Körfəzin başı dərddə - TƏHLİL

10:40 02.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı müharibəyə başlaması və genişmiqyaslı hava hücumlarına start verilməsinin ağır təsiri, şübhəsiz, tək İranda deyil, bütün bölgədə açıq hiss olunur. ABŞ–İsrail birliyi hələ hücumlara başlamazdan çox əvvəl İranla qonşu olan bütün dövlətlər müharibəyə qarşı çıxdıqlarını bəyan ediblər.

Bu ölkələr, hətta öz ərazilərindən və hava məkanlarından İrana hücum üçün istifadəyə imkan verməyəcəklərini də bəyanlayıblar. Amma bu bəyanatlar deyəsən, az qala müharibə meydanına çevrilmələrinin qarşısını ala bilməyib.

Düşməni qoyub, qonşunu vururlar

Çox qəribədir ki, müharibə başlayandan bəri İranın istifadə etdiyi raket və dronların cəmi 17 faizi İsrailə atılıb, qalan 83 faizi məhz müharibə ilə əlaqəsi olmayan qonşu ərəb ölkələrinin ərazisini hədəf alıb.

Hətta bir az da incəliyinə varsaq, təxmini hesablamalara görə, İranın qonşu ərəb ölkələrinə atdığı raket və dronların 39,30 faizi BƏƏ-ni, 15,30 faizi Küveyti, 12,22 faizi Səudiyyə Ərəbistanını, 7,19 faizi Bəhreyni, 5,25 faizi İordaniyanı, 4,78 faizi Qətəri, 0,13 faizi Omanı və 0,06 faizi Türkiyəni hədəf alıb.

Qeyd etdiyimiz kimi, İran bu müddətdə ən çox BƏƏ ərazisinə hücum edib. Martın sonlarına olan rəqəmlərə əsaslansaq, məsələn, BƏƏ hava hücumundan müdafiə sistemləri toplam 433 ballistik raket, 19 qanadlı raket və 1977 dronu məhv edib, nə qədərini isə zərərsizləşdirmək mümkün olmayıb.

Eləcə də Küveyt ərazisi güclü zərbələrə məruz qalmaqdadır. Müharibənin bir ayı ərzində Küveyt hava məkanında, ümumilikdə, 307 ballistik raket, 2 qanadlı raket və 629 dron aşkar edilib.

Bundan başqa, Bəhreyndə 200-dək raket və 400 civarında dron, İordaniyada 262 raket və dron, Səudiyyə Ərəbistanında 52 raket və mindən çox dron hücumu qeydə alınıb. 

İran, hətta ən etibarlı qonşusu olan Omana 19 və qardaş ölkə adlandırdığı Azərbaycana bir neçə dron atmağı da yaddan çıxarmayıb.

İsrailə atılan raket və dronlar ümumi hava hücumlarının cəmi 15,78 faizini təşkil edib.

Nifaqın səbəbləri

Sual yaranır: ərazilərində ABŞ hərbi bazalarının olmasına baxmayaraq, bu ölkələrdən hər hansı təhdid yoxdursa, İran niyə onlara hava hücumları edir? Hətta bəzən hücumlar Amerika bazalarını vurmaqdan daha irəli gedir.

İranın Yaxın Şərqdə aparıcı güc olma istəyi yüzillər boyu davam edib. Müasir dövr ötən əsrlərin reallıqlarını çox qabaqlayır, indi ərəb ölkələri karbohidrogen ehtiyyatlarından əldə etdikləri gəlirə arxalanaraq son texnologiyaya əsaslanan iqtisadi inkişaf prosesindədirlər. İran isə 47 ildir, beynəlxalq sanksiyalar altında sıxışaraq öz gücünə ayaqda qalmağa çalışır. Tarixi regional güc olma iştahası onu bu beş onillik dövrdə əlindəki bütün imkanları silahlanmaya xərclədiyini, nəticədə isə ölkə əhalisinin səfalətdə yaşadığını üz çıxarır.

İran birmənalı olaraq Körfəzdə söz sahibi olma iddiası irəli sürür. Bu müstəvidə BƏƏ-yə aid olan üç ada – Əbu Musa, Kiçik Tumb və Böyük Tumb üzərində tarixi haqqının olduğunu bildirir, ona görə də Əmirliklərlə ciddi ədavət yaşayır. Üstəlik, BƏƏ də daxil olmaqla, Körfəz bölgəsindəki kiçik ölkələrin – Qətər, Bəhreyn və Küveytin dövlət və cəmiyyət olaraq yüksək həyat şəraiti təsis etdiklərini, əlbəttə, Səudiyyə Ərəbistanı Krallığının İslamın mənəvi mərkəzi olma mövqeyindən əlavə, sürətlə iqtisadi regional gücə çevrildiyini görən İran onların inkişafına qısqanclıqla yanaşır.

Bu arada, İran əvvəllər bu qonşularının inkişafını ləngitmək üçün məzhəb silahından istifadə edib. Məsələn, yaxın keçmişdə Bəhreyndə şiə azlığı üsyana qaldıran İran məhz Səudiyyə Ərəbistanı kimi ölkələrin Manamaya dəstəyi sayəsində istədiyinə nail olmadı.

İranın məzhəb əsaslı təxribatı vaxtilə Məkkəyə - Haramül Məscid-in ətrafınadək yayılmışdı...

İran məhz şiə-məzhəb silahından istifadə edərək günümüzdə İraq kimi böyük ərəb ölkəsini öz vassalına çevirə bilib. Hətta deyərdik ki, Səddam Hüseyndən sonrakı dönəmdə yaradılan Haşdi-Şabi kimi silahlı qüvvələr onsuz da İranın çaldığını oynayan İraq hökuməti üzərində ciddi nəzarət mexanizminə malikdirlər. Yəni İraq ərəb ölkəsi olaraq digər ərəb ölkələri ilə birlik nümayiş etdirməkdən daha çox İranın forpostuna çevrilib.

Bu arada, İsrailin İrana hava hücumları tamamilə İraq səmasından edildiyi halda, İran bu ölkəyə qarşı açıq mövqe nümayiş etdirmir.

Bütün bu narahatlıqlar səbəbindən, 1981-ci ildə regional sabitliyin və kollektiv təhlükəsizliyin qorunması məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) yaradılıb. Hətta 1990-cı ildə İraqla müharibəyə başlayan İrana qarşı güclü müdafiə sistemi formalaşdıra bilməyəcəyini anlayan KƏŞ dövlətləri ABŞ ilə hərbi təhlükəsizlik müqavilələri imzaladılar. İndi İran rəsmiləri deyir, guya adıçəkilən qonşu ölkələrə yox, onların ərazisindəki Amerika bazalarını vururlar, bax, həmin bazaların regiona gəlməsinin əsas baiskarı elə İranın təhlükəli siyasətidir. Vaxtilə mehriban və iddiasız qonşu ola bilsəydilər, Amerika bazaları da regionda olmazdı. 

İran heç vaxt öz günahını qəbul etmir. Tehranın nöqteyi-nəzərindən Amerika ilə tərəfdaşlıq KƏŞ ölkələrini ABŞ-nin regional gücünü genişləndirir. Ərəb ölkələrinin hökumətləri isə əksinə, bəlkə də İranın cavab hücumlarının hədəfinə çevrilmək riskini və Vaşinqtonun İranın nüvə iddialarına son qoymaq üçün uzun müddətdir davam edən istəyini nəzərə alaraq Ağ ev administrasiyalarını İranla hərbi münaqişədən çəkinməyə inandırmağa çalışıblar.

Səbrin də həddi var, İranın ərəb dövlətlərinə hücumları davam etdikcə, – mülki infrastrukturun qəsdən hədəfə alınması da daxil olmaqla, – Körfəz ölkələri Vaşinqtonun onları daha geniş müharibəyə cəlb etmək səylərindən asılı olmayaraq, Tehrana qarşı qisas almaq hüquqlarını getdikcə daha çox vurğulayırlar.

ABŞ niyə qorumur?..

Bu da bir həqiqətdir ki, İsrailin təzyiqi altında kor-koranə İranla müharibəyə başlayan ABŞ, əslində, bölgə ölkələrini çox təhlükəli vəziyyətə salıb. Küveyt istisna olmaqla, regionun heç bir ərəb ölkəsi uzun illərdir, müharibə vəziyyəti yaşamayıb, əksinə, tikib-yaradıb, əhali üçün zəngin həyat şəraiti təsis edib, dünya turistlərinin sevimli mərkəzinə çevriliblər. Vaşinqtonun siyasəti onları raketlərin hədəfinə çevirib. Bəs belədirsə, Birləşmiş Ştatlar niyə bu ölkələri İranın hava hücumlarından qorumur?

Məncə, ABŞ təkləndiyini anlayır, çünki nəinki region ölkələri, ənənəvi müttəfiqləri olan Avropa dövlətləri də “Bu bizim müharibə deyil”, – deyərək müharibəyə qoşulmurlar. Çox güman, ABŞ KƏŞ ölkələrini effektiv qorumamaqla onları birbaşa müharibəyə qoşulmağa məcbur etmək istəyir.

Çox güman ki, region dövlətləri bütün zərbələrə rəğmən, onillər ərzində Fələstinin, Colan təpələrinin timsalında Suriyanın, bir şey olmamış Livanın başına müsibətlər gətirən İsraillə eyni səngərdə İrana qarşı savaşmayacaqlar. Odur ki, ABŞ İranın bu ölkələrin ərazilərinə edilən hava hücumlarına “səbirlə yanaşır”.

Səudiyyə Ərəbistanından olan siyasi şərhçi Süleyman əl-Aqili bu yaxınlarda “Amerika müttəfiqi” ilə bağlı ciddi məyusluq ifadə edərək, ABŞ-nin İsrailin maraqlarını KƏŞ-in təhlükəsizlik narahatlıqlarından üstün tutduğunu və körfəzi İran hücumlarına qarşı həssas vəziyyətdə qoyduğunu vurğulayaraq, ciddi çəkindirici tədbirlər görmədən belə bir vəziyyətə saldığını bildirib. “ABŞ İsrailin təhlükəsizliyinə, sabitliyinə və əhalisinə diqqət yetirir, Ərəb dövlətlərinin müdafiəsinə diqqət ayırmır”, – deyə o bildirib.

Bu arada, ötən həftə tanınmış BƏƏ iş adamı Xələf əl-Habtur da Trampa ünvanlanmış və sonradan silinmiş səmimi bir tvit paylaşıb. O, “Cənab Prezident Donald Tramp, bölgəmizi İranla müharibəyə sürükləmək səlahiyyətini sizə kim verib?” – deyə soruşub. Bir neçə gün sonra başqa bir Əmirlik iş adamı Əbdül Qaffar Hüseyn də bu fikirləri bölüşərək “Prezident Trampın İsrailə rəğbəti dəhşətli, iyrənc və ABŞ kimi bir ölkəyə yaraşmayan hala gəlib” deyib.

Su böhranı təhlükəsi

KƏŞ ölkələrini narahat edəcək başqa bir amil də var – içməli su təhlükəsi. Bilməliyik ki, Körfəz ölkələrinin təbii su ehtiyatları son dərəcə məhdud, adambaşına düşən orta illik su ehtiyatı təxminən 100 kubmetr səviyyəsindədir ki, bu da BMT-nin “mütləq su qıtlığı” həddindən çox aşağıdır. Ərəbistan yarımadası ölkələri suya olan tələbatının böyük hissəsini məhz dəniz suyunu şirinləşdirmə yolu ilə ödəyirlər. Bu müstəvidə nəzərə alaq ki, Körfəz sahili boyunca 400-dən çox dəniz suyunu şirinləşdirən zavod fəaliyyət göstərir və bu qurğular içməli su, kənd təsərrüfatı və sənaye üçün mühüm rol oynayır. Sabah səbr kasası daşarkən İrana qarşı cavab tədbirləri görsələr, İran vacib mülki infrastrukturu, o cümlədən əhalinin suya tələbatının 40 faizini ödəyən sözügedən su təmizləyici zavodları hədəf ala bilər ki, bu da bölgənin on milyonlarla əhalisini humanitar böhrana sürükləyər.

ABŞ-dəki Tufts Universitetinin Su Diplomatiyası Proqramının direktoru Şəfikul İslama görə, əgər Körfəz ölkələrində su infrastrukturu və duzsuzlaşdırma sistemləri ABŞ/İsrail-İran müharibəsində hədəfə alınarsa, həyat bir neçə saat ərzində dayana bilər.

"Şirinləşdirilmiş su regionu canlı saxlayır. ABŞ-İsrail ittifaqı ilə İran arasındakı münaqişələr indi hər ikisini təhdid edir. Körfəzdə elektrik enerjisini kəsməklə su təchizatını dayandıra bilərsiniz. Bunun səbəbi, duzsuzlaşdırma qurğularının hücumlara və ya kiber əməliyyatlara qarşı həssas olan böyük elektrik stansiyalarına, yüksək gərginlikli şəbəkələrə və sahil su qəbulu nöqtələrinə qoşulmasıdır. Buna görə də, ABŞ və İsrailin İrana hücumları və İranın cavab variantları təkcə enerji bazarları üçün deyil, həm də Yaxın Şərqdəki milyonlarla insanın əsas su ehtiyatları üçün ciddi risklər yaradır”, - İslam deyib.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Statistika Mərkəzinin məlumatına görə, 2023-cü ildə altı Körfəz ölkəsi şirinləşdirmə yolu ilə təxminən 7,2 milyard kubmetr təmiz su istehsal edib.

O cümlədən, Səudiyyə Ərəbistanı 3 milyard kubmetr, BƏƏ 1,9 milyard kubmetr, Küveyt 0,8 milyard kubmetr, Qətər 0,7 milyard kubmetr, Oman 0,5 milyard kubmetr və Bəhreyn 0,3 milyard kubmetr dəniz suyunu şirinləşdirib.

Qeyd edək ki, martın 23-də İranın yarı-rəsmi Fars Xəbər Agentliyi Donald Trampın “İranın elektrik qurğularına hücum” təhdidlərindən sonra Körfəz ölkələrində və İordaniyada yerləşən 11 əsas enerji istehsalı və dəniz suyunu şirinləşdirən qurğunun şəkillərini paylaşaraq, hücum olarsa qarşılığında onların hədəf alınacağını göstərib.

Qısası, İranın Yaxın Şərqdə söz sahibi olma iştəhası, İsrailin Fələstinin varlığını heçə sayaraq, qonşu Livan və Suriyaya qarşı onilləri aşan təcavüzkar siyasət yürütməsi və ABŞ-ın bu vəziyyətdən istifadə edərək regionun zəngin neft və qaz ehtiyyatlarına nəzarət etmək istəyi indiki müharibənin əsas səbəbidir. Fikrimizcə, İran və İsrail qonşularının torpaq bütünlüyünə, suverenliyinə hörmət etməyi bacarsalar, Yaxın Şərq azad nəfəs alacaq. Baxmayaraq ki, qlobal münaqişələrin baiskarı adlandırılan neftin böyük yataqları buradadır, qarşılıqlı fayda əsasında, dinc-yanaşı ondan istifadə etmək heç bir ölkəyə problem yaratmayacaq...