Ermənistan–Rusiya gərginliyi oyundur - Tofiq Zülfüqarov

12:10 29.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə Qazax rayonunun işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması prosesi, ümumiyyətlə, Azərbaycan–Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesinin gələcəyi, Azərbaycan Prezidentinin Rusiyaya son səfəri və Vladimir Putinlə görüşlərinin nəticələri, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 12 illik fasilədən sonra İraqa səfəri, Paşinyanın Rusiya lideri Putinin  mayın 7-dəki andiçmə mərasiminə qatılacağı və həm də 9 May qələbə paradında  iştirak edəcəyi halda, Qərbin Ermənistana qarşı mövqeyinin dəyişib-dəyişməyəcəyi və s. mövzuları müzakirə etməyə çalışdıq.

– Sizin də gözünüz aydın olsun, artıq Azərbaycan–Ermənistan sərhədinin Qazax rayonundakı hissəsində ilk sərhəd dirəkləri qoyuldu... Sizcə, bir qrup erməni əhalinin etirazlarına, rusiyameyilli sayılan müxalifətin Baş nazir Paşinyana qarşı bütün təzyiqlərinə rəğmən Qazax rayonunun işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması prosesi uğurla başa çatacaqmı?

– Qazağın bəhs etdiyiniz 4 kəndinin  yaxın müddətdə tam şəkildə Azərbaycana qaytarılacağına qətiyyən şübhəm yoxdur. Qismən də olsa, hesab edirəm, Paşinyanın da bu məsələlərdə əli var..

– Yəni hesab edirsiniz ki, Qazax kəndləri ilə bağlı yaranmış gərginlikdə Paşinyanın əli var?

–    Ermənilər daim göstərmək istəyirlər ki, qanunauyğun olan istənilən addım Ermənistan cəmiyyəti tərəfindən qəzəblə qarşılanır. Yəni onlar son illər tez-tez bu metoddan istifadə edirlər. Məsələn, vaxtilə deyirdilər ki, filan rayonu Azərbaycana qaytarsaq, Ermənistanda qan su yerinə axacaq, filan olacaq... İndi 4 kəndlə də bağlı oxşar oyun oynamağa çalışırlar. Belə oyunlar, artıq keçməz. Ermənilər özləri də yaxşı başa düşürlər ki, hazırda Ermənistanın bu 4 kəndə görə Azərbaycanla müharibə aparmaq üçün imkanı, resursu yoxdur...

Digər tərəfdən, hesab edirəm, sərhədlərlə bağlı hazırkı proseslərdə məntiqi bir ziddiyyət var. Ermənistan, guya, sərhədləri1991-ci ildəki Alma-Atı deklarasiyasına uyğun olaraq müəyyən etmək istəyir. Həmin deklarasiyada göstərilən inzibati sərhədlər çərçivəsində də bəhs edilən 4 kənd də Azərbaycanın tərkibində olub. İndi də deyirlər ki, yox, biz bu kəndləri qaytarmaq istəmirik. Ona görə də mən bu kəndlər ətrafındakı proseslərə bir şou kimi baxıram və heç də etiraz edən ermənilərin səmimiliyinə inanmıram. Ola bilsin, aralarında ağılsızları var. Bir az ağlı başında olan ermənilər başa düşürlər ki, ya biz sərhəd istəməliyik, ya da o  kəndlər uğrunda vuruşmalıyıq – vurşmağa isə gücümüz yoxdur...

Yeri gəlmişkən, bəzi məsələlərə bir daha aydınlıq gətirməliyik. Azərbaycan son illər daim bəyan edib ki, o, 1991-ci il Alma-Atı deklarasiyasının prinsiplərinə sadiqdir. Yəni gələcəkdə SSRİ dövründəki son administrativ sərhədlər əsasında Ermənistanla sərhədləri müəyyənləşdirməyə hazırdır. Ermənistanla məsələ daha da mürəkkəbdir. 1991-ci ilin dekabrında – SSRİ dağılan ərəfədə Azərbaycan-Ermənistan sərhədləri hüquqi cəhətdən yox idi. Ona görə ki, Ermənistan hökuməti hələ 1989-cu ildə keçmiş Dağlıq Qarabağ ərazisinin özünə birləşdirilməsi haqda qərar qəbul etmişdi və deməli, sözügedən sərhədlərdən imtina etmişdilər. Hələ də bu qərar Ermənistan parlamenti tərəfindən ləğv edilmədiyindən, hüquqi cəhətdən qüvvədədir. Odur ki, bizim hələ sərhədləri hansı ilə uyğun müəyyən etməyimiz sual altındadır...

Azərbaycan mediasında son vaxtlar tez-tez yanlış bir ifadə də işlənilir: “Ermənistanla sərhədlər Alma-Atı deklarasiyasının prinsiplərinə uyğun müəyyənləşməlidir”. Bunu deyənlər anlamır ki, axı o sənəddə iki ölkə arasında konkret xəritələr üzrə sərhədlər qeyd olunmayıb, orada sadəcə prinsiplər müəyyən edilib. Ermənistan həmin prinsipləri pozub. Ona görə də belə düşünürəm ki, hələ sərhədlərlə bağlı çətin danışıqlar gələcəkdə olacaq. Azərbaycan isə belə bir mövqe ortalığa qoyub ki, biz öz sərhədlərimizi sovet dövrünün müxtəlif illərinə aid xəritələr üzrə dəqiqləşdirmələr aparmaqla müəyyənləşdirəcəyik. Pasinyan ötən illər deyirdi ki, gəlin sərhədləri SSRİ ordusu Baş Qərargahının 1975-ci ilə aid xəritələri üzrə müəyyən edək. Onda gəlin biz də deyək ki, sərhədləri  1920-ci ilin xəritələrinə uyğun müəyyənləşdirək. Belə olan halda, ermənilər bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər... Yəni görün, sovet dövründə qanunsuz olaraq Ermənistana peşkəş edilmiş Zəngəzur, Göyçə, Basarkeçər və s. kimi tarixi torpaqlarımızda neçə kəndimiz, şəhərimiz olub?..

– Sizcə, Paşinyan Rusiya lideri Putinin  mayın 7-dəki andiçmə mərasiminə qatılacağı və həm də 9 may qələbə paradında  iştirak edəcəyi halda Qərbin Ermənistana qarşı mövqeyi dəyişəcəkmi?

–    Bilirsiniz, Qərb də yaxşı bilir ki, son illərin Ermənistan-Rusiya gərginliyi real deyil, sadəcə, bir görüntüdür. Hamı başa düşür ki, Kreml Paşinyanı devirmək istəsə, çox asanlıqla devirə bilər. Yadınızdadırsa, 2021-ci ildə Ermənistanda “generalların qiyamı” məsələsi baş qaldırmışdı və Lavrov bir bəyanat verməklə məsələ həll olundu... Yəni bu baxımdan gəlin, bu oyunlara uymayaq. Paşinyan deyir ki, KTMT-dən çıxıram, Avrasiya İqtisadi İttifaqından çıxıram. Özü də  KTMT-yə qarşı maraqlı ittihamlar irəli sürür. Məsələn, deyir ki, Ermənistanı hücumdan qorumadınız. Buna deyən lazımdır ki, sən bu tələbi niyə öncə Rusiya qarşısında qoymursan, axı sənin o dövlətlə birbaşa hərbi müttəfiqlik haqqında sazişin var. Guya müstəqil olan Ermənistanın hava hücumundan müdafiə sistemi bugünədək Moskvadan idarə olunur. Ermənistanın Gürcüstan istisna olmaqla,  İran, Türkiyə, o cümlədən Azərbaycanla xeyli sərhədlərini 30 ildən çoxdur ki, Rusiya qoşunları qoruyur. Paşinyan isə o boyda sərhədləri qoyub yalnız “Zvartnots” aeroportundakı  20-25 nəfər rus sərhədçiyə “ilişib”. Əslində, müstəqil dövlət üçün böyük biabırçılıqdır; sən 33 ildir,  müstəqil dövlət sayılırsan, amma sənin hava limanında qonaqlarının qarşısına Rusiya sərhədçisi – “FSB” əməkdaşları çıxır. Yaxşı, tutaq ki, “Zvartnots”dan Rusiya sərhədçiləri çıxdı. Bəs elə həmin mülki aeroportla yan-yana hərbi aeorodromdakı Rusiya aviabazasını nə edəcəksən? Orada 18 rus hərbi təyyarəsi və onlarla vertolot var. Heç bundan danışan yoxdur...

Bütün bunlar da sübut edir ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik bir görüntüdür, bir oyundur. Bilirsiniz, niyə oyun oynanılır? Hazırda Rusiyanın Ermənistana maliyyə baxımından kömək etmək imkanı yoxdur. Ona  görə də Paşinyanın boynuna bu oyunu qoyublar ki, get Qərbdən, ABŞ-dan, Fransadan nə qopara bilirsənsə, qopar. Yəni məsələnin mahiyyəti bundan ibarətdir. Odur ki, Paşinyan Putinin andiçmə mərasimində də, ola bilsin, Qələbə paradında da çəkinmədən iştirak edəcək, heç bir problem də olmayacaq, bundan sonra da onu nə Rusiya, nə də Qərb devirməcək...

Bugünədək Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir... Məsələn, 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə Rusiya hərbçiləri haradan peyda oldu? Paşinyanın qərarı, icazəsi ilə onlar 2021-ci ildən gətirillib  və 4 mövqedə yerləşdiriliblər...

Bir sözlə, gəlin, biz Rusiya ilə Ermənistanın teatrına inanmayaq. Mən şəxsən inanmıram. Azərbaycan mediası da gecə-gündüz yazır ki, ay haray, Putin Paşinyanı cəzalandıracaq.  Bəs 6 ildir, cəzalandırırlarsa, niyə Paşinyan hələ də postundadır və heç nə olmayıb ona?..

– Azərbaycan Prezidentinin Rusiyaya son səfəri və Vladimir Putinlə görüşlərinin nəticələrini necə dəyərləndirirsiniz?

–    İlham Əliyevin son Moskva səfərini və Rusiya lideri V.Putinlə görüşlərinin nəticələrini müsbət dəyərləndirirəm. Hesab edirəm, çox uğurlu səfər oldu. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, onun ərazisində artıq Rusiya sülhməramlıları da çıxandan sonra, ümumiyyətlə, Rusiya qoşunları yoxdur. Neçə illərdir Gürcüstan da, son illər Ermənistan da deyir ki, biz qərbmeyilli dövlətik. Göz qabağındadır ki, son 3 ildə ermənilərlə münaqişə zonasında sülhməramlıların olmasını istisna etsək, Azərbaycanın ərazisində heç bir xarici ölkə bazası, sırf hərbi kontingenti olmadığından o, tam müstəqil bir dövlətdir və öz milli maraqlarına uyğun siyasətini həyata keçirə bilir. Bu səfər də  həmin  uğurlu siyasətin  davamıdır...

Onu da deyim ki, artıq bir sıra beynəlxalq dairələr Azərbaycanın regionda öz müstəqil siyasətini yeridən dövlət olduğunu qəbul etməkdədirlər. Bu günlərdə “Frans-press” agentliyinin müxbiri məndən müsahibə götürərkən belə bir fikir işlətdi: “Azərbaycan yeganə dövlətdir ki, indiki çox mürəkkəb  və ziddiyyətli bir geosiyasi durumda öz məqsədlərinə nail ola bilir”. Yəni göz önündədir ki, Ukrayna kimi ərazi və əhalicə böyük bir Avropa dövləti Qərbin, ABŞ-nin ciddi dəstəyinə də rəğmən Rusiyaya qarşı savaşda öz məqsədlərinə nail ola, ərazi bütövlüyünü bərpa edə bilmir. Azərbaycan bu gün Rusiyanın qonşuluğunda NATO üzvü olan Türkiyə ilə faktiki hərbi müttəfiqdir. Buna baxmayaraq, təhlükəsilzik sistemini elə qurub ki,  nə Rusiya, nə də İran burada özü üçün bir təhlükə görür. Bununla belə, mən ona da əminəm ki, gələcəkdə türk dövlətləri arasında güclü bir hərbi təşkilat da yaranacaq...

O da diqqətəlayiqdir ki, Azərbaycan liderinin Rusiya prezidenti ilə görüşü zamanı “təhlükəsizlik”, “təhlükəsizlik arxitekturası” ifadələrindən də istifadə olunub. Bütün bu deyilənləri nəzərə alsaq, Prezident İlham Əliyevin budəfəki Moskva səfəri ölkəmizin gələcəyi üçün yetərincə əhəmiyyətli hesab olunur...

– Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 12 illik fasilədən sonra İraqa səfəri və Bağdadda əldə etdiyi razılaşmalar region, o cümlədən Azərbaycan üçün  hansı faydalar gətirəcək?

–    Ərdoğanın Bağdad səfəri də kifayət qədər əhəmiyyətli səfər idi. Anlamalıyıq ki, İraq bir dövlət olaraq qalmaqdadır. Biz isə görürük ki, həmin dövlətin tərkibində, ən azı, konfederativ əlaqələrdə olan komponentlər var; kürd avtonomiyası, şiələrin yaşadığı və əksəriyyət təşkil edən sünnilərin yaşadığı bölgələr. Onların arasında, belə deyək, vahid dövləti xarakterizə edən elementlər hələ də tam şəkildə qüvvəyə minməyib. Yəni Bağdaddakı administrasiya müxtəlif bölgələri heç də tam şəkildə idarə edə bilmir. Bu, Türkiyə ilə qonşu olan bu dövlətdə faktiki olan bir vəziyyətdir. Bu vəziyyəti nəzərə alaraq, Türkiyənin İraqla bağlı siyasəti çox mürəkkəbdir. Hamımız başa düşməliyik ki, qardaş ölkənin bu dövlətlə əlaqələri, eləcə də onun daxilində gedən proseslərlə bağlılığı çox vacibdir. Bu mənada, Türkiyə Cümhurbaşqanının da xeyli fasilədən sonra İraqa səfəri çox vacib olmaqla yeni əlaqələrin bünövrəsini qoyur...

Mediadan da məlum olur ki, Ərdoğanın Bağdaddakı görüşləri çox yüksək səviyyədə keçib. Belə səfərlərdə Türkiyə dövlətinin əsas məqsədi öz daxilindəki təhlükəsizlik konstruksiyasını gücləndirməkdir.  Türkiyənin düşmənləri də qonşu dövlətlərin, o cümlədən İraqın daxilindəki problemlərdən qardaş ölkəyə qarşı geniş surətdə istifadə edirlər. Odur ki, Türkiyə onillərdir, belə məsələlərin həllinə daim diqqət yetirməkdədir.  Hələ Səddam Hüseynin vaxtında Türkiyənin İraqın bəzi bölgələrindəki terrorçulara qarşı əməliyyatlar həyata keçirirdi. Bir sözlə, Türkiyə–İraq münasibətlərinin uzun tarixi var və hesab edirəm ki, indiki mərhələdə Ərdoğanın bu səfəri uğurlu olmaqla bir çox məsələlərə aydınlıq gətirib...