Karantin rejimində istehlakçılar hansı məhsullardan istifadə edərkən ehtiyatlı olmalıdır? – Araq, toyuq...

18:38 05.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yeni qaydalar tətbiq edib. Özü də ərzaq və gündəlik təlabat məhsulları ilə bağlı. İstehlakçılara tövsiyyələr edilib. Tövsiyyələrin bir qismi yarım açıq, açıq və üzəri qismən qapalı məhsullarla bağlıdır. Həmin planda ərzaq məhsullarının keyfiyyəti, son istehsal tarixi ilə bağlı alıcıların diqqətli olmaları tövsiyyə edilir.

Koronavirus pandemiyasının hələ tam başa çatmadığı, karantin rejiminin qismən yumşaldıldığı dövrdə istehlakçılar nə kimi məhsullardan şikayətçidir? Hansı məhsullarda problemlər var?

Bu suallara cavab axtararkən ilk ağıla gələn Azad İstehlakçılar Birliyidir.

Qurumun sədri Eyyub Hüseynov hafta.az-a açıqlamasında bildirdi ki, son dövrlərdə ona qidaların keyfiyyəti ilə bağlı çox müxtəlif şikayətlər gəlib:

“Bunlar karantin dövründə qida sektoru ilə bağlı olan şikayətlərdir. Deməli, şikayətlərdən biri “Göygöl” şərab zavodunda istehsal olunan “Xan” içməli spirt adı altında satılan içki ilə bağlıdır. İstehlakçı zəng vurdu. Gedib deyilən yerdən onu aldım. Həmin spirt dezinfeksiya məqsədlidir. Amma içməli spirtlər olan yerlərdə satılır. Nəticədə insanlar bundan zəhərləniblər. İnsanların əsas şikayəti isə ondan ibarət idi ki, böyük butulkalarda olanların aksiz markaları yoxdur. 250 ml butulkalarda olan spirtlərin isə aksiz markası var. Üzərinə yazılan telefon nömrələrinin biri Bakıdakı “Dünya” Göz Xəstəxanasını, digəri isə paytaxtdakı evlərdən birinə qeydiyyatlıdır. Məlum oldu ki, üzərindəki etiketlər saxtadır”.
Eyyub Hüseynov deyir ki, başqa bir şikayət isə dondurulmuş toyuqlarla bağlıdır: “İnsanlar soruşur ki, dondurulmuş toyuqların vaxtı keçdikdən sonra necə olur, hara gedir?! Biz bu məsələni də araşdırdıq. Çünki zəhərlənmə faktları vardı. Dedilər ki, dondurulmuş toyuqlar əvvəlcə istehsalçıya geri qaytarılır. Sonra istehsalçı ətin donunu açır, yenidən sellofanlayır. Qablaşdırır. Bundan sonra üzərinə etiket yapışdırıb yenidən bazara çıxarır. Artıq bəzi istehlsalçılar bu kimi fəaliyyətlə məşğuldur. Yəni, dondurulmuş mal arzuolunmaz maldır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırmada Ukraynada istehsal olunan “Qualiko” markalı toyuq əti məhsullarının şişirdildiyini üzə çıxardı. Əhali də bununla bağlı böyük narahatlığını ifadə etdi. Hələ 2017-ci ildə biz həmin markalı toyuq ətlərinin tərkibində normadan bir neçə dəfə çox – təxminən 400 qrama qədər naməlum maye olduğu barədə məlumat vermişdik. Həmin məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq üçün dövlət orqanlarından xahiş etmişdik. Lakin məlum oldu ki, həmin toyuqlar yenə də gətirilir. Hətta Maştağa qəsəbəsində onların içərisinə naməlum maye vurulub şişirdilir. Saxta “Halal” nişanı ilə də satışa çıxarılır. Nazirlər Kabinetinin qərarına əsasən bütün mallar markalanmalıdır, onun üzərində etiket olmalıdır. Amma bəzi məhsulların üzərindəki etiketlər saxtadır”.
AİB sədrinin sözlərinə görə, istehlakçılar soruşur ki, bu vəziyyətdə hansı məhsullardan istifadə etməliyik: “Mən çağırış edirəm, Azərbaycanda kifayət qədər yumurta var. Azərbaycan yumurtaları kifayət qədər qidalıdır. İstehlakçılar əsasən yerli yumurtalara üstünlük versinlər. Çünki yumurtada koronavirus təhlükəsi də azdır. Qidalı məhsuldur. Azərbaycan hətta bu sarıdan qıtlıq çəkən ərəb ölkələrinə də yumurta ixrac edə bilər”.
Eyyub Hüseynov onu da əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi otel və restoranlarda, turizm obyektlərində xüsusi manotorinq aparmayıb: “Bu haqda məndə məlumat yoxdur. Hətta Azərbaycan hökuməti biznes qurumları üçün elə ərkəsöyün şərait yaradıblar ki, onlar öz şikayətlərini diqtə edəcəklər. Burada vəziyyət dəyişməlidir. Yeni istehlakçı və biznes davranışı meydana çıxmalıdır. Restoranlarda müştərilərlə məsafə saxlanmalıdır. Bu məsələ önəmlidir. Restoran və otellərdə çalışanların maska və əlcək taxmalarına ciddi riayət olunmalıdır. Müəyyən yerlərə məsafə saxlayın – yazısı yazılmalıdır. İstehlakçı da görməlidir ki, restoranlarda məsafə hansı səviyyədədir”.