İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

13:24 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçrə Konfederasiyasının Soloturn şəhərində Azərbaycan Atçılıq Federasiyası və Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi, Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qarabağ atına həsr olunmuş abidənin açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, açılış mərasimində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras çıxış edərək, abidənin dərnəyə hədiyyə olunmasına görə təşəkkürünü bildirib. Bu təşəbbüsün İsveçrədə yaşayan Azərbaycan icması üçün xüsusi mənəvi və mədəni dəyər daşıdığını qeyd edib. Mərkəzin 1992-ci ildən fəaliyyət göstərdiyini söyləyən Cevzet Aras Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi vurğulayıb.

Sonra ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov Qarabağ atına həsr olunmuş abidənin açılışının mühüm rəmzi və mədəni əhəmiyyət daşıdığını bildirib. Səfir qeyd edib ki, Qarabağ atı Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini və milli kimliyini təcəssüm etdirən simvollardan biridir.

Səfir belə təşəbbüslərin xaricdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, Azərbaycan mədəniyyətinin tanıdılmasına və diaspor təşkilatları arasında həmrəyliyin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini deyib. Vurğulayıb ki, bu cür abidələr gənc nəsildə Vətənə bağlılıq hissinin möhkəmlənməsində və milli kimliyin yaşadılmasında mühüm rol oynayır.

F.İsgəndərov, həmçinin Vətən müharibəsindən sonra Qarabağ atının Azərbaycanın Zəfərini, gücünü və iradəsini təcəssüm etdirən mühüm rəmzlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Səfir bu təşəbbüsün həyata keçirilməsinə dəstək verən qurumlara, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.

Tədbirdə İsveçrədə yaşayan Azərbaycan diasporunun nümayəndələri, Soloturn şəhərinin fəalları və Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları iştirak ediblər.