Nazirlik və Agentlik qrant müsabiqəsi elan edəcək

10:39 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycana ayırdığı maliyyə çərçivəsində yaxın günlərdə Səhiyyə Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan olunacaq.

Hafta.az xəbər verir ki, bu barədə QHT Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

O, bildirib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu 1 ay davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq:

“Müsabiqə yalnız böyük qrant növü üzrə aparılacaq. Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30 min manat, yuxarı həddi 450 min manat olacaq”.

Agentlik rəsmisi əlavə edib ki, Nizamnamə məqsədlərində səhiyyə və sağlamlıq, zərərli asılılıqlara qarşı mübarizə profili olmayan QHT-lərin layihələri müsabiqəyə buraxılmayacaq. QHT-lərin layihə təklifləri QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada qəbul olunacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul edilməyəcək:

“Biz ilin əvvəlində bildirmişdik ki, bu ildən QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək. Yaxın aylarda “bir pəncərə” sistemi üzrə QHT Agentliyinin müxtəlif dövlət qurumları ilə birlikdə müsabiqələrinə də başlanacaq. Hazırda bu istiqamətdə dövlət qurumları ilə müzakirələr aparılır”.