Güclü hərbi qarşıdurma olacaq - Tofiq Zülfüqarov

11:33 17.10.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə  İranla İsrail arasında genişmiqyaslı savaşa gətirib-çıxara biləcək gərginlik, İsrailin Türkiyəni də hədəf alması haqqında R.T. Ərdoğanın çıxışları və ondan sonra Böyük Millət Məclisində qapalı toplantı, Yaxın Şərqdəki münaqişələrin gələcəyinin ABŞ-dəki prezident seçkilərinin nəticələrindən hansı dərəcədə asılı olması, Paşinyanın Zəngəzur  dəhlizi ilə bağlı son çıxışının səbəbləri və s. mövzularda danışdıq.

- Bildiyiniz kimi, İsrail İranın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşması haqqında açıq şəkildə bəyanat verib. Sizcə, həmin zərbələr endirilsə, bu, İranın da əks-zərbələr endirməsinə və bu minvalla iki tərəf arasında genişmiqyaslı müharibənin başlanmasına gətirib çıxarmayacaq ki?

- Doğrusu, mən belə bir ssenarini istisna etmirəm. Böyük ehtimalla, yenidən güclü hərbi qarşıdurma olacaq. İsrailin əsas məqsədi İranın nüvə proqramını durdurmaqdır. Bəllidir ki, indiki mərhələdə bu məsələ İsrail üçün həllini tapmayıb. Odur ki, bu və ya digər şəkildə Tehran rejiminə zərbələri davam etdirəcək. Xüsusən də nüvə obyektlərinə... İranın cavabına gəldikdə, rəsmi Tehranın bir sıra bəyanatları göstərir ki, bu dövlət nüvə proqramından imtina etməyə hazırdır. Baxaq görək, hadisələr necə inkişaf edəcək. Hər halda bu iki faktor onu göstərir ki, bu cür hərbi qarşıdurmalar istisna olunmur...

- Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan son çıxışlarında  İsrailin “vəd edilmiş torpaqlar” layihəsi çərşivəsində Türkiyəni də hədəf aldığını bildirib və bu dövlətin qoşunlarının Suriyaya daxil olacağı təqdirdə Türkiyə ordusu ilə üz-üzə gələ bilməsi ehtimalını da vurğulayıb. Bəzi məlumatlara görə, bunun ardınca Türkiyə Böyük Millət Məclisi məxfi toplantı da keçirib, xarici işlər və müdafiə nazirləri deputatlara 10 il müddətinə gizli saxlanılmalı olan müəyyən məlumatlar verib, hansısa planlar müzakirə olunub. Necə düşünürsünüz, sizcə, İsrail nə vaxtsa NATO-nun da üzvü olan Türkiyə ilə hərbi qarşıdurmaya getməyi düşünürmü?

- Birincisi, iki ölkə arasında dolayısıyla qarşıdurma artıq mövcuddur. Bilirik ki, İsrail və NATO-nun hərbi mütəxəssisləri Suriyada kürd əhalisinin yaşadığı bəzi məntəqələrdə yerləşiblər və hətta o yerlərdə hərbi bazaları da var. Yəni İsrail Türkiyəyə qarşı bir sıra terrorçu qruplaşmaların apardığı prosesdə iştirak edir. Bir sözlə, qarşıdurma artıq mövcuddur.

- Həmin qarşıdurma birbaşa deyil hələ...

- İki tərəf arasında bəzən birbaşa da qarşılaşmalar olur. Bilirik ki, Türkiyə ordusu Suriyanın müxtəlif ərazilərini nəzarətdə saxlayır. Həmin yerlərdə faktiki olaraq İsrail və Türkiyəyə məxsus hərbi infrastrukturlar artıq qarşı-qarşıyadır. Mənə elə gəlir, bunlar gələcək təhlükə barədə xəbərdarlıqdır... Bilmirəm, İsrail indiki vəziyyətdə istəyərmi ki, Türkiyənin hərbi imkanları, qismən də olsa, İranınkı ilə birləşsin. Hər halda bu, gözlənilən nəticələr baxımından İsrail üçün təhlükəli bir durum ola bilər.

- Türkiyənin “Böyük İsrail”  proyektinə də daxil edildiyi deyilir...

- Bu mövzuların təbliğat müharibəsi olduğunu istisna etmirəm. Gerçəklik budur ki, İsrailin hazırkı potensialı, imkanları belə bir planın həyata keçirilməsinə imkan verməz. Reallıq baxımından onların bu cür planları gülməli görünür.  Ən azı, iki ölkənin əhali sayını müqayisə etmək olar. Ona görə də bunlar hələ bu gün müzakirə olunası mövzu deyil. Bu deyilənlər daha çox təbliğat qarşıdurmasının elementləridir.

- Yaxın Şərqdəki münaqişələrin gələcəyi ABŞ-dəki prezident seçkilərinin nəticələrindən nə dərəcədə asılıdır?

- Bu iki prosesin birbaşa bağlantısı var. Hesab edirəm, Yaxın Şərqdəki münaqişələrin gərginlik dalğaları birbaşa Amerikadakı seçkiqabağı proseslərlə bağlıdır. Biz görürük ki, bir-biri ilə toqquşan siyasi qüvvələrdən biri – respublikaçılar, Tramp tərəfdarları  yəhudi icması və onun ABŞ-dəki imkanlarıyla əlaqəlidir. Digər anqlosaksonlar, mormonlar hesab edilən və demokratların arxasında dayanan qüvvələr dini, etnik cəhətləri olan bir nəhəng qruplaşmadır. Onların da Yaxın Şərqdə baş verənlərlə birbaşa bağlantısı var...

- Bəzi analitiklərin fikrincə, seçkilərdə Tramp qalib gələcəyi təqdirdə, Yaxın Şərqdə hərbi-siyasi durumun daha da gərginləşəcəyi gözlənilir.

- Burada fərqli-fərqli ssenariləri nəzərdən keçirmək gərəkdir. Unutmayaq ki, Trampın hakimiyyətdə olduğu dönəmdə onun əsas diqqət mərkəzində olan mövzular İbrahim (yaxud Avraam) razılaşmaları idi ki, onların əldə olunması nəticəsində Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri hətta Fələstin mövzusunda fərqli bir mövqe tutdular. İndiki halda da ərəb dünyasının böyük bir hissəsi bu siyasətdə iştirak etməyəcək. Hər halda belə görünür.

- Necə hesab edirsiniz, Paşinyanın Zəngəzur  dəhlizi ilə bağlı son  çıxışına səbəb nə oldu və bundan sonra Azərbaycanla Ermənistan arasında  kommunikasiyaların açılması  ilə bağlı məsələ hansı istiqamətdə inkişaf edəcək?

- Hiss olunur ki, artıq Paşinyan da Rusiyayönlü addımlar atmağa üstünlük verməyə başlayıb. Qərbdən gözlənilən istəklər - kömək, yardım özünü doğrultmur. Buna cavab olaraq ermənilər həmişəki kimi rusların siyasi, iqtisadi və hərbi təsiri altına qayıtmağa üstünlük verirlər. Bu mənada Paşinyanın son bəyanatı göstərir ki, o, faktiki olaraq Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə verməyə hazırlaşır. İndi bu məsələdə Azərbaycanın mövqeyinə aid fikirlər də aydın olmalıdır. Bəllidir ki, Zəngəzur dəhlizinə nəzarət edəcək Rusiya qüvvələrinin nəzarəti vaxtilə sülhməramlıların Laçın yoluna etdiyi nəzarət kimi olacaq. Həmin ərazidə onsuz da 1992-ci ildən bəri Rusiya “FSB”nin sərhəd qoşunları fəaliyyət göstərir. O ki qaldı Azərbaycana, bu, belə deyək, münaqişənin yeni bir mərhələsidir. Yəni Zəngəzur dəhlizi mövzusu artıq beynəlxalq bir mövzu kimi qəbul olunur. Vaxtilə 2020-ci ildə bağlanmış müqavilədə Azərbaycan dövlətinin iki hissəsi arasında bağlantının təmin olunması əks olunurdu. O bağlantının bəzən eks-territorial olacağı haqda da fikirlər səslənirdi. Birinci mərhələdə həmin bağlantıya ruslar nəzarət edəcək. Gələcək danışıqlar isə Azərbaycanın öz məqsədlərinə hansı şəkildə nail olacağını göstərəcək. Əlbəttə, biz istərdik ki, Zəngəzur dəhlizinə tam nəzarət Azərbaycanın əlində olsun. Bu da bizim strateji hədəfimiz olan dövlətimizin iki hissəsinin bağlantısını təmin eləmək məsələsinin həlli olacaq. Hələlik indiki mərhələdə həmin ərazinin Ermənistanın əlindən alınıb Rusiyanın nəzarətinə verilməsi ərazinin münaqişəli olmasını təsdiq edir. O biri tərəfdən də gələcəkdə bu proseslərin davamlı olacağı aydın görünür...

- Bir sıra beynəlxalq analitik  mərkəzlərin təhlilləri göstərir ki, Rusiya gec-tez kollektiv Qərblə rəqabətdə məğlub olacaq. Bu halda Azərbaycanın Qərblə, hətta ABŞ ilə gərgin münasibətləri müqabilində Rusiya ilə strateji müttəfiq durumunda olması gələcəyimiz üçün təhlükə yaratmır ki?

- Birincisi, biz bu məsələyə o aspektdən yanaşmalıyıq ki, qlobal təhlükəsizlik mövzusu hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl müzakirə olunub.  Moskva tərəfdən danışıqlar barədə təkliflər edilib, Cenevrədə Rusiya-ABŞ görüşləri olub və nəticəsiz başa çatıb. Bu mövzuya aid müxtəlif mənbələr deyirlər ki, təmaslar və bəlkə də danışıqlar davam edir. Bəzi təhlilçilər iddia edirlər ki, artıq hansısa təmasların nəticəsində Rusiya və Ukrayna arasında müəyyən bir razılaşma ola bilər. Burada Ukraynanın faciəsi daha aydın görünür və bəlli olur ki, həmin ölkə bir faktor kimi bu oyunda istifadə olunub. Mən istisna etmirəm ki, hansısa bir razılaşma əldə ediləndən sonra bəzi geopolitik bölüşmələrə dair müəyyən qərarlar qəbul olunacaq. Bəlkə də alver davam edir. Hələ nəsə demək tezdir. Burada Çin mövzusu bir faktor kimi öz rolunu oynayır. Biz görürük ki, rəsmi Pekin də az da olsa, Qərblə gərginliyi saxlamaqda davam edir...

Belə bir durumda Azərbaycan üçün ciddi təhlükələr yaranacağına inanmıram. Bundan əvvəlki model ona görə müzakirə olunur ki, onun bu və ya digər hissələri dəyişiləcək. İndiki mərhələdə Azərbaycanın Türkiyə və türk dövlətləri ilə müttəfiqliyi bizim geopolitik seçimimizdir. Hiss olunur ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi  hələlik ən azı mənfi deyil. Bu da onu göstərir ki, region üçün hansısa yeni bir model hazırlandığı istisna olunmur. Mən prosesləri belə görürəm.  Putinin sonuncu səfəri və dəfələrlə Azərbaycanın suveren hüquqları barədə bu və ya digər siqnalların olması yeni bir modelin olacağını göstərir. İkincisi, Qərbin də elə bir istəyi yoxdur ki,  ondan uzaq ölkələr də onun təsiri altında olsun. Əfqanıstandakı təcrübə də göstərdi ki, bəzi ölkələr Qərb modelini qəbul etməyə heç cür hazır deyillər. Ona görə də hələlik mən belə hesab edirəm ki, gələcək modeldə Qərb, Rusiya, Çin və qismən də Türkiyə və İranın mövqeləri müəyyən şəkildə öz əksini tapacaq.