Ermənistanda keşiş Baqrat Srbazanın başlatdığı etiraz aksiyası kilsə və iqtidar arasındakı münasibətləri daha da kəskinləşdirib. Erməni kilsəsinin işğalı, revanşist ideyaları dəstəklədiyi heç kimə sirr deyil. Bölgədə sülh prosesinin irəlilədildiyi bir məqamda erməni revanşist keşişin başlatdığı aksiyalar müəyyən suallar doğurur. “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Cavanşir Paşazadə bir sıra maraqlı məqamlara diqqət çəkib:
- Ermənistanda keşişin rəhbərliyi ilə keçirlən etiraz aksiyalarında dinin siyasi alət olaraq ortaya atılması regionla bağlı cərəyan edən proseslərə hansısa təsir göstərə bilərmi?
- Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları regionla bağlı sülh prosesinə maneə yaratmaq üçün radikal qüvvələrə heç bir üstünlük gətirməyəcək. Daşnaksütyun partiyası vaxtilə kilsədən istifadə edərək şərləmə, işğal, qarayaxma kampaniyası aparır və digər cinayətlərlə dövlətə təsir göstərirdi. Çox təəssüflər olsun, bir çox hallarda dünyanın ən nüfuzlu din adamları belə əsl həqiqətləri görməzdən gəlib, Azərbaycana, türkə münasibətdə ədalətsiz yanaşmalar sərgiləyiblər. Aydın məsələdir ki, dinin tələbləri başqadır. Bütün dünyada din amili hərb və siyasətdən ayrı tutulur. Ermənistan üçün dinin bu mahiyyəti çoxdan itib.
Otuz il torpaqlarımız işğalda qaldığı dönəmdə kilsənin ölkəmizə qarşı revanşist siyasətini müəyyən qədər gizlətməyə çalışırdılar. Ali Baş Komandanımızın apardığı doğru, düzgün siyasət, Ordumuzun gücü, şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi və haqq öz yerini tutdu. Hər kəs görür ki, Azərbaycanın və onun liderinin apardığı siyasət dünyada qəbul olunur. Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyasına start verilib. Yüksək tribunalarda bir santimetr torpağımızın Ermənistan sərhədləri daxilində qalmasına şərait yaradılmayacağı bəyan edilir. Bunu görən düşmən və havadarları artıq siyasi, hərbi güclərini itirdikləri üçün dinə, kilsənin gücünə keçiblər. Bəşəriyyət dini qırğınları yanında görmür, tanımır. Din ədaləti, sülhü, insanları birləşdirən ruhi-mənəvi amildir. Ermənilərin revanşizmi körükləyən keşişlərinin, dindarlarının qəbul etdiyi, yaratdığı və inandığı din dünya xristianlarını təhqir edir. Erməni keşişlərinin hələ I Qarabağ savaşı dövründə boyunlarına avtomat asaraq şəkil çəkdirib paylaşmasının özü ermənilərin dinə münasibətinin bariz nümunəsidir. Bu da sübut edir ki, erməni xalqı dini ilə bərabər bölgədə sabitliyin olmasına qarşı çıxır. Burada bir deyim yerinə düşür: cinayətkarın dini olmaz. Görünür, erməni revanşistlərinin, terrorçularının başqa əlacı yoxdur, dini də yoxdur.
- Ermənistanda din adamlarının regionda bu cür gərginlik yaratmaq cəhdi digər xristian dövlətləri, din adamları tərəfindən hansı reaksiya ilə qarşılanır?
- Ermənistanda din adamlarının hakimiyyəti müharibəyə təhrik edən aksiyalarına, yaxud bundan da əvvəl avtomatla xalqı müharibəyə çağıran keşişin davranışlarına çox az diqqət yetirildi. Gəlin 30 il müddətində Ermənistanın bütün vasitələrlə Azərbaycanda törətdiyi cinayətləri görüb buna qarşı hansısa reaksiya verən dövlətlərin mövqeyini xatırlayaq. Münaqişənin tənzimlənməsi prosesində bir vasitəçi olaraq çıxış edən ATƏT-in Minsk qrupu dövlətlərinin ardıcıl bölgəyə səfərlərinə baxaq. Biz heç bir beynəlxalq təşkilatdan Ermənistanın törətdiyi cinayətlərə qarşı kəskin reaksiyasını görmədik. Minsk qrupu həmsədrləri bölgəyə hər səfərlərində tərəfləri sülhə çağırıb boş bəyanatlar verib gedirdilər. Düzdür, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etsə də, onun icrası ilə bağlı heç bir iş görülmədi. Dinin tələbləri siyasi maraqların içərisində əridi. Beynəlxalq müstəvidə bir çox dövlətlər, xüsusilə də bu münaqişədə birbaşa vasitəçi olaraq iştirak edənlər, yaxud kənardan məsələ ilə bağlı vasitəçiliyini təklif edən dövlətlər bir çox hallarda ikilistandartlı çıxışları ilə diqqət çəkdilər və status-kvonun saxlanılmasında maraqlı olduqlarını ortaya qoydular. Xristian dünyasında müsəlmanlara münasibətdə kəskin fikir ayrılığının olduğu müəyyən dönəmlərdə üzə çıxır, lakin ədaləti, haqqı heç bir güc sındıra bilməz. Biz bunu 30 ildən sonra torpaqlarımızın azad olunması, sərhədlərimizin bərpa edilməsi və müəyyənləşdirilməsi prosesində görürük.
- Erməni keşişləri saxta və hüquqi əsası olmayan iddialarla Qafqazda özlərinə “dini müttəfiqlər” toplaya bilərmi?
- Torpaqlarımızın işğalda saxlanmasına şərait yaradıldı. Xocalı soyqırımını tanımamağa çalışan dövlətləri və onların işğalçıya dəstək verməsini müşahidə etdik. O dövlətlər hələ bu gün də dindən manipulyasiya edib istifadə etməyə çalışırlar. Mən istərdim ki, müsəlman ölkələri bu məsələyə diqqət yetirsinlər. Bütün dinlər dünyada ədaləti, sülhü təbliğ etməlidir. Dini qurumlara rəhbərlik edənlərin ürəyində həqiqətən də Allah sevgisi, insan sevgisi olmalıdır. Düşünmürəm ki, erməni keşişləri bu prosesdə özlərinə müttəfiqlər tapa bilsinlər. Ermənistanda keşiş əlinə avtomat alıb xalqı müharibəyə çağırırsa, bu, təkcə Azərbaycan, müsəlmanlar üçün deyil, elə xristian dünyası və digər dinlər, bütövlükdə insanlıq üçün böyük təhlükədir, qəbuledilməz faktdır. Dinindən, irqindən asılı olmayaraq ağıllı insanlar bu reallığı, məntiqi gözəl anlayırlar. Bu, Ermənistanın gələcəyi üçün də yaxşı heç nə vəd etmir.
- “Dinlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq tədbirlərdə Ermənistanın mövcud yanaşması hansı fonda təqdim olunur, hansı təpki ilə qarşılanır?
- Dünyada sülhün, bərabərliyin təbliği ilə məşğul olan dini qurumlar var. O qurumlar ildə bir neçə dəfə toplanır. Həmin tədbirlərdə müsəlmanlar, xristianlar, katoliklər və digər dinlərin nümayəndələri iştirak edirlər. Azərbaycanda hələ 2016-cı ildə cənab Prezident tərəfindən Multikulturalizm İnstitutu yaradılıb. Bu, bölgədə, dünyada yeganə institutdur ki, dünya müsəlmanları, xristianları və digər dinlərin nümayəndələri ilə birgə dialoq aparır. Ermənistanda isə din tarixən revanşizmi, müharibəni körükləyib. Ermənistanda din adamlarının qonşu dövlətlərə qarşı müharibə çağırışları, iddiaları, hakimiyyət davası etməsi Ermənistanın dinlərarası dialoqa gəlmədiyini, yalnız öz revanşist maraqları ilə çıxış etdiyini göstərir. Ermənistan dinlərarası dialoqa dəvət olunmalı və ona dindən öz mahiyyətinə uyğun istifadə edilməsi öyrədilməlidir. Bu prosesdə, birinci növbədə, elə xristianların özləri təşəbbüskar olmalıdırlar. Yəni Ermənistana keşişlərin, din adamlarının hansı səbəbdən əlinə silah alıb, insanları hansı haqla müharibəyə çağırmasının hesabı çəkilməlidir.
- Qazaxın 4 kəndinin azad olunması ilə dövlət sərhədləri də müəyyənləşir. Ermənistanda keşişin “hakimiyyət davası” bu prosesə hansısa maneəni yarada bilər?
– Qazaxın 4 kəndinin azad olunması ərəfəsində Ermənistan baş naziri sərhəd bölgələrində oldu. O, əlində xəritələrlə orada yaşayan insanlara erməni torpaqlarının bir millimetrinin də Azərbaycana verilmədiyinə and içdi. Bu faktın özü həmin torpaqların Azərbaycanın olmasına haqq qazandırmaq idi.
- İrəvandakı etiraz aksiyaları fonunda Zəngəzur dəhlizinin açılması perspektivləri nə dərəcədədir?
- Ermənistan da yaxşı başa düşür ki, Zəngəzur yolu açılmasa, bölgədə sülhün bərpası mümkün deyil. Bu məsələ qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətdə də mühüm yerdə dayanır. Rəcəb Tayyib Ərdoğan çıxışında “Zəngəzur dəhlizi açılarsa, Türkiyə Ermənistanla yolları açmağa hazırdır”, – dedi. Ümumi məqsədimiz bölgədə logistikanın dünyaya açılmasıdır. Avropa bazarı, artıq Azərbaycanın üstündən keçib Xəzər dənizindən 5 türk dövlətinə yayılan xətlərlə genişlənəcək. Bəzi güclü dövlətlər nə yolla olur-olsun gərginlik yaratmaqla bu əlaqənin, yolun çəkilməsinə maneçilik törətməyə çalışırlar. Bizim dövlət başçımızın apardığı uğurlu siyasət onlara bu şəraiti yaratmayacaq.
- Fransa ilə erməni kilsəsi arasında hansısa əlaqə varmı?
- Fransa və regionda maraqlı olan bəzi dövlətlər Azərbaycanın bu bölgədə güclənməsini, logistik mərkəz olaraq dünyaya çıxışını həzm edə bilmirlər. Digər tərəfdən, Azərbaycan kiçik dövlət olsa da, apardığı böyük siyasətin dost və digər dünya ölkələrində hörmətlə qarşılanması, Avropa bazarına şərik olması Fransaya sərf eləmir. Fransanın saxta din siyasəti ilə Ermənistanın din siyasəti uyğun gəlir. Ermənistan kilsəsi Fransadan gələn tapşırıqlarla hərəkət edir. Görünür ki, Ermənistanın daxili siyasətində hökumət kilsəyə dəstək vermir. Kilsəni yönəldən Fransanın oradakı dini rəhbərləridir.