Kanadalıların əksəriyyəti ABŞ-ı ən böyük təhlükə görür

09:15 10.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pew Araşdırma Mərkəzinin sorğusunun nəticələrinə əsasən, kanadalıların 59 faizi Rusiya, Şimali Koreya və İrandan daha çox ABŞ-ı öz ölkələri üçün ən böyük təhlükə olaraq görür. Bununla belə, kanadalıların 55 faizi ABŞ-ı “ən mühüm müttəfiq” adlandırır.

Hafta.az-ın yazdığına görə. məlumatlar yanvarın 8-dən aprelin 26-dək toplanıb və sorğuya dünyanın 25 ölkəsindən 28333 nəfər daxil olub.

Prezident Donald Tramp fevral ayında Kanadaya 25 faiz rüsum tətbiq etdi və vəzifəyə başlamazdan əvvəl Kanadanı “51-ci ştat” edəcəyini dedi.

Meksikalıların 68 faizi ABŞ-ı ölkələrinin ən böyük təhlükəsi, 37 faizi isə ən mühüm müttəfiqi olaraq görür.

Tramp prezident seçilərkən həm Meksika, həm də Kanadaya hücum edərək, bu iki ölkənin minlərlə insanın ABŞ-a qeyri-qanuni daxil olmasına icazə verdiyini və bunun da tarif müharibəsinə səbəb olduğunu bildirişdi.

İndoneziyalıların 40 faizi, Cənubi Afrikalıların 35 faizi və Türkiyə vətəndaşlarının 30 faizi ABŞ-ı ölkələri üçün ən böyük qlobal təhlükə adlandırıb.

Bununla belə, bir neçə ölkə var ki, insanların əksəriyyəti ABŞ-ı çox mühüm müttəfiq hesab edir. Məsələn, İsraillilərin 95 faizi, Cənubi Koreyalıların 89 faizi və yaponların 78 faizi ABŞ-ı ölkələrinin ən mühüm müttəfiqi kimi görür.

Avropada Böyük Britaniyanın 51 faizi, polyakların 43 faizi və italyanların 42 faizi də ABŞ-ı ölkələrinin ən mühüm müttəfiqi adlandırıb.

Amerikanın iki ən böyük rəqibi Rusiya və Çin də bütün dünyada kritik təhdidlər kimi qiymətləndirilir. Polşa əhalisinin 81 faizi, İsveç əhalisinin 77 faizi, Almaniya əhalisinin isə 59 faizinin fikrincə, ən böyük təhlükə Rusiyadır. Avstraliyalıların 52 faizi, yaponların 53 faizi və amerikalıların 42 faizi Çini ölkələri üçün ən böyük təhlükə hesab edir.