Ermənilərin azad edilməsi təzyiq nəticəsində olmayıb - Deputat

14:17 16.01.2026
Yazını böyüt
Yazını kiçilt

“Rusiyaya bağlı media, eləcə də siyasətçilər Azərbaycanın 4 məhkumu Ermənistana təhvil verməsini, qonşu ölkəyə neft məhsullarının satılmasının artıq davamlı ticarət əlaqəsi xarakteri almasını, Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəsmi İrəvanın konstruktiv siyasət yeritməsi haqda son açıqlamasını qarşıdakı parlament seçkisində Nikol Paşinyanın dəstəklənməsi kimi qiymətləndirirlər. Bu, bir tərəfdən qərəzli, digər tərəfdən bəsit yanaşmadır”.

Bu barədə Hafta.az-a deputat Sahib Alıyev son vaxtlar Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi və erməni məhkumların azad olunması ilə bağlı daxildə və xaricdə yaranan isti müzakirələrlə bağlı açıqlamasında deyib.

Deputat ilk növbədə qeyd edib ki, Azərbaycanın atdığı addımlar Nikol Paşinyanın reytinqinin artmasına yox, bu regionda sülhdə maraqlı olmayan dövlətlərin təsirlərinin zəifləməsinə yönəlib:

"“Güclü, həm də humanist” - prinsipindən çıxış edən Azərbaycan, həm beynəlxalq auditoriyaya, həm də hay toplumuna sülh təşəbbüsünü özü irəli sürdüyü kimi, onu sözdən, sənəddən əmələ çevirənin də məhz özü olduğunu başa salır. Yəni bu, əslində, güc göstərmənin yumşaq metodudur. Çünki Ermənistana neft məhsullarının satılması kimi, Qarabağdakı hərbi xuntanın başında duranlardan bir çox baxımdan fərqlənən4 hayın həbsdən azad edilməsi də təzyiq nəticəsində olmayıb. Bu, etimad quruculuğuna xidmət edən, sülh prosesini irəli aparan və onu əngəlləməyə çalışanların da əl-qolunu bağlayan addımlardır”.

S.Alıyev qeyd edib ki, beynəlxalq auditoriya, eləcə də hay toplumu özü də aydın görür ki, Birinci Qarabağ savaşında məhz bu regionda qarşıdurmada maraqlı olanların yaxından dəstəyi ilə üstün mövqe qazanan Ermənistan ələ keçirdiyi şəhər və kəndlərimizi darmadağın etdi və bizə qarşı düşmənçilik siyasətini daha da gücləndirdiyi halda, Azərbaycan tam fərqli addımlar atdı:

““Ermənistanın blokadası” kimi təqdim edilən məhdudiyyətləri nəinki aradan qaldırır, ona tranzit ölkəyə çevrilmək, müstəqil siyasət yeritmək şansı yaradır, enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayır. Onlardan fərqli olaraq təkəbbürlü və aşağılayıcı davranışlara yol vermir. Yəni sözün hər anlamında böyüklüyünü göstərir. Və bütün bunlar həm də onun üçündür ki, Ermənistandakı toplum yaxşı-yaxşı götür-qoy etsin: onlara nə və kimlə əlaqələr qurması sərfəlidir. Özlərindən hər baxımdan qat-qat güclü olan Azərbaycan və Türkiyə ilə düşmənçilik narrativindən çıxış edənlərmi, yoxsa reallığı düzgün qiymətləndirərək praqmatik siyasət yeritməyə üstünlük verənlərmi…Yəni burada məqsəd Ermənistan hakimiyyətini dəstəkləmək deyil, sülh gündəliyinin, normallaşma prosesinin önəmliliyini, qarşılıqlı fayda və əmin-amanlıq baxımından hər iki tərəf üçün alternativsizliyini anlamayanlara da anlatmaqdır”.

Tahirə Qafarlı