Hər il avqustun 20-də macar xalqı Macarıstan dövlətinin 1000 ildən çox tarixini qeyd edir.
Hafta.az-ın yazdığına görə, avqustun 20-si Macarıstanda Müqəddəs Stefan Günüdür, həmçinin Yeni Çörək Günü kimi tanınan milli bayramdır. Macarıstan Dövlətinin təməlinin qoyulmasını xatırlayır və Macarıstanın ilk kralı Müqəddəs Stefanı şərəfləndirir. Bu gün Budapeştdə Tuna çayı üzərində böyük atəşfəşanlıq da daxil olmaqla müxtəlif şənliklərlə qeyd olunur.
Bu bayramın tarixi haqda nə bilirik? Macarıstanın ilk hökmdarı Kral Müqəddəs Stefan Böyük Şahzadə Geza və onun həyat yoldaşı Saroltun yeganə oğlu idi. Valideynlərinin hər ikisi əslində vaftiz olunsa da, Stefan ailəsinin ilk məsihçi üzvü idi. Doğularkən qoyulan adı Vayk idi və vaftiz olunarkən xristian adı - Stefan verilib.
Atasının yerinə taxta keçdikdən sonra Stefan bütpərəst lider olan qohumu Koppani ilə taxt uğrunda mübarizə aparıb. Ümumi münaqişə xristianlarla və bütpərəstlər arasında, hətta daha dəqiq desək, varislik xəttinin iki fərqli anlayışı ətrafında baş verib.

Xristianlığın primogeniture qanununa görə, hökmdarın ilk oğlu, yəni Stefan taxt-tacı miras almalı idi, qədim bütpərəstlik anlayışı isə Koppaninin varislik iddiasını dəstəkləyirdi.
Beləliklə, anlaşa bilməyən iki qohum qanlı müharibəyə girib, Stefan nəhayət həm xarici cəngavərlərin, həm də yerli lordların köməyi ilə düşmənini məğlub edib. Macarıstanda hətta bu münaqişəsini əsas alan “Stefan, Kral” rok operası (İstván, a király) da səhnəyə qoyulub.
Taxt üzərində bu toqquşmadan sonra Stefan müxtəlif ənənələrə görə ya 25 dekabr 1000-ci ildə, ya da 1 yanvar 1001-ci ildə taxta çıxaraq tacı başına qoyub. Məhz bu, Macarıstan Krallığınının qurulma tarixini göstərir.
Bundan sonra da müstəqil qalan tayfalara və liderlərə qarşı yeni döyüşlər aparılıb (məsələn, əmisi, Kiçik Gyula), lakin sonda kral Stefan macarları xristianlığı qəbul etməyə və bütün Karpat hövzəsini birləşdirməyə nail oldu. O, həm də yeni doğulmuş krallığı yadelli işğalçılardan qoruyub.
Kral Stefan 15 avqust 1038-ci ildə vəfat edib və Sekesfehérvarda tikilmiş və Müqəddəs Məryəmə həsr olunmuş yeni bazilikasında dəfn olunub. Stefan oğlu İmre ilə birlikdə 20 avqust 1083-cü ildə Kral Müqəddəs Ladislausun hakimiyyəti dövründə Papa VII Qriqori tərəfindən xristianlığı Macarıstana gətirdiyi üçün müqəddəsləşdirilib. Sonralar o, Macarıstanın himayədarı sayılıb. 1771-ci ildə Kraliça Mariya Terezanın hakimiyyəti dövründən başlayaraq günümüzədək milli dövlət və kilsə bayramı sayılır.

Dini mahiyyətinə görə Müqəddəs Stefan Gününün qeyd edilməsi kommunist dövründə dünyəviləşdirilib. Kommunist Partiyası bayramın milli əhəmiyyətini unutdurmağa çalışıb və 1945-ci ildən 1990-cı ilə qədər bu bayram sadəcə Konstitusiya Günü kimi tanınıb.
Amma zaman keçdi, Macarıstan kommunist rejiminin təsirindən qurtuldu və bu bayram yenidən macar xalqının himayədarını və 1000 ildən çox əvvəl qurulan Macarıstan dövlətinin tarixini yad edir.
P.S. Hafta.az kollektivi olaraq Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma və səfirliyin bütün əməkdaşlarını bayram günü münasibətilə təbrik edirik.