Kanadanın Baş naziri Castin Trüdo, Kanada kəşfiyyatının Siqh dini icmasının lideri Hardip Singh Niccarın qətli ilə Hindistan arasında "etibarlı" əlaqəni müəyyən etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə,Trüdo son G20 Sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bu məsələni gündəmə gətirdiyini açıqlayıb.
Dünən Kanada İcmalar Palatasındakı çıxışında Trüdo, "Xarici hökumətin Kanada torpaqlarında bir Kanada vətəndaşının öldürülməsində iştirak etməsi suverenliyimizin pozulmasıdır. Bu, azad, açıq və demokratik cəmiyyətləri idarə edən qaydalara ziddir” deyib.
Baş nazir qətli törədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu vurğulayıb.
Niccar iyunun 18-də Vankuverdən təxminən 30 kilometr şərqdə, Kanadanın Surrey şəhərində Siqh məbədi qarşısında iki maskalı silahlı şəxs tərəfindən avtomobilində güllələnərək öldürülüb.
Hindistan daha əvvəl Niccarın ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.
Trüdonun sözlərindən sonra Hindistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada “İddialar absurd və məqsədyönlüdür” deyilib.
ABŞ hökumətindən verilən açıqlamada Kanada baş nazirinin iddialarının "çox narahatedici" olduğu ifadə edilərək, günahkarların ədalət qarşısında cavab verməsinin həyati əhəmiyyət daşıdığı vurğulanıb.
Kanadanın xarici işlər naziri Melani Coli Trüdonun çıxışından sonra yüksək səviyyəli Hindistan diplomatını ölkədən çıxardıqlarını açıqlayıb. Coli, adını açıqlamadığı diplomatın Hindistan Xarici Kəşfiyyat Xidmətinin araşdırma və təhlil şöbəsində çalışdığını bildirib.
Kanada daha əvvəl Hindistanla azad ticarət sazişi üzrə danışıqları dayandırmışdı. Hindistanın G20 Sammitindən sonra verdiyi açıqlamada, Modinin Trüdo ilə görüşündə Kanadanı "ekstremist qrupların Hindistan əleyhinə fəaliyyətlərinin qarşısını almaq üçün kifayət qədər iş görməməkdə" günahlandırdığı bildirilib.
Məlumdur ki, Hindistanı Kanadadakı siqh separatçı Xalistan Hərəkatının fəaliyyətindən narahat edir. Hardip Singh Niccar eyni zamanda Kanadada görkəmli Sıqh lideri idi və Hindistanın Pəncab bölgəsində Xalistan adlı müstəqil dövlət qurmaq məsələsində Siqhləri dəstəkləyirdi.
Hindistan daha əvvəl Hardip Singh Niccarı separatçı yaraqlı qrupa rəhbərlik edən "terrorçu" adlandırmış, Niccarın tərəfdarları isə ittihamları rədd etmişdi.
Xatırladaq ki, Kanada Hindistanın Pəncab əyalətindən kənarda ən çox Siqh əhalisinə sahibdir. Kanadada ən azı 1,4 milyon hind əsilli insanın yaşadığı deyilir.