Hikmət Məmmədov: “Suriyanın böyük bir ərazisi bizim tarixi, mədəni arealımızdır”

15:13 15.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Suriya prezidentinin ölkəmizə səfəri bu strateji həmlə və Azəbaycan Prezidentinin strateji ağlının və səylərinin nəticəsi idi. Görüşdən dərhal sonra artıq İstrail-Suriya tərəfləri arasında danışıqların keçirilməsi və görüşdən bir gün sonra Azərbaycanla Türkiyənin prezidenti ilə telefon danışığı aparması məsələnin nə qədər məzmunlu, çoxtərəfli və nə qədər strateji əhəmiyyətə malik olduğunu göstərir”.

Bunu Hafta.az-a deputat Hikmət Məmmədov bildirib. Deputat vurğulayıb ki, uzun illər idi ki, Azərbaycanla Suriya arasında əlaqələr yox idi.

Çünki keçmiş rejimin Azərbaycana münasibəti fərqli idi və Livan, Suriya, İran üzərindən işğal olunmuş ərazilərimizə terroristlər ixrac olunurdu:

“Bu gün vəziyyət dəyişib. Hələb şəhəri başda olmaqla Suriyanın böyük bir ərazisi bizim tarixi, mədəni arealımızdır. Hətta tarixi yaddaşımızda Hələb sanki bizim şəhərimiz kimi xatırlanır. İmadəddin Nəsiminin qəbri olan şəhər bizə yad ola bilməz. Həm bu tarixi mədəni köklər üzərində, həm də müasir siyasi mübaizə, Azərbaycan Prezidentinin strateji həmlələri kontekstində Suriya Prezidentinin ölkəmizə səfəri xüsusilə dəyərləndirilir. Hesab edirəm ki, Suriya Prezidentinin Azərbaycana səfərinə daha çoxvektorlu strateji siyasət kimi baxılmalıdır. Azərbaycan dərin strateji həmlələr etməklə dövlət keyfiyyətlərini tamamilə yeni mərhələyə qaldırır. Ölkəmiz beynəlxalq münasibətlərin aktoru kimi regional kontekstən çıxış edir və dünyanın ən mürəkkəb, eyni zamanda tarixi, dini baxımdan ən yaxın regionlarına üz tutur. Bu mənada qarşımızda Yaxın Şərqdə yeni statusda yeni bir Suriya var”.

H.Məmmədov bu səfərdə çox mühüm hadisələrin müşahidə olunduğunu vurğulayıb. Qeyd edib ki, bunlardan biri ikitrəfli münasibətlər kontekstində qiymətləndirilir:

“Çünki yeni statusda Suriya Azərbaycanın etibarlı tərəfdaşı olmaq istiqamətində addımlar atır, eləcə də Azərbaycan bu ölkəyə humanitar yardımlar göstərir. Suriya strateji müttəfiqimiz olan Türkiyə ilə uzun sərhədlərə malik olduğuna görə Azərbaycanın burada strateji maraqları yaranır. Bunu eyni zamanda Azərbaycanın ticari, iqtisadi, enerji siyasətinin şaxələndirilməsi kontekstində bunu qiymətləndirə bilərik. Çünki artıq Suriya ilə Azərbaycan arasında Azərbaycan qazının Suriya ötürülməsi ilə bağlı razılaşma əldə edildi. Azərbaycan özünün iqtisadi enerji siyastini şaxələndirir”.

H.Məmmədov beynəlxalq münasibətlərə pis nümunələri önə çəkib:

“İki ölkə arasında münasibətlər pozulan zaman təbii ki, balans da pozulur. Biz gördük ki, bütün Avropa Rusiya qazını almqdan imtina edir. Beləliklə, iqtisadi münasibətlərin şaxələndirilməsi zərurəti yaranır. Azərbaycan da bu gün bu fəaliyyəti həyata keçirir. Eyni zamanda gələcək dünyanın inkişaf qütblərindən birinə çevriləcək”.