Rusiya dünyada boşanmaların ən çox olduğu ölkələr arasında üçüncü yeri tutur.
Hafta.az-ın yazdığına görə, İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) eksperti Yelena Mixaylova bəyan edib ki, 2024-cü ildə ölkədə hər 10 nikah üçün 8 boşanma olacaq. Mixaylovanın sözlərinə görə, bu göstərici Rusiyanı dünya üzrə boşanmaların sayına görə zirvəyə çıxarıb. Bu vəziyyət onu göstərir ki, nikah institutunun və ailə quruluşunun cəmiyyət qarşısında dəyəri getdikcə azalır.
M.Mixaylova bu tendensiyanın qısamüddətli vəziyyət deyil, daha çox uzunmüddətli sosial transformasiyanın nəticəsi olduğunu vurğulayıb. Bundan əlavə, rusiyalı ekspert bəzi vətəndaşların dövlət tərəfindən verilən sosial müavinətlərdən yararlanmaq üçün “ailə statusu ilə manipulyasiya etməyə” çalışdıqlarını bildirsə də, bu manipulyasiyanın necə baş verdiyi barədə heç nə deməyib. Araşdırmalara görə, cəmiyyətin bəzi hissəsi hələ də evliliyi dəyərli görsə də, boşanmaya dözümlülük getdikcə artır.
VTsİOM-un oktyabrda dərc etdiyi araşdırmanın nəticələrinə görə, Rusiyada insanların 73 faizi vətəndaş nikahına üstünlük verir, yalnız 11 faizi nikahsız birlikdə yaşamağı məqsədəuyğun sayır. İştirakçıların 84 faizii ailə qurmağı vacib hesab etdiyi halda, 8 faizi tək yaşamağa üstünlük verir. Boşanmanı məqbul hesab edənlərin nisbəti 26 faiz, evliliyin hər halda davam etməsi lazım olduğunu düşünənlərin nisbəti 9 faiz təşkil edir. Rusiyada 2024-cü il “Ailə ili” elan edilsə də, boşanmaların sayındakı bu artım narahatlıq doğurur.