“Ermənistanın silahlanması Azərbaycan, region üçün təhlükədir” - Şair Ramaldanov

18:33 02.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İşğalçı Ermənistan məğlubiyyətə uğrasa da, müharibə istəyindən əl çəkməyib. 2020-ci ildə üçtərəfli sazişə əsasən atəşkəsin əldə olunması ilə bağlı razılıq əldə olunsa da, Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirmir. Bəyannamədə nəzərdə tutulmuş sülhün imzalanmasından qaçır”.

Bu barədə hafta.az-a hərbi ekspert Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Avropa və Qərbdəki müəyyən qüvvələr revanşist qüvvələri Ermənistanda aktiv fazada saxlayırsa, erməni hakimiyyəti revanşistlərlə mübarizə aparmırsa, öhdəliklər yerinə yetirilmirsə və ABŞ, Fransa, Yunanıstan, Hindistan tərəfindən silahlanırsa, erməni müdafiə naziri artıq Cənubi Koreya, Yaponiyaya qədər səfər edib hərbi əməkdaşlıq müqavilələri bağlanırsa, deməli müharibə riski qalır.

Ş.Ramaldanov bütün bunların Azərbaycanın maraqlarına zidd olduğunu qeyd edib.

Ekspert Qərb və digər qüvvələrin Ermənistanı silahlandırması faktı ilə bağlı məlumatları önə çəkərək, Rusiyadan alınan 300 milyonluq silah-sursatın guya Avropa Birliyinə satılmasına diqqət çəkib. O, Ermənistanın dövlət büdcəsinin, iqtisadi vəziyyətin aşağı həddə olduğunu vurğulayaraq, ermənilərin digər sahələrə ayrılan vəsaitlərin də silah alınmasına sərf edildiyini qeyd edib. Eləcə də Ermənistana xarici maliyyə yardımları adı ilə vəsait ayrıldığını vurğulayıb.

“ABŞ-dan QHT-lərə milyonlarla maliyyə yardımları ayrıldı. ABŞ bu yardımların həcminin bu il 2 dəfə çoxaldaraq 250 milyona qaldırıb. Balaca bir Ermənistanda QHT-lərə 250 milyonun ayrılmasının hansı məqsəd daşıdığı aydındır. Beləliklə, ikilistandartlar olan dünyada balaca Ermənistanın bu qədər silahlandırması o qədər çətin deyil.

Ermənistanı silahlandıran qüvvələrin məqsədi regionda öz maraqlarını təmin etməkdir. Onlar bunu regionda Rusiyanın maraqlarını daraldıb öz maraqlarını genişləndirmək niyyəti ilə edir. Bilirik ki, Rusiya Cənubi Qafqazdan əl çəkməyəcək. Belə olduğu halda təhlükə artacaq və bu qarşıdurmaya apara bilər. Bəziləri bunu ikinci Ukrayna cəbhəsi aldandırırlar. Bu proses Azərbaycana qarşı olacaq. Ermənistan havadarlarının təzyiqi və yaxud sifarişi əsasında təxribata əl ata bilər. Bunun arxasında maraqlı qüvvələr durur”.

Ekspert qeyd edib ki, Azərbaycan Ermənistanın təxribatlarını cavabsız qoymayacaq. Belə olan halda beynəlxalq institutlar işləməyə başlayacaq və qərarlarını ikilistandartları nəzərə alaraq qəbul edəcəklər.

Ş.Ramaldanov hesab edir ki, belə bir fonda Avropa və Qərbdə Azərbaycana qarşı qəbul olunan qərarlar Avropa ittifaqının, ABŞ-ın addımlarını qanuni çərçivəyə salmaq üçündür.

“Maraqlı olan qüvvələr İrana, Rusiyaya dost olmayan ölkələrdir. Proseslər belə inkişaf edərsə regionu qarışıqlıq gözləyir. Çünki bu regionda böyük layihələr hazırlanıb. Orta Dəhlizdə böyük ölkələrin maraqları var. Logistika region ölkələri üçün imkanları genişləndirir. Maraqlı qüvvələr logistik dəhlizdən öz maraqlarını təmin etmək üçün Ermənistandan istifadə edirlər”.
Bütün cərəyan edən proseslərin fonunda Ş.Ramaldanov Avropa İttifaqının müşahidə missiyasını balaca hərbi baza adlandırıb. Onun sözlərinə görə, məqsədləri cəmiyyəti Rusiyaya qarşı hazırlamaq, qonşu İranın kəşfiyyatını araşdırmaqdır”.
Ekspert Ermənistanın silahlanmasının Azərbaycan, region üçün təhlükə olduğunu deyib. Onun fikrincə, Ermənistanı silahlandıranlar Azərbaycana qarşı hərbi təxribatları da sifariş edə bilərlər. Proseslər bu formada təhlükə çətiri altında inkişaf edir.

“Prezident bununla bağlı öz mesajını verib və bəyan edib ki, istər revanşistlər, istər Ermənistan və havadarları tərəfindən Azərbaycana qarşı hər hansı addım atılarsa dərhal cavabı veriləcək”.