq üçün bu layihələrin  nəzarətində olmasını istəyir. Buna görə də ABŞ ən böyük səfirliklərinin birini Ərbildə, digərini Yerevanda açıbdır. ABŞ Ermənistanı və Gürcüstanı Rusiya və Türkiyənin əlindən alaraq, onları öz nəzarətinə keçirmək istəyir. O, bununla Ermənistanı və Gürcüstan vasitəsilə Qara dənizə çıxmaqla Avropaya bir yol açır, digər tərəfdən, İranı qarışdırmaqla İran Kürdüstanı, Cənubi Azərbaycanın bir qismi, Naxçıvan və Zəngəzura koridor açmaq hədəfi daşıyır. Zəngəzur-Göyçə Respublikası təxribatı və İranda üsyanın ilk qığılcımı olan öldürülmüş kürdmənşəli qadının atasına Bərzani tərəfindən başsağlığı göndərilməsi məsələsi buna işarədir. ABŞ bölgədə türk-kürd savaşını alovlandıraraq Cənubi Qafqaza qədər genişləndirmək məqsədi daşıyır. İranda baş verən hadisələr iki ssenari üzrə davam edə bilər: ya İranı parçalayaraq Suriyaya çevirmək və onun şimal bölgələrində türk-kürd qarşıdurması yaratmaq planı durur. Yaxud, İran hakimiyyətini mövcud durumdan çıxarmaq şərtini irəli sürərək, onu sanksiyalardan azad edir və Türkiyə ilə savaşa təhrik edir. Əsas məqsəd ikinci ola bilər. İranın dağılması, orada Türkiyə və Azərbaycanın dəstəyi ilə böyük bir türk dövlətinin yaranması demək olar. Bunu ABŞ və Avropa dövlətləri istəməz. Zatən, indiki klerikal rejimin 1979-cu ildə Fransadan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilməsi bu məqsədə xidmət edirdi.      

    ABŞ-ın Ermənistana dəstək verməsi və bölgəni buradan qarışdırması, Ermənistan hakimiyyətinə revanş üçün güc verir. Durumun bu şəkilə düşməsi Böyük Britaniyanın maraqlarına uyğun görünmür. Əgər elə olmasaydı, o zaman 44 günlük savaşda nədən Böyük Britaniya BMT TŞ-da Ermənistana deyil, bizə dəstək oldu? O zaman, Böyük Britaniya ABŞ-ın bölgəni nəzarətə almasına necə razılıq verə bilər?

Bu sualların cavabını vermək asan deyil. Ehtimal etmək olar ki, Böyük Britaniya Krallığının daxilində bizə məlum olmayan çox qaranlıq məsələlər dönür. Yəqin bir müddətdən sonra bəzi sirlərin üstü açılacaq. Qarşıda Türkiyədə və ABŞ-da seçkilər olacaqdır. Deməli, 2023 və 2024-cü illər çox təlatümlü keçəcəkdir. R.T. Ərdoğan 2023-cü il seçkilərində qalib gələrsə, yeni dünya düzəni Türkiyə ilə başlayacaqdır. Buna görə də, R.T. Ərdoğan Nensi Pelosinin Ermənistana gəlişini önəmsiz bir ziyarət olduğunu, Azərbaycanla bölgədə yeni planlarının olduğunu və bu planların Əliyevlə müzakirə ediləcəyini bildirdi.

Oxunma sayı 2218