Laçın dəhlizi də Azərbaycanın nəzarətinə verilməlidir - Arzuxan Əlizadə

16:17 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan qonşu dövlət olan İrana dostluq, qardaşlıq niyyətini dəfələrlə ifadə etsə də,  bu ölkə ərazilərimizin 30 il işğal altında olduğu dönəmdə din qardaşı hesab etdiyi Azərbaycana deyil, işğalçı Ermənistana dəstək verib. Müharibə gedən vaxtlar da İrandan Ermənistana Rusiya silahları və digər yüklər daşınıb”.

Bunu hafta.az-a Gorus-Qafan yolunda İran tırlarının saxlanılması, sərhəddə baş verən son proseslər, Ermənistandan gələn sərsəm çıxışların fonunda AMİP sədri Arzuxan Əlizadə bildirib.

A.Əlizadə İranın müharibədən sonrakı dönəmdə də bu fəaliyyətini davam etdirdiyini deyib.

“Əgər İran o cür fəaliyyət göstərirsə, təbii ki, Azərbaycanın da münasibəti adekvat olmalıdır.  O tırların saxlandığı, yoxlanıldığı ərazi Azərbaycan ərazisidir, ermənilər  30 illik işğaldan istifadə edərək, sərhədləri də qabağa çəkiblər. Gorus-Qafan adlandırılan yol həmçinin İrandan Ermənistana gələn beynəlxalq avtomagistral hesab olunur.  Azərbaycan ərazisinə düşdüyü üçün  təbii ki, ərazidən aparılan yüklər  Azərbaycan hüquq-mühafizə orqanları, sərhəd qoşunları tərəfindən yoxlanılmalıdır. Demarkasiya, delimitasiya prosesi başa çatmasa da, dekabr ayından başlayaraq Azərbaycan həmin əraziləri özünə qaytarıb. Azərbaycan artıq ordadır və o yol bizim nəzarətimizdədir.  Azərbaycanın nəzarəti altında olan yoldan digər xarici ölkənin maşınları keçirsə bunun Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılması bizim təbii hüququmuzdur.  Təbii ki, bundan Ermənistan da narahat olacaq, İran tərəfi də”.

A.Əlizadə bildirib ki, İrandan Gorus-Qafan yolunda saxlanan tırlar geri qaytarılsa da, Laçın dəhlizi istiqamətindən Qarabağa da aparılır. O, bu mənada hesab edir ki, Laçın dəhlizi də Azərbaycanın nəzarətinə verilməlidir:

“Laçın dəhlizi” rus hərbçiləri ilə yanaşı Azərbaycanın müvafiq orqanlarının nəzarətinə götürülməlidir”.

Oxunma sayı 71
Siyasət rubrikasından digər xəbərlər