“Godzilla Minus One” filmi daha bir rekordla fırtına qoparıb

09:26 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Həm tənqidçilər, həm də kinosevərlər tərəfindən təriflənən “Godzilla Minus One” böyük ekranda yüksəlişini sürdürür və rekordlar qırmağa davam edir.

Hafta.az-ın yazdığına görə, məşhur animasiya və vizual effektlər rejissoru Takaşi Yamazaki tərəfindən idarə olunan və Toho Studio tərəfindən istehsal olunan kaiju (adətən izdihamlı şəhərləri hədəf alan güclü və təhlükəli canavarları əks etdirən filmlər janrı) müharibədən sonrakı Yaponiyada baş verir.

Film Yaponiyada noyabrın 3-də, Şimali Amerikada isə dekabrın 1-də nümayiş etdirilib.

Dünyada böyük bir kassa uğuru qazanan film, Toho Studio tarixində ən uğurlu “Godzilla” filmi olub. Kassada tarixi uğur qazanan “Godzilla Minus One”, dünya üzrə 100 milyon dolları keçməyi bacarıb

Bu yaxınlarda filmin ağ-qara rəngdə yenidən ekranlara çıxacağı açıqlanıb.

“Godzilla Minus One” əvvəlki həftəsonu ABŞ kassasında 50 milyon dolları ötərək Şimali Amerikada yayımlanan ən çox gəlir gətirən Yapon canlı filmi olub.

Kaiju həm də bütün zamanların ingilis dilində olmayan ən çox gəlir gətirən 5-ci filmidir.

“Godzilla Minus One”, Rotten Tomatoes icmal saytında 100 baldan 98 bal alıb. İki saatlıq filmin tamaşaçı xalı 98-dir.

Elmi fantastika filminin aktyor heyətinə Ryunosuke Kamiki, Minami Hamabe, Yuki Yamada, Munetaka Aoki, Hidetaka Yoşioka, Sakura Ando və Kuranosuke Sasaki daxildir.

Yeni filmin nümayişi 1954-cü ildə Toho Studio-nun “Godzilla” filmi ilə başlayan məşhur yırtıcı seriyasının 70 illik yubileyinə təsadüf edir.

ABŞ tənqidçiləri Yamazakinin layihənin nisbətən kiçik büdcəsi hesabına əldə etdiyi qeyri-adi vizual nailiyyəti yüksək qiymətləndirirlər. Kino tənqidçiləri hekayənin təsirli tərəfinə də toxunur və yırtıcıdan sosial tənqid üçün metafora kimi istifadə edilməsindən təsirləndiklərini bildirirlər.

“Godzilla Minus One”ın rejissoru, yazıçısı və vizual effektlər üzrə rəhbəri Yamazaki filmin ABŞ-dakı uğurundan danışıb və yüksək qiymətləndirilən rəylərə təşəkkür edib: "Şimali Amerikada böyük reaksiya bizi həyəcanlandırır. Mən sosial mediada fan rəylərini oxuyuram və buna əsaslanıram. Filmin hərtərəfli təhlili, ehtiraslı şərhlər məni çox ruhlandırdı. Hətta bəzi kinoteatrlarda alqışların yüksəldiyini eşitdim. Qodzillamızı səmimi qarşıladığınız üçün təşəkkür edirik".