Hansı yaşda evlənməli? - ARAŞDIRMA

18:13 12.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda boşanmalarla yanaşı, gec evlənənlərin sayı da artıb. Rəqəmlər göstərir ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı ən yüksək səviyyəyə çatıb. Məsələn, statistikaya görə, 1980-ci ildə 60 min 134 nikaha girən oğlanın, təxminən, yarısı, yəni 30 min 359-u, qızlardan isə 47 min 260-ı, yəni 79 faizi 18-24 yaş arasında ailə qurublar. 24 min 213 oğlan (nikaha girənlərin 40 faizi), 9564 qız isə (nikaha girənlərin 16 faizi) 25-34 yaş aralığında nikaha giriblər.1990-ci illərdə - Azərbaycan müstəqillik əldə etdiyi zamanlarda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub. 1990-cı ildə 73 min 119 nikaha girəndən 29 min 145 oğlan (40 faiz) və 49 min 787 qız (68 faiz) 18-24 yaş aralığında ailə quranlardır. Sözügedən ildə 25-34 yaş aralığında 36 min 712 oğlan (50 faiz), 17 min 322 qız (24 faiz) 25-34 yaş aralığında evləniblər.

2000-ci ildə 39 min 611 nikaha girənlərdən 10 min 932 oğlan (28 faiz), 25 min 341 qız (64 faiz)18-24 yaş arasında olanlardır. 24 min 82 oğlan (61 faiz), 9140 qız (23 faiz) isə 25-34 yaş arasında ailə qurublar.

2011-ci ildə 88 min 145 nəfər nikaha girib. Bunlardan 28 min 85 oğlan (32 faiz), 56 min 101 (64 faiz) qız 18-24 yaş aralığında ailə quranlardır. 25-34 yaş arasında evlənənlərə gəlincə, oğlanların 55 faizi (48 min 242), qızların isə 25 faizi (21 min 226) sözügedən yaş həddində ailə qurublar. Ancaq 2002-2003 və 2014-2018-ci illərdə ölkədə nikaha daxil olan kişilər arasında nikah yaşı yüksəlib. 2002, 2003-cü illərdə kişilər üçün orta nikah yaşı 28,6, 2014, 2015, 2016-cı illərdə 28,9 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb, kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib. 2019-cu ildə 29,4-ə və 2020-ci ildə 30-a çatıb. 2021-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7 olub.

Göründüyü kimi, əgər 1980-ci illərdə, yəni sovet dövründə qızların təxminən 80, oğlanların isə 50 faizi 18-24 yaş aralığında ailə qururdularsa, indi hər ailə quran dörd qızdan biri (25 faizi) 25-34 yaş aralığında evlilik həyatına atılmağa üstünlük verir. Artıq hər ailə quran 2 oğlandan biri əvvəllər olduğu kimi, 18-24 yaşda deyil, 25-34 yaş arasında evlənməyə üstünlük verir.

Ekspertlərin fikrincə, evlilik yaşının yüksəlməsi indiki gənclərin prioritetinin ailə deyil, daha çox təhsil almaq, karyera qurmaqdan ibarət olmasıdır. Onların üstünlük verdiyi əsas meyar dünya görüşünün artırılmasıdır. Nəticədə nikahın bağlanması, ailənin qurulması faktiki olaraq ikinci plana keçir.

Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib  ki, bu gün gənclərin gec yaşda ailə qurmalarının başlıca səbəbi günlərinin çox hissəsini işdə keçirmələridir: "Başı karyera qurmağa, pul qazanmağa qarışan insanın bütün diqqəti ancaq buraya yönəlir. Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən insanların tanışlıq üçün də imkanı qalmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub həm işlədiklərindən, ya da iki yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram deyir və nəticədə yaş keçir. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Digər tərəfdən, əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır”.

Ekspert vurğulayıb ki, əvvəllər valideynlər daha çox moderator rolunda çıxış edir, ailənin qurulmasına, saxlanmasına təsir göstərirdilər. Amma indi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmirlər: “Eyni zamanda, moderatorluğu da pozitiv şəkildə həyata keçirmirlər. Daha çox dağıdıcı rolunda çıxış edirlər. Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaq və öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Bu səbəbdən də gənclər ailə qurduqdan sonra valideynlərdən ayrı yaşamaq istəyirlər. Hesab edirəm ki, 25-30 yaş evlənmək üçün ən uyğun yaşdır. Çünki məhz bu yaşda insanda həyata baxış dəyişir, məsuliyyət hissi yaranır. Gənclər artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər, heç kimdən asılı olmurlar”.

Mövzu ilə bağlı psixoloq Vəfa Əkbər isə qeyd edib ki, əslində müəyyən yaşdan sonra qurulan ailələr daha fundamental olur: “Gec yaşda ailə quran insan onun qədrini daha çox bilir. Ailəsinə daha çox bağlı olur. Gənclər status üçün evlənirsə, ailə təməli çox zəif qurulur. Ad xətrinə, həmkar və çevrələrindəki insanların görməsi üçün baş tutan evliliklər gec-tez mənfi nəticələrə gətirib çıxarır. Normal və vaxtında, öz seçimləri ilə qurulan ailələrdən sağlam övladlar da dünyaya gəlir. Mənfi tərəfləri isə odur ki, yaş ötür və düşüncə tərzi dəyişir. Erkən nikahların isə mənfi təzahürləri daha çoxdur. Münaqişələr, zorakılıq, ayrılıq halları erkən nikahlarda daha çox müşahidə edilir. Düşünürəm ki, insanlar özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar. İnsan mənən, qəlbən və psixoloji baxımdan özünü hansı yaşda evliliyə hazır hiss edirsə, o zaman da ailə qurmalıdır”.

Məsələyə münasibət bildirən sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə evlənənlərin sayının azalması, evlilik yaşının artmasında sosial- iqtisadi problemlərlə yanaşı mənəvi çatışmazlıqlar da əsas rol oynayır: "Adətən insanlar özlərini cəmiyyətə, həyata hazır hiss edən zaman ailə həyatı qururlar. Təəssüf ki, son illər cəmiyyətdə mövcud olan problemlər - istər mənəvi, istər sosial, iqtisadi, psixoloji - elə bir şərait yaradıb ki, insanlar həyata tam hazırlaşa bilmir. Mənzil şəraiti, iş yerləri ilə bağlı gənclərin çox ciddi problemləri var. Onlar kirayə mənzildə də qalmaq istəmirlər. Əvvəllər, Azərbaycan ailələrində bir qız oğlanın valideynləri ilə yaşaya bilirdi. İndi isə bu tendensiya zəifləyib. Üstəlik, cəmiyyətimizdə yaranan geyim yarışı, toy modelləri də həyatı çətinləşdirib. Qabaqlar bir ailəni saxlamaq asan idisə, indi ailəni maddi cəhətdən təmin etmək xeyli çətinləşib. Bununla yanaşı, müasir gənclərin ailə modeli haqqında təsəvvürlərinin dəyişməsi də nikahların sayının azalmasına gətirib çıxarır. Məsələn, boşanmaların artması gənclərin bir çoxunu təşvişə salır, evlilik məsuliyyətindən çəkindirir. Apardığımız müşahidələrə görə, qızlar evlənməkdən qorxur. Ailə zəminində gərginlik halları o qədər çoxalıb, ailə institutu o qədər zəifləyib ki, gənclərdə artıq ailəyə bağlılıq azalıb. ailə dəyərləri yarım əsr bundan əvvəl tamamilə fərqli idi. Azərbaycan ailəsində çox gözəl dəyərlər və ənənələr var idi. Biz bu dəyərləri təkmilləşdirmək əvəzinə mənfi keyfiyyətlər qazandıq”.