Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracağını bildirib. 1 yanvar 2020-ci ildən etibarən Gürcüstanda “Avro-4” standartlı dizel yanacağının istifadəsinə qadağa qoyulacaq. Həmin tarixdən etibarən ölkədə yalnız “Avro-5” standartlarına cavab verən dizelin istifadəsinə icazə veriləcək.
Bəs Azərbaycan “Avro-5” standartlarına cavab verən dizelin istehsalına başlaya bilərmi?
Mövzu ilə bağlı hafta.az-a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban dedi ki, əgər daha keyfiyyətli dizeli bir başqa dövlət təklif edirsə, o da alacaq.
İ. Şabanın fikrincə, bu Azərbaycanın istəyindən asılı olan bir şey deyil: “Bu əsasən bazarda yürüdülən marketinq siyasətindən asılıdır. Bazarın standartlarına cavab verirsə əlbəttə satılacaq. Bakıdakı yanacağın qiyməti ilə xaricə satılan yanacağın qiymətini müqayisə etmək olmaz. Açıq bazardır. Gürcüstan bazarı isə bu məsələdə praktikası yüksək olan bir ölkədir”.
NAM–nin rəhbəri həmçinin Gürcüstanın Azərbaycan dizelindən imtina etməsinin bazara bir təsirin olmayacağını dedi: “Azərbaycanda dizelə böyük təlabat olmayıb. Azərbaycanda dizel avtomobilləri nə vaxtsa modda olub? İndinin özündə də modda deyil. Çünki dizelin keyfiyyəti həmişə aşağı olub. Gürcüstanda beş il bundan qabaq hələ “Avro” dizel satılırdı. Azərbaycanda isə hələ ona keçid olmayıb. Neft ölkəsiyik. “Avro” dizel olarsa o zaman dizellə işləyən nəqliyyata da təlabat yüksələr. Mənim öz avtomobilim dizel idi, satıb benzinlə işləyən avtomobil aldım. Deməli Azərbaycan bazarı üçün belə bir şəraitdə heç bir fərqi yoxdur”.