Fransadakı türklər yaşadıqları ayrı-seçkiliklə bağlı toplantı keçiriblər

10:34 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Parisdəki Baş Konsulluğunda keçirilən görüşdə QHT nümayəndələri burada yaşayan əhalinin müsəlman və türk ayrıseçkiliyinə məruz qalması, ibadət və təhsildəki çətinliklər, keçən il məscidlərə yazılan anti-müsəlman yazılarına toxunub.

Hafta.az-ın yazdığına görə, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Araşdırma Komissiyasının sədri, AKP Osmaniyə millət vəkili Dərya Yanık toplantıda çıxışı zamanı deyib: “Vətəndaşlarımız harada olursa olsunlar, onların yanında olmaq və dəstəkləmək Türkiyə olaraq əsas öhdəliklərimizdən biridir" deyib.

Yanık burada yaşayan türklərin əsas insan haqlarının qorunmasının vacibliyini vurğulayıb.

CHP Şanlıurfa millət vəkili Mahmud Tanal da Avropada marjinallaşmanın olduğuna, din və vicdan azadlığı baxımından hüquq pozuntularının olduğuna diqqət çəkərək, bunların bitməsini arzulayıb.

Yığıncaqdan sonra AA müxbirinə danışan Yanık, bir komissiya olaraq müsəlmanların İslamofobik hesab etdikləri bəzi tətbiqlərin araşdırılmasına əhəmiyyət verdiklərini söyləyib.

Fransada yaşayan türk və müsəlman əhalinin üzləşdiyi problemlərin həllinə töhfə vermək istədiklərini bildirən Yanık deyib: “Türkiyə olaraq bunu hər zaman ən yüksək səslə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın simasında ifadə etmişik: Türkiyə vətəndaşları və ya etnik olaraq "Türk mənşəli insanların ictimai iştirak, siyasi iştirak, iqtisadi iştirak və yaşadıqları ölkələrə töhfə verməsi bizim üçün son dərəcə əhəmiyyətlidir".

Yanık son illər Qərb ölkələrində müsəlmanlara qarşı əhval-ruhiyyənin artdığına diqqət çəkib və bundan narahatlığını dilə gətirib.

Dünyanın gələcəyinin bəşəriyyətin ortaq rifahından asılı olduğunu ifadə edən Yanık, bu çərçivədə yaşanan şikayətlərə biganə qala bilməyəcəklərini vurğulayaraq, “Dövlət hakimiyyətinin müsəlmanlara münasibəti bizim də müsəlmanlara qarşı münasibətimizdir” deyib.

Görüşdə Türkiyənin Parisdəki səfiri Yunus Dəmirər, Türkiyənin Parisdəki baş konsulu Sərdar Beləntəpə, İslamofobiya və İrqçilik Araşdırma Alt Komitəsinin sədri, AKP İstanbul millət vəkili Adəm Yıldırım, AKP Adıyaman millət vəkili Mustafa Alkayış və MHP İsparta millət vəkili Həsən Bəsri Sönməz də iştirak edib.