Kazan görüşü sülh sazişinin imzalanmasını tezləşdirə bilər - Aydın Hüseynov

15:06 25.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Kazan şəhərində keçirilən BRİCS sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh sazişi istiqamətində danışıqların mühüm raundu kimi qiymətləndirilə bilər. Bu görüşün ən mühüm önəmi iki dövlət başçısının birbaşa, üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparmasıdır. İkili formatda belə bir görüşün təşkili sülh sazişinə doğru daha da yaxınlaşma üçün münbit şərait yaratmış olur”.

Bunu hafta.az-a Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşlə bağlı açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülh dialoqu kontekstində diqqət Azərbaycan və Ermənistan liderlərinin Kazanda ikitərəfli sülh gündəliyinin, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələlərin həllinə də yaşıl işıq yandırır. Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilməsi isə tərəflərin siyasi iradəsini əks etdirir.

A.Hüseynov bildirib ki, Bakı və İrəvan arasında sühh danışıqlarının intensivləşməsi sülh sazişinin imzalanmasını tezləşdirə bilər.

“Ancaq İrəvan gərək Qərbin təzyiqi ilə lüzumsuz təkliflər irəli sürməsin. Çünki bəzi hallarda Ermənistan müxtəlif hərəkətləri ilə sülhün baş tutmasını pozur, kommunikasiyalar məsələsində manipulyasiya edir, Nikol Paşinyan əməldə sözündən qaçır. Ona görə də İrəvan heç bir kənar təsirə qulaq asmayaraq öz müstəqil qərarını verməlidir”.