Pakistanda mübahisəli konstitusiya islahatının qəbul edilməsindən sonra ekspertlər dünyanın ən çox əhaliyə malik beşinci ölkəsinin siyasi, hərbi və məhkəmə sahələrində köklü dəyişikliklər barədə xəbərdarlıq ediblər.
Hafta.az-ın yazdığına görə, Pakistanın yuxarı palatası olan Senat və aşağı palatası olan Milli Assambleya prezidentə ömürlük toxunulmazlıq verən 27-ci konstitusiya düzəlişini təsdiqləyib və maarqlıdır ki, dəyişiklik bir neçə saat ərzində prezident Asif Əli Zərdari tərəfindən qanuna imza atılıb.
Çoxsaylı korrupsiya işləri ilə üzləşən Asif Əli Zərdari əvvəllər yalnız prezidentlik müddəti ərzində toxunulmazlıqdan istifadə edirdi. Lakin, son düzəlişlə o, indi ömürlük hər hansı bir hüquqi araşdırmadan toxunulmazdır.
Lakin bu toxunulmazlıq gələcəkdə tuta biləcəyi digər dövlət vəzifələrinə şamil edilmir.
Ömürlük toxunulmazlıq həmçinin Pakistanın ən güclü adamı hesab edilən hazırkı Ordu Qərargah rəisi Asim Munirə də şamil edilir.
Düzəlişdə nəzərdə tutulur ki, ötən may ayında Hindistanla qısamüddətli münaqişədən sonra Munirin yüksəldiyi "feldmarşal" rütbəsinə malik hər hansı bir zabit öz rütbəsini və onu müşayiət edən imtiyazları ömürlük saxlayacaq və hər hansı bir cinayət təqibindən toxunulmaz olacaq.
Bu rütbə əvvəllər Pakistan tarixində yalnız bir zabitə, 1958-ci ilin oktyabrında çevrilişlə hakimiyyətə gələn diktator Əyyub Xana verilib.
Məlumata görə, İslamabadda yaşayan vəkil Osama Malik AFP-a deyib: “Bu toxunulmazlıq adətən mütləq monarxiyalarda verilir; bu, demokratiyanın tələb etdiyi kimi məsuliyyət daşımalı olan seçilmiş liderlərə verilmir. Biz bunu heç vaxt mülki hökumətlər dövründə görməmişik, biz bunu yalnız hərbi vəziyyət dövründə görmüşük. Düzəliş həmçinin Asim Munirə onu dəniz və hava qüvvələri komandirlərindən yuxarıda qoyan yeni bir vəzifə - “Müdafiə Qüvvələrinin Komandanı” yaratmaq səlahiyyəti verir”.
Vəkil Malik hesab edir ki, ordunun bütün təşkilati strukturu dəyişdirilib və bu, təhlükəli daxili bölünmələrə səbəb olub.
Bu kontekstdə yeni bir məhkəmə, Federal Konstitusiya Məhkəməsi yaradılıb.
Bu məhkəmə əvvəllər hazırda fəaliyyəti dayandırılmış Ali Məhkəmənin yurisdiksiyasına aid olan konstitusiya məsələlərini həll edə biləcək yeganə orqan olacaq.
Digər tərəfdən, ekspertlər icra hakimiyyətinin Ali Məhkəmə hakimlərini ölkə daxilində köçürməsinə icazə verilməsinin məhkəmə müstəqilliyinə xələl gətirəcəyindən qorxurlar. İki Ali Məhkəmə hakiminin istefası buna ən təəccüblü reaksiyalardan biri olub. Hakimlərdən biri Mənsur Əli, Prezident Zərdaniyə göndərdiyi istefa məktubunda yazıb: “27-ci düzəliş Pakistan Konstitusiyasına təhqirdir. Ölkənin ən yüksək məhkəməsini parçalamaqla məhkəmə sisteminin müstəqilliyi və bütövlüyü pozulur”.
Federal Konstitusiya Məhkəməsinin yeni hakimləri cümə günü Prezident Zərdani, Baş nazir Şahbaz Şərif və Ordu Qərargah rəisi Asim Munir də daxil olmaqla yüksək vəzifəli mülki və hərbi rəsmilərin iştirakı ilə and içiblər.
Ekspertlər hesab edirlər ki, bu məhkəmə dəyişiklikləri müxalifət lideri İmran Xana qarşı qaldırılan təxminən 200 işin həllinə təsir göstərə bilər.
Analitiklərə görə, keçmiş Baş nazir Xan ordunun dəstəyini itirdikdən sonra həbs edilib, lakin ordu siyasətə qarışdığını inkar edir.
Pakistan Ədalət Hərəkatı (PTI) tərəfindən təmsil olunan müxalifət səsvermə zamanı Milli Assambleyada düzəlişə etiraz edərək, onu "məhkəmə sisteminin müstəqilliyinə və demokratiyanın düzgün fəaliyyətinə ölümcül zərbə" adlandırıb.
Ordu Qərargah rəisi Asim Munir 2027-ci ildə vəzifəsindən getməli olsa da, 2030-cu ilə qədər ordunun rəhbərliyində qalacaq.
Pakistan ordusu haqqında kitab yazan siyasi analitik Ayşə Siddiqi bildirib ki, Munir Müdafiə Qüvvələrinin rəisi vəzifəsinə təyin olunacaq və 2030-cu ilin noyabr ayına qədər vəzifəsində qalacaq.