Gəlir də, inflyasiya da artır

16:48 28.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycanda əhalinin gəlirləri 13.8 faiz, qiymətlər isə 10.9 faiz artıb. Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 18.3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu da illik müqayisədə 13.8 faiz artımdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 5 717.2 manat təşkil etməklə illik müqayisədə 13.1 faiz artıb.

Yeri gəlmişkən, 2023-cü ilin ilk 9 ayında ölkəmizdə illik inflyasiya 10.9 faiz təşkil edib. Ərzaq inflyasiyası isə 12.4 faiz olub. Göründüyü kimi əhalinin nominal gəlirlərindəki artımın böyük hissəsini inflyasiya “yeyir”. Maraqlıdır, görəsən, bu proses nə vaxta kimi davam edəcək? Hökümətin bu istiqamətdə ata biləcəyi addımlar nədən ibarətdir?

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə orta illik inflyasiyanın 9,5 faiz olacağı proqnozlaşdırılıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib. Qeyd edilib ki, 2024-cü ildə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir: "İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir”.

Sənəddə əlavə edilib ki, 2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır.  Sənədə əsasən, bu dövrdə əhalinin xərclərinin isə 102,6 milyard manata yüksəlməsi gözlənilir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli də qeyd edib ki, hazırda əhalinin nominal gəlirlərindəki artımın böyük hissəsini inflyasiya “yeyir”: “Tamamilə doğrudur ki, ölkədə inflyasiya hələ də sürətlidir və demək olar ki, əhalinin nominal gəlirlərindəki artımın hamısını inflyasiya “yeyir”. Amma ötən il vəziyyət bundan daha da pis idi. İndi heç olmasa əhalinin nominal gəlirləri inflyasiyanı az da olsa üstələyir. Yəni, ötən il heç bu da yox idi. Keçən il ərzaq inflyasiyası 20 faizin üzərində idi. Əhalinin nominal gəlirlərindəki artım isə daha aşağı idi. Əhali ötən il neqativə gedirdi, yəni kasıblayırdı. O baxımdan bu il vəziyyət nisbətən şükürlüdür. Hökumətin də gözləntiləri ondan ibarətdir ki, bu il inflyasiya 9,5 faizə qədər enəcək. Gələn il inflyasiya 6 faizə qədər aşağı düşəcək. Burada söhbət inflyasiyanın artma sürətinin aşağı düşməsindən gedir. Yəni, bahalaşma builki kimi 9,5-10 faiz deyil, 6 faiz olacaq. Yenə də proqnoz edilən 6 faizdən az gəlirlərini artıran uduzacaq, kasıblayacaq, 6 faizdən çox gəlirlərini artıranlar isə irəli düşəcək. Ümumi şəkildə hökumətin Mərkəzi Bankın qarşısında qoyduğu əsas hədəflər  qiymət səviyyəsinin aşağı salınması ilə əlaqədardır. Burda dünya əmtəə bazarında qiymətlərin aşağı düşməsi 2022-ci illə müqayisədə işləri bir qədər asanlaşdırır. Eyni zamanda baxmayaraq ki, Azərbaycan manatı dollar kimi digər valyutalara qarşı bahalaşır, amma ölkəmizdə inflyasiya hətta qonşu Ermənistan və Gürcüstanla müqayisədə daha yüksək olaraq qalır. Bu vətəndaşı narahat edir, əslində hökuməti də ciddi şəkildə narahat etməlidir”.           

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, növbəti illər üçün hökumət xərcləri gəlirlərdən az göstərir: "Azərbaycanda əhalinin gəlirləri ola bilsin ki, artır. Məsələn əməkhaqqı artır. Hazırda orta aylıq əmək haqqı 11,3 faiz artıb. Bizim nominal gəlirlərimiz sabit qalır, real gəlirlərimiz isə aşağı düşür. Müqayisə üçün desək, bu ilin doqquz ayında bir çox ərzaq məhsullarının qiymətləri bahalaşıb. Ancaq Azərbaycan hökuməti elan edir ki, Azərbaycanda inflyasiya səviyyəsi doqquz ayın nəticələrina görə yaxşı vəziyyətdədir. Reallıq isə başqa bir şeydir. Ərzaq məhsulları yanvardan indiyə qədər 30-40 faiz artıb. Əslində hökumət həmişə çalışmalıdır ki əhalinin gəlirləri xərclərindən çox olsun".

Mütəxəssis hesab edir ki, bahalaşma fonunda əhalinin nominal gəlirləri əvəzinə real gəlirləri hesablanarsa, başqa mənzərə ortaya çıxar: "Azərbaycan əhalisinin gəlirləri ola bilsin ki, əmək haqqı şəklində, yeni iş yerlərinin açılması səbəbindən artıb. Bunun hesabına nominal gəlir arta bilər. Təssüf ki, Azərbaycanda bunun monitorinqlərini aparan bir təşkilat yoxdur. Amma ümumilikdə deyə bilərəm ki, nominal gəlirlərin artması bu gün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan əhalisinin real gəlirləri aşağı düşüb”.