İranda hər hansı məcburi xarici hərbi müdaxilə ölkənin parçalanmasına səbəb ola bilər. Bu vəziyyət regional qeyri-sabitlik, miqrasiya dalğaları, terrorizmin yenidən güclənməsi və xarici müdaxilələrlə nəticələnər.
Hafta.az xəbər verir ki, bu barədə danışan Fransanın xarici işlər naziri Jan-Noel Barro Berlində keçirilən “Europa 2026” konfransında almaniyalı həmkarı Yohann Vadeful ilə birlikdə çıxışı zamanı Fransanın əsas prioritetlərini də açıqlayıb:
“Bu prioritetlər regiondakı vətəndaşlarımızın və aktivlərimizin təhlükəsizliyi, tərəfdaşlarımızın qorunması və Hörmüz boğazında naviqasiya azadlığının bərpasıdır. Livan məsələsi də gündəlikdə əsas yer tutur”.
Hörmüz boğazı ilə bağlı Baro beynəlxalq naviqasiya təhlükəsizliyi missiyasının yaradılmasını təklif edib. O bildirib ki, bu təşəbbüs Qırmızı dənizdə fəaliyyət göstərən Avropa ASPIDES missiyasına bənzər şəkildə həyata keçirilə bilər. Bu missiya iki il ərzində 600-dən çox gəminin təhlükəsiz keçidini təmin edib.
Fransanın xarici işlər naziri ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlmiş təhdidlərinə də toxunub. Bildirib ki, Vaşinqtonun Avropa ölkələrinin hərbi xərclərini artırması ilə bağlı təzyiqləri əslində bir imkandır. Onun fikrincə, bu, NATO daxilində Avropanın rolunun gücləndirilməsi və alyansın daha çox avropalaşdırılması üçün şərait yaradır.