CNN-in sağlamlıq rubrikasında dərc olunan məqalədə kişilərin yaxşı cinsi həyat üçün diqqət etməli olduğu məqamlar paylaşılıb.
Hafta.az-ın yazdığına görə, Mərkəzi Florida Universitetindən uroloq Jamin Brahmbatt tərəfindən yazılan məqalədə xroniki stressdən pis qidalanmaya qədər bir çox faktorun cinsi sağlamlığa mənfi təsir göstərdiyinə diqqət çəkilib.
1. Yüksək stressdən uzaq durun.
Cərrah Brahmbatt xroniki stressin libidonun azalmasına və erektil disfunksiyaya səbəb ola biləcəyini bildirib. Mütəxəssis qeyd edib ki, stress zamanı orqanizm testosteron istehsalını maneə törədə bilən kortizol ifraz edir. Stresslə mübarizədə nizamlı idman, meditasiya və kifayət qədər yuxunun vacib olduğu bildirilib.
2. Nə yediyinizə diqqət edin.
Məqalədə pis yemək vərdişlərinin cinsi sağlamlığa mənfi təsir göstərə biləcək piylənmə, diabet və ürək-damar problemlərinə səbəb ola biləcəyi qeyd olunub. Bildirilib ki, araşdırmalar bel ətrafı 100 santimetrdən çox olan kişilərdə erektil disfunksiya ilə əlaqəli metabolik sindromun inkişaf riskinin daha yüksək olduğunu göstərir.
Meyvə, tərəvəz, yağsız zülal və bütün taxıllarla zəngin bir pəhriz tövsiyə olunur, eyni zamanda spirt istehlakını məhdudlaşdırmaq və həddindən artıq işlənmiş qidalardan qaçınmaq cinsi sağlamlığı yaxşılaşdıra bilər.
3. Məşq edin.
Brahmbatt ürək sağlamlığının cinsi funksiyanın qorunmasında əhəmiyyətini və idmanın bunda böyük rol oynadığını vurğulayıb. Müntəzəm məşqin ereksiyaya nail olmaq və saxlamaq üçün lazım olan qan axınının yaxşılaşdırılmasını dəstəklədiyi ifadə edilib.
Amerika Ürək Assosiasiyası həftədə ən azı 150 dəqiqə orta intensivlikdə aerobik məşq və ya 75 dəqiqə intensiv məşq etməyi tövsiyə edir.
4. Siqaretdən uzaq durun.
Uroloq qeyd edib ki, siqaret qan axınına təsir etdiyi üçün erektil disfunksiyaya səbəb olan əsas səbəblərdən biridir. Siqaretin tərkibindəki toksinlərin damarların daxili səthini zədələyərək cinsiyyət orqanına qan axını azalda biləcəyi ifadə edilib. Bildirilib ki, araşdırmalar siqaret çəkən kişilərdə erektil disfunksiya riskinin çəkməyənlərə nisbətən təxminən iki dəfə çox olduğunu göstərir.
5. Nizamlı yuxuya laqeyd yanaşmayın.
Məqalədə, yuxu apnesi də daxil olmaqla müxtəlif yuxu pozğunluqlarının testosteron səviyyəsinə ciddi təsir göstərə biləcəyi bildirilib. Yuxu rejiminin cinsi funksiyanın qorunmasında əhəmiyyətli olduğuna diqqət çəkən alim, lazımi həyat tərzi dəyişiklikləri və ya müalicələrin gecikdirilməməsi gərək olduğunu deyib.