Gürcüstan vətəndaşı öz dəyərlərini seçdi - Elçin Mirzəbəyli

12:05 02.11.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqazda yaranan yeni konfiqurasiya kənar qüvvələrin müdaxilələrinə baxmayaraq, region dövlətlərinin, xalqların öz hakimiyyətlərini demokratik seçkilər yolu ilə formalaşdırılması istiqamətində davam edir. Regionu öz çərçivəsinə salmağa çalışan kənar qüvvələrin Gürcüstan üzərindən regiona təsirləri birmənalı qarşılanmır. Bununla belə, Gürcüstanda keçirilən seçkilərin regionun ümumi gələcəyinə vəd etdiyi perspektivlər təhlil olunmaqla geosiyasi müstəvidə oynaya biləcəyi rol diqqətlə izlənir. Bu gün region Gürcüstanda keçirilən seçki və nəticələri kontekstində nəyə şahidlik edir? Müsahibimiz millət vəkili Elçin Mirzəbəylidir.

- Gürcüstanda keçirilən parlament seçkilərini necə dəyərləndirirsiniz? Nəticələrin Azərbaycan-Gürcüstan münasibətlərinə hansı təsirləri ola bilər?

- Gürcüstanda keçirilən seçkilərin nəticələri, ilk növbədə, gürcü xalqının, Gürcüstan vətəndaşlarının, həmçinin Gürcüstan dövlətçiliyinin maraqlarına uyğundur. Hesab edirəm, məsələyə məhz bu konteksdən yanaşmaq lazımdır. Azərbaycana gəldikdə isə şübhəsiz ki, Gürcüstanda keçirilən seçkilərin ölkəmizə hər hansı bir formada birbaşa təsiri ola bilməz. Qeyri-müəyyən bir xətt yürüdən və regionun deyil, xarici qüvvələrin maraqlarını düşünən siyasətçilərin parlamentdə üstünlük təşkil etməsi və hökuməti formalaşdırması istər-istməz təkcə Azərbaycan-Gürcüstan münasibətlərinə deyil, eyni zamanda digər ölkələrin Gürcüstanla münasibətlərinə də təsir göstərə bilərdi ki, bunun nəticə etibarilə Gürcüstana uğurlu perspektiv vəd edəcəyini düşünmürəm. Ona görə də Gürcüstan xalqının qərarını müdrik qərar kimi qiymətləndirmək lazımdır. Düşünürəm, proseslərin gedişatı bütövlükdə Gürcüstandakı siyasi hadisələrin indiki çərçivədən kənara çıxmayacağını söyləməyə əsas verir. Ümumiyyətlə, Gürcüstanda indiki şəraitdə hakimiyyətin mövqeyinin güclənməsi və dövlət müstəqilliyinin de-fakto möhkəmlənməsi üçün bir sıra addımların atılmasını zəruri sayıram. “Gürcü arzusu" seçki kampaniyası dövründə ölkənin gələcəyi ilə bağlı vacib qərarların veriləcəyini vəd edib. Bunun həyata keçirilməsi üçün regionda geosiyasi konfiqurasiyanın dəyişməsində maraqlı olan ölkələr də fəal şəkildə iştirak etməlidirlər. Bölgədə sabitliyin, təhlükəsizliyin qorunması yalnız region dövlətlərin səyləri ilə mümkündür.

- Məlum seçki prosesində Qərbin, Avropanın istəkləri nə dərəcədə özünü göstərdi və gerçəkləşdi?

- Qərbin, Avropanın istəklərinin Gürcüstanda reallaşdığını söyləyə bilmərik. Qərbin Gürcüstanı nəzarətə götürmək uğrunda atdığı addımlar çoxdan iflasa uğrayıb. İndiki şəraitdə əhalinin Avropaya inteqrasiyanın tərəfdarı olmasına baxmayaraq, seçkilərin nəticələri  gürcü xalqının Gürcüstanın müstəqilliyini Avropaya inteqrasiya adı altında milli maraqlara zərbə vuran qüvvələrdən və onların istəklərindən üstün tutduğunu sübuta yetirir. İndiki şəraitdə gürcü xalqının, Gürcüstan vətəndaşlarının, o cümlədən Gürcüstanda öz tarixi vətənlərində yaşayan, həmçinin dövlət müstəqilliyinin zəmanətçilərindən biri kimi çıxış edən azərbaycanlıların da mənafeyinə uyğundur. Bu proses çoxdan başlayıb və bu, bir sıra istiqamətlərdə -“Xarici nüfuz vəkilləri haqqında”, “Xarici agentlər haqqında” qanundan başlayaraq digər istiqamətlərdə qərbin Gürcüstan dövlətinə, xalqına qarşı təzyiqlərin effektiv nəticə vermədiyini gördük. Gürcü  xalqı, Gürcüstan vətəndaşı, ilk növbədə,  öz dəyərlərini seçdi və buna qarşı çıxış edən qüvvələrə “yox” dedi. Seçkinin indiki nəticələri parlamentdə konstitusiyon çoxluğun təşkilinə imkan verməsə də, ümumən hökumətin formalaşmasına imkan verir. Proseslərin gedişatında əsas müxalifət koalisiyası istisna olmaq şərti ilə digərlərinin Gürcü Arzusu Partiyası, hakimiyyəti ilə Gürcüstan naminə dialoq qurması mümkündür.

- Qərb Gürcüstan üzərində özünün təsirlərini artırmaqla Azərbaycana, regiona qarşı hansı həmlələri edə bilər?

- Qərb Gürcüstan üzərindən özünün təsirlərini artırmaqla prinsip etibarilə təkcə Azərbaycanın deyil, bütün bölgə dövlətlərinin maraqlarına zərbə vurmağa çalışır. Daha da irəli gedərək Mərkəzi Asiya ölkələrinin də maraqlarına zərbə vurmağa və onlara təsir göstərib öz geosiyasi maraqları üçün istifad etməyə çalışır. Biz bu cəhdlərin nəticə vermədiyinin şahidi oluruq. Bu həmlələr yeni başlamayıb. Gürcüstan uzun illər boyu Birləşmiş Ştatların, qərbin ayrı-ayrı təsisatlarının nüfuz şəbəkəsi formalaşdırmaq istiqamətində atdığı addımların və bunun təməlində dayanan prosesin plasdarmı olub. Bütün layihələr, qeyri-qanuni vəsaitlər, siyasi radikal müxalif partiyalara ötürülən pullar və sair məhz Gürcüstan üzərindən həyata keçirilib. Mahiyyət etibarilə Qərb indi yox, bütün dövrlərdə Gürcüstandan region dövlətlərinə qarşı istifadə etməyə cəhd göstərib. İndiki hadisələr gürcü xalqının baş verənlərin fərqində olduğunu və buna qarşı müqavimət göstərdiyini sübuta yetirir. Düşünürəm, getdikcə Qərbin ikiüzlü siması Gürcüstan vətəndaşlarına daha aydın şəkildə görünəcək və bu da Gürcüstanın müstəqilliyinin qorunub-saxlanılması, müstəqil dövlət kimi möhkəmlənməsi şərti ilə Avropaya inteqrasiyanın tərəfdarı olanlar da Qərbdən üz döndərəcəklər.

-  Gürcüstan-Azərbaycan münasibətləri hansı inkişaf mərhələsindədir və hər iki ölkənin birgə iştirak etdikləri beynəlxalq layihələr ikitərəfli münasibətlərdə hansı əhəmiyyətə malikdir?

- Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri var, ortaq layihələrdə iştirak edirlər və bu layihələrin spektri getdikcə genişlənməkdədir. Bu sahəyə “Yaşıl enerji” sektorunda həyata keçirilməsi nəzərdə tutulan layihələri də əlavə etmək olar.  Azərbaycanın Gürcüstanda böyük investisiyaları var və bu sərmayələrin genişlənməsi istiqamətində müvafiq qaydada gələcəkdə addımların atılmasını gözləyirəm. Bu prosesin qarşılıqlı olması üçün də müvafiq addımlar atılacaq. Proseslər belə davam edərsə, təbii ki, münasibətlər yaxşı olacaq. Hakimiyyət dəyişikliyi olsaydı belə, münasibətlərin dalana dirənəcəyini düşünmürəm. Doğrudur, buna cəhdlər olacaqdı.  Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışan və Azərbaycana qarşı qeyri-adekvat mövqedə dayanan siyasi qüvvələrin uzun müddət hakimiyyəti saxlayacağını da gözləmirəm. Yəni, burada söhbət hansısa bir təhdiddən getmir. Burada söhbət gürcü xalqının bu qəbildən olan neqativ siyasətə verə biləcəyi cavabdan gedir. Düşünürəm, Gürcüstanın istənilən hakimiyyəti gürcü xalqının mənafeyini və eyni zamanda orada öz vətənində yaşayan azərbaycanlıların mənafeyini, ilk növbədə, Gürcüstanın müstəqilliyinin qorunub-saxlanılmasında önəmli rola malik olan Azərbaycanın mövqeyini nəzərə almalıdır. 

- Gürcüstanda yaşayan azərbayacanlılarla bağlı hansı işlərin görülməsinə ehtiyac var?

- Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanla Gürcüstan dövləti arasında mühüm bağ, körpü rolunu oynayır. Təbii ki, onların öz ökələrinin siyasi həyatında aktiv iştirak etmələri, siyasi proseslərin içərisində yer almaları və özlərni ifadə etmələri üçün yeni-yeni inkanlar qazanmalarına ehtiyac var. Gürcüstan azərbaycanlıları bizim parçalarımızdır və onların da potensialı böyükdür. Gürcüstanda yaşayan azərbaycanlılarla hərtərəfli əlaqələrin genişlənməsi intensivləşməsi mühüm faktlardandır. Bəlli olduğu kimi  Gürcüstanda yaşayan soydaşlarınıza münasibətlərdə  digər qonşu ölkələr də müəyyən addımlar atmağa çalışır. Bəzən bütün prosesin neqativ istiqamətə yönəlməsinə zəmin yaradırlar. Təəssüflər olsun, bu istiamətdə müəyyən qədər də Gürcüstanın hakimiyyət orqanlarının məqsədyönlü və yaxud bilməyərəkdən yol verdikləri xətalar var. Zənnimcə, bütün bu xətaların aradan qadırılması istiqamətində addımlar atılmalıdır. Bölgə dövlətləri içərisində Gürcüstanın bir müstəqil dövlət kimi inkişafını, öz mövqeyini qoruyubsaxlamasını istəyən azərbaycanlılar, Azərbaycan dövlətidir. Ötən zaman kəsiyi də bunu sübuta yetirib. Qənaətimə görə, Gürcüstan dövlətinin, xalqının kənarda dost axtarmağa ehtiyacı yoxdur. Əsl dost, strateji tərəfdaş, özünün qətiyyəti, prinsipi ilə bölgnin təhlükəsziliyini, mövqeyini qoruyan Azərbaycan Respublikasıdır.