BMT-nin İnkişaf Proqramı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən birgə təşkil olunan, innovasiyalar və startaplar vasitəsilə sosial, ekoloji və iqtisadi problemlərin həllində biznes düşüncəli gənclər və innovatorların öz qüvvələrini birləşdirmələri üçün yeni imkanlar yaradan ikinci İnnovasiya Düşərgəsi (İnnoCamp) bu gün başa çatıb.
BMT-nin Bakı Ofisindən Hafta.az-a verilən məlumata görə, İnnovasiya Düşərgəsi (İnnoCamp) ölkədə startap mədəniyyətinin inkişafını dəstəkləmək, Azərbaycanın kənd icmalarında gənclərə biznes düşüncələrini genişləndirmələrində və startapları uğurlu bizneslərə çevirərək öz ideyalarını reallaşdırmaqda kömək etmək məqsədini daşıyan İdeyadan Biznesə (İ2B) adlı müştərək layihənin bir hissəsidir. İ2B layihəsinin 2018-ci ilin aprelində başlayan ilk mərhələsində və Azərbaycanın ilk İnnovasiya Düşərgəsi çərçivəsində gənc həvəskar sahibkarlara ideyalarını investorlara çatdıraraq gəlir baxımından perspektivli təkliflər və prototiplər hazırlamaqda və sosial təsirə malik ola biləcək startaplar qurmaqda dəstək göstərmək üçün ölkə boyu startap turları təşkil olunub.
İnnovasiya ekspertlərın iştirakı ilə təşkil olunan dəyirmi masa müzakirələrində çıxış edərkən BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti deyib ki, innovasiya, gənclik, biznes və texnologiya bizim tək bu ölkədə deyil, bütün dünyada apardığımız inkişaf fəaliyyətimiz üçün önəmlidir. “Gənclər yetərincə yaradıcı düşüncəyə malikdirlər və əgər dinamik iqtisadiyyata aparan mühitdə, güclü innovasiya ekosistemində və startapların kiçik və orta bizneslərə çevrilə biləcəyi və böyüyəcəyi bir biznes səhnəsində öyrənə və fəaliyyət göstərə bilsələr, startapları idarəetmədə böyük potensialları var”, - A.Frakassetti deyib.

İnnovasiya Düşərgəsi (İnnoCamp) Azərbaycanda hökumətin biznes imkanları və innovasiyadan yararlandığı mühüm bir vaxta təsadüf edir. Azərbaycan, Dünya Bankının 2018-ci il üçün bizneslə məşğul olma rahatlığı hesabatına əsasən, dünyada 10 ən çox islahat aparan ölkədən biri olmaqla 190 ölkə arasında yatırım üçün əlverişli ölkə kimi 25-ci yerdədir. 200 startapa ev sahibliyi edən bir ölkə olaraq Azərbaycan son vaxtlarda özünün startap ekosisteminə və startaplara milli dəstək sistemini genişləndirmək və möhkəmləndirmək üçün həyata keçirilən mütərəqqi tədbirlərin sayına görə MDB ölkələri arasında üçüncü yeri tutur.
Cari trendlərə qoşularaq bu ilki İnnovasiya Düşərgəsində (İnnoCamp) bu sahədə ölkənin misilsiz potensialından istifadə edərək Azərbaycanda startap və innovasiyalar ekosistemini təkmilləşdirmək üçün siyasi qərarların verildiyi və ən aşağı səviyyələrdə daha geniş tərəfdaşlığa ehtiyac duyulduğu vurğulanıb.
İnnovasiyanı və Azərbaycandakı startap ekosistemini dəstəkləmək üçün davam edən proqressiv inkişafın önəmini vurğulayan Şamaxı İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bütün maraqlı tərəflər Bakıda mərkəzləşmiş innovasiya proseslərindən ucqar bölgələrdə yaşayanların da yararlanması üçün bir araya gəlməli və əllərində olan imkalarla bunu təmin etməlidirlər.
İnnovasiya Düşərgəsinin ilk iki günündə Azərbaycanın müxtəlif regionlarını təmsil edən 54 İ2B iştirakçısı və 18 komanda üçün uğurlu biznes qurmaq üçün lazım olan digər bacarıqlarla yanaşı texniki bacarıqlar, təşkilat və layihə idarəetməsi, biznesin inkişafı, marketinq və kommunikasiya bacarıqları, operativlik alətləri, maliyyə savadlılığı və planlaşdırma üzrə praktiki təlimlər təşkil olunub. Təlim proqramı komandaların bu ilin payızında Bakıda keçirilməsi planlaşdırılan və seçilmiş 10 komandanın qatılacağı İ2B Milli Final mərhələsində iştirak etmək üçün hazırladıqları çıxışları ilə bu gün də davam edib.
İ2B iştirakçıları üçün təlim proqramından əlavə, İnnoCamp İnnovasiya Düşərgəsi ərzində dəyirmi masa müzakirələri də keçirilib ki, burada ölkədə aparıcı innovatorları, texnologiya parkları, inkubasiya və startap akselerasiya mərkəzləri Azərbaycanda startap ekosisteminin geniş imkanlarını və çətinliklərini müzakirə ediblər.
İnnovasiya Düşərgəsi BMTİP və hökümət tərəfindən təşkil olunan və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilən, Azərbaycanın İKT infrastrukturunun və İKT xidmətlərinin dayanıqlılığını və səmərəliliyini artırmaq məqsədini daşıyan müştərək layihə çərçivəsində təşkil olunub.
İnnovasiya Düşərgəsi və ölkə üzrə təşkil olunan İ2B turları Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, ölkənin aparıcı mobil operatoru olan Azercell və Microsoft Korporasiyası kimi bir sıra əsas tərəfdaşların və maraqlı tərəflərin maddi dəstəyi ilə həyata keçirilib.
“InnoCamp” İnnovasiya Düşərgəsi çərçivəsində BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti innovativ təcrübələrin kənd təsərrüfatı və ətraf mühit sahələrində tətbiqinin böyük potensialını müzakirə etmək üçün Şamaxı RİH-nin başçısı Tahir Məmmədovla görüşüb. İkitərəfli müzakirələr zamanı Şamaxıdakı məktəblilər üçün ən yeni robot laboratoriyalarının və Roboparkların yaradılmasından və Şamaxı üçün Ağıllı Şəhərlər (Smart City) konseptinin inkişafından bəhs edilib.