“Nə qədər ki, Azərbaycan silahlı qüvvələri ərazi bütövlüyümüzü tam təmin eləməyib, erməni silahlı birləşmələri ərazilərdən çıxarılmayıb, oradan arxa cəbhə kimi istifadə edəcəklər. Ola bilsin ki, Ermənistan öz silahlı qüvvələrini sərhəddə toplayıb atəşkəsi pozmaqla bizi KTMT üzvü olan ölkələrlə üz-üzə gətirməyə çalışsın”.
Bunu hafta.az-a hərbi ekspert Ramiz Şərifov Soçidən sonra hərbi vəziyyətin hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı sualımıza cavab olaraq bildirib.
Ramiz Şərifov uzun müddət sovet ordusunda xidmət edən, rusun hərbi taktikasına yaxşı bələd olan bir şəxs kimi hesab edir ki, reallıqda bu addım regionda güclü bir dəyişikliyə gətirib çıxarmayacaq. Onun fikrincə, Zəngəzurda dəhliz ermənilərin əlində olacaqsa, o dəhlizdə hərəkət eləmək bizim üçün çətin olacaq.
“Danışıqlar nəticəsində kimin nə qazanıb, nə itirəcəyi hələ şübhə altındadır. Hər halda biz qalib durumdayıq. Azərbaycan Silahlı Qüvvələri elə bir vəziyyətdədir ki, istənilən an komanda verilsə, Azərbaycan ərazisində düşməni əzməyə qadirdir. Reallıqda isə rus ordusu orda olduğuna görə biz ruslarla hər hansı bir toqquşmanın olmasını istəmirik. Rusiya ərazi baxımdan, əhalinin sayı, hərbi cəhətdən bizdən güclüdür”.
Ekspert hesab edir ki, Soçi görüşündə Rusiya və digər güclərin maraqlarını nəzərə alsaq, sərhədlərin müəyyənləşməsi özünün həllini tapa bilər.
“Rusiya ortaq məxrəc axtaracaq. Amma sərhədlərin müəyyənləşməsi ilə təklif olunan xəritələr arasında çox fərqlər var. Bizim Azərbaycan əraziləri hazırkı Ermənistan ərazilərində qalan torpaqlarımızda bunların da tam həllini tapacağı inandırıcı görünmür. Hər halda bizim mövqeyimiz güclüdür. Qardaş Türkiyə ilə birlikdə bizim mövqeyimiz daha real, daha obyektiv görünür”.
R.Şərifov hesab edir ki, Ali Baş komandanın qətiyyətli mövqeyi onu göstərdi ki, regionda yeni situasiya əmələ gəlib.
“Azərbaycan silahlı qüvvələri regionda ən güclü hərbi qüvvələrdir. Ermənistanın təkbətək bizə nəsə eləməsi mümkün deyil. Bizim silahlı qüvvələrin gücünü Rusiya da bilir. Bu müharibədən sonra da Azərbaycan öz mövqeyini daha gücləndirəcək. Bu o demək deyil ki, Ermənistan nə deyəcək biz ona razılaşacağıq. Sülh sazişi olarsa, sərhədlər birdəfəlik müəyyənləşəcək.
Əsas məsələ bu gün Azərbaycan Ermənistan sərhədlərinin müəyyənləşməsi və qorunmasıdır. Daxildə olan erməni silahlı birləşmələri isə tədricən ərazini tərk edib gedəcək”.
R.Şərifov hesab edir ki, hazırda Laçın dəhlizinin qalması bizim suverenliyimizə böyük təhdiddir. Amma Zəngəzur dəhlizinin açılması Ermənistanın suverenliyinə heç bir təsir etmir. Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərpa etməsi ölkəmizin suverenliyinin bərpası deməkdir. Laçın dəhlizi hazırda rusların nəzarəti altında olduğuna görə suverenliyi təhdid altındadır. Laçın dəhlizi bağlanmasa, erməni silahlı qüvvələri ərazilərdən çıxmasa bu təhdid həmişə qalacaq. Əsas məsələ çöldən sərhədlərin müəyyən edilməsi və möhkəmlənməsidir”.