“Ermənistanda konstitusiya dəyişikliyi və delimitasiya-demarkasiya prosesi ilə bağlı hansı prinsiplərin əsas götürülməsi sülh sazişi mətnindən çıxarılıb ayrıca müzakirə oluna bilməz. Çünki bu iki bənd Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün vacib, bir nömrəli məsələlərdir. Ona görə də Ermənistan tərəfinin nə deməsindən asılı olmayaraq, razılaşdırılmış məsələlərin çoxluğu, razılaşdırılmayan məsələlərin vacibliyi səbəbindən sülh sazişinin imzalanmasına imkan vermir”.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov bildirib.
Politoloq son dövrlərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı əldə olunan razılaşmalarla bağlı ilkin məlumatların Ermənistan mətbuatında yer almasına təəssüflə yanaşıb. O, bu istiqamətdə ilk məlumatların Azərbaycandan verilməsini daha məqbul və məqsədəuyğun hesab edərək, bunu daha etibarlı mənbə kimi dəyərləndirib.

R.Bayramov eyni zamanda bildirib ki, sülh sazişi ilə bağlı razılaşdırılmış məsələlər bir neçə mərhələdə müzakirə olunaraq əldə olunub. Onun sözlərinə görə, hətta sülh mətni 99 faiz razılaşdırılacağı halda əsas 2 bəndlə bağlı razılaşmanın olmaması sülh sazişinin imzalanmasını mümükünsüz edir.
“Həmin 2 bənddə yer alan məsələlərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan torpaq iddiasının haqlı olaraq çıxarılması tələbidir. Çünki bu dəyişiklik olmadan sülh sazişinin bağlanması mümkün deyil. Ermənistan bu məsələni başqa bir formada təqdim etməyə cəhd göstərir. Amma həqiqətən də Ermənistan konstitusiyasında ərazi iddiaları mövcuddur və istənilən situasiyada Azərbaycana qarşı istifadə edilib”.
Ekspert bu fonda faktlara diqqət çəkib: “Hələ Robert Köçəryan Ermənistan prezidenti olanda cəmi bir il idi ki, Ermənistanda yaşayırdı. Köçəryan Ermənistan prezidentliyinə namizədliyini verəndə buna qarşı etiraz edildi və bildirildi ki, prezidentliyə namizəd ən azı 5 il Ermənistanda yaşamalı və vətəndaşı olmalıdır. O zaman Ermənistan Konstitusiya Məhkəməsi belə bir arayış verdi ki, konstitusiyada Qarabağ Ermənistanın tərkib hissəsi kimi göstərildiyi üçün Köçəryanın Ermənistanın prezidentliyinə namizəd kimi irəli sürülməsinə hüquqi əsas var. Nəticə etibarilə Köçəryanı prezident seçdilər. Ona görə də indi bu məsələ konstitusiyadan çxarılmayacağı halda bir müddət sonra yenidən həmin müddəaya istinad edib sülh sazişini bir kənara ata bilərlər. Ona görə də biz müvafiq müddəanın konstitusiyadan çıxarılmasını tələb edirik”.
Politoloq digər mübahisəli məsələnin delimitasiya-demarkasiya prosesinin hansı əsasla aparılması ilə bağlı olduğunu deyib.
“Azərbaycanla Ermənistan arasında delimitasiya-demarkasiya komissiyası yarananda sərhədlərin müəyyənləşməsi başlanğıc olaraq Almatı bəyannaməsi əsasında müəyyənləşib. Orada qeyd olunur ki, sülh sazişində nə əsas götürüləcəkdisə sonradan delimitasiya-demarkasiya prosesi də həmin əsasla aparılacaq. Azərbaycan tərəfi haqlı olaraq bildirir ki, Almatı bəyannaməsi sərhədlərin dəqiq xəritəsini, hətta rəqəm ifadəsi ilə ölkələrin ərazi vahidini ehtiva etmədiyinə görə bu bəyannamə ilə delimitasiya-demarkasiya aparıla bilməz. Onun üçün də müxtəlif dövrlərin xəritələrinən istifadə edilməlidir. Ermənistan tərəfi də bundan imtina edir ki, bu bəndlərdə razılaşma yoxdur”.
Politoloq digər bir məsələnin Zəngəzur dəhlizi və nəqliyyat xətlərinin blokadadan çıxarılması ilə bağlı olduğunu deyib. O, qeyd edib ki, bu, hər iki tərəfin razılığı ilə sülh sazişi mətindən çıxarıldı və ayrıca müzakirəyə verildi.