Karamanda Türk Kitabəsi olduğuna inanılan yazı tapıldı

10:27 14.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Karamanda, sönmüş vulkan Karadağın "Min bir kilsə” bölgəsində aparılan tədqiqatlar zamanı qaya üzərində runik əlifba ilə (Türküstandakı qədim türk icmaları tərəfindən istifadə edilən düz və bucaqlı xətləri olan qədim yazı sistemi) həkk olunmuş yazı tapılıb.

Hafta.az yazır ki, əvvəlki illərdə tapılan qraffitilərdən fərqli olaraq, qaya blokunda tapılan yazı birdən çox türk qəbiləsinə aid ola bilər.

Bölgədə səthi tədqiqatlara rəhbərlik edən Nəcməttin Ərbakan Universitetinin Erkən Xristianlıq və Bizans Sənətləri Bölümünün müdiri dosent İlkər Mete Mimiroğlu, Min bir Kilsə bölgəsinin çox zəngin mədəni irsə sahib olduğunu və səthi tədqiqatların üçüncü mövsümündə mühüm və yeni tapıntılara çatdıqlarını bildirib.

Mimiroğlu qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq, runik hərfləri müəyyən ediblər və bildirib ki, “Aşkarlanan kitabə olduqca əhəmiyyətlidir. Əvvəlki illərdə tapdığımız qraffitilərdən fərqli olaraq, bu dəfə runik hərfləri müəyyən etdik. Yaxınlıqda bir kilsə var. Kilsə ilə əlaqəli olduğu ehtimal edilən bu kitabələr bölgənin Türküstanla əlaqəsini birbaşa göstərir. Elmi tədqiqatlar hazırda davam edir. Mütəxəssislərin ilkin araşdırmaları göstərir ki, bu kitabələr Türküstandan gəlir və türk tayfalarına məxsus simvol ola bilər”.

Mimiroğlu həmçinin bu simvolların niyə və necə hazırlanması ilə bağlı fərqli fikirlərin olduğunu deyərək əlavə edib: “Biz 1071-ci ildən sonra bölgəyə gələn türk basqınçıları tərəfindən məskunlaşmış bir yerdəyik. Atlar türklər üçün çox vacib idi. Süvarilər çox vacib olduğundan, bura atları suvarmaq üçün istifadə edilən böyük bir hovuz olan türk süvari birliyi və ya türk cəmiyyəti üçün çox əhəmiyyətli məskunlaşma yeridir. Bu tədqiqatlar bizə bölgədəki erkən türk izlərini göstərməkdən böyük zövq verdi”.