Ermənilər Xocavənddə cəllad və faşist Qaregin Njdeyə heykəl qoyublar. O Njdeyə ki, “Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır” şüarı ilə çıxış edən bir faşistdir.
Prezident İlham Əliyev Aşqabad sammitində bildirmişdi: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Bu gün isə məhz Rusiya sülhməramlılarının nəzarəti altında faşistə Azərbaycan ərazisində belə bir heykəlin qoyulması hansı anlama gəlir, Azərbaycan hansı addımları atılmalıdır?
Politoloq Fikrət Sadıqov “Həftə içi”nə bildirib ki, indi faşistə heykəl qoyan erməni separatçıları ilə müharibə aparmaq fikrində deyilik, lakin qəti olaraq buna qarşı etiraz bildirilməlidir.
“Mən ermənilərin bu hərəkətini qıcıqlandırıcı addım hesab edirəm. Onlar buna münasibətimizin necə olacağını çox gözəl dərk edirlər və təxribat yaratmaq istəyirlər. Əgər ermənilər yenə kiminsə “burnunun qanamasını” istəyirlərsə, onu təşkil edə bilərik. Biz də yaxşı bilirik ki, Xocavənd Azərbaycana məxsusdur və faşist ermənilərin orda qalması müvəqqəti xarakterlidir”.
Politoloq hesab edir ki, bütün hallarda erməni özbaşınalığına qarşı susmamalı, etirazımızı bildirməliyik.
“Biz məsələni Rusiya və sülhməramlıların qarşısında qaldırıb, buna qəti şəkildə etiraz etməli və heykəlin ordan götürülməsinə nail olmalıyıq. Rus sülhməramlıları istəsəydilər, orada heç bir heykəl qoyulmazdı. Şübhə etmirəm ki, buna göz yumub, onlar üşün şərit yaradıblar. Bu qəti şəkildə yoverilməzdir”.
Millət vəkili Asim Mollazadə “Həftə içi”nə bildirib ki, bu gün beynəlxalq Holokost günüdür və ermənilərin Azərbaycan ərazisində Njdenin heykəlini ucaltması Ermənistanın faşist mahiyyətini bir daha ortaya qoyur.
“Bu gün bütün dünya, eləcə də Azərbaycan II Dünya Müharibəsində Almaniya faşizmi tərəfindən qətlə yetirilmiş yəhudiləri yad edir. Njde “SS”çi idi və o, işğal olunmuş Sovet İttifaqının ərazisində yəhudilərin və digər millətlərin kütləvi qətlində iştirak eləmiş bir cinayətkardır. Rusiya faşizmlə mübarizədə çox qurbanlar verib və bir faşistin heykəlinin Rusiyanın nəzarətində olan ərazidə ucaldılması dünyaya hörmətsizliklə yanaşı, Rusiyaya qarşı təhqirdir”.
Millət vəkili bildirib ki, artıq Rusiya nümayəndələri bu barədə fikirlərini ifadə ediblər. Onun sözlərinə görə, Njdəyə heykəl qoyulması faşizm təbliğatının real göstəricisidir.
“30 ildir ki, Azərbaycan bu faşizmin real fəaliyyəti ilə üz-üzə qalıb və bu gün bizim mübarizəmizin bir forması da faşizm ideologiyası ilə mübarizədir. Ermənilər belə heykəllər ilə öz dəyərlərini qabardırlar”.
Rusiyanın bəzi şəhərlərində də Njdenin heykəllərinin olduğunu deyən millət vəkili qeyd edib ki, əslində, orada faşizmin təbliğatı qanunvericilik baxımından qadağan olunub.
“Ola bilər ki, sülhməramlılar bunu başa düşmürlər. Amma Rusiya sülhməramlıları öz ölkələrinin qanunlarına riayət etməlidir”.
Rusiya sülhməramlılarının qanunla qadağan edilən heykəlin Azərbaycanda qurulmasına gözardı yanaşmasına gəlincə, A.Mollazadə bildirir ki, buna qarşı tədbirlər görülməli və bütün dünyanın diqqəti buna cəlb edilməlidir.
Politoloq Tofiq Abbasov isə deyir ki, Ermənistan məğlub olan bir tərəfdir və sıxıntılar içində çapalayaraq, özünün mənfur ideologiyasının simvollarını guya yaşadır və bununla Azərbaycana gözdağı verir. Politoloq hesab edir ki, ermənilərin faşistə abidə qoyması əslində onların zəifliyindən irəli gəlir.
“Bu o demək deyil ki, bu cür hallarla barışmalıyıq, xeyr. Bunların cavabı veriləcək. Uzun müddət işğala qarşı öz hazırlıqlarımızı görürdük. Bir çoxları - daxildən, xaricdən deyirdilər ki, Azərbaycan müharibə aparmaq iqtidarında deyil. Azərbaycan döyüşkən millət deyil, dünya ermənilərin arxasındadır. Əsas məsələni həll eləmişik, əsgərlərimiz düşməni məğlub edib. İndi işğaldan azad olunmuş əraziləri bərpa etməliyik və bütün dünya rayonlarımızın necə dağıdıldığını görür. Hədəflərimiz budur. Ermənilər cılız, yararsız hərəkətlərə yol verməklə bizi çaşdırmaq istəyirlər. Bütün bunların hamısı onlar üçün heç bir rol oynamayacaq. Onsuz da yararsız erməni simvollarını dağıdacağıq. Xankəndinə, Xocalıya bayrağımızı taxacağıq və hər şey yoluna düşəcək. Sadəcə, ermənilərin belə cılız oyunlarına başımızı qatmamalıyıq”.
Sülhməramlıların müşahdəsi altında belə bir heykəlin qoyulmasının anlamına gəlincə, T.Abbasov bu məsələyə hər hansı müdaxilənin edilməsinin onların səlahiyyətində olmadığını deyir:
“Sülhməramlılar orada ona görə yerləşdiriliblər ki, üz-üzə dayanan tərəflər arasında münaqişə yaranmasın. Siz deyən məsələ onların səlahiyyətinə daxil deyildir. Orada digər qaniçənlərinin də şəklini qoyublar. Bu isə onların çarəsizliyindən irəli gəlir. Bütün dünyada ermənilər xəcalətindən ölür, onlar hamıdan imdad diləyirlər. Bunların xisləti budur. Vaxtı gələndə bunların hamısına əncam çəkəcəyik”.
Tahirə Qafarlı