Mariupollu ailə ruslardan xilas oldu - 125 KİLOMETR PİYADA GETDİLƏR

14:00 24.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya istilaçılarının ağır bombardmana tuttuğu Mariupolda yaşayan altı nəfərlik ailə şəhərdən necə qaça bildiklərini danışıblar. 

Hafta.az-ın yazdığına görə, Tatyana Komisarova və həyat yoldaşı Yevgeni Tişenko, övladları altı yaşlı Yuliya, səkkiz yaşlı Oleksandr, 10 yaşlı Anna və 12 yaşlı Ivanla birlikdə çıxdıqları çətin yolçuluğu Fransanın AFP Agentliyinə anladarkən 37 yaşlı Tişenko deyib ki, bombardman altındakı Mariupolda xeyli vaxt evlərinin altındakı zirzəmidə yaşayıblar. Amma orada qalmaq olmurmuş. Çünki həm soyuq, həm rütubət, həm də hər partlayışdan sonra toz-torpaq onların nəfəsini kəsirmiş. Bu səbəbdən də qərara gəliblər ki, Allahın icazəsi ilə, şəhərdən çıxıb təhlükəsiz yerlərə qaçsınlar.

"Yola çıxmaq barədə bazar günü qərar verdik. Küçədə atılıb qalmış üçtəkərli əl arabası tapdıq, ağır çantalarımızı ora yüklədik və yola düşdük" deyən Tişenko bildirib ki, 4 gücə 5 gün yol gediblər. Hətta rus əsgərlərin nəzarət etdikləri bir neçə buraxılış postunu keçiblər.

Rusların bütün postlarda onları sorğu-sual etdiklərini deyən Tişenko, "Bizdən hər dəfə "Haradan gəlirsiniz, Mariupoldanmı? Niyə bu tərəfə gedirsiniz, Rusiya istiqamətinə getmirsiniz" soruşurdular. 

O qeyd edib ki, yolçuluq zamanı gecə düşəndə yolüstü tanımadıqları adamların evində gecələyiblər, həmin evlərin sahibləri tərəfindən yedirilib-içiriliblər, onlara yataq dəsti filan verilib. Gündüzlər isə ailə yoluna davam edib. Hətta ailə Zaporojye şəhərinin 100 kilometrliyində, rusların nəzarət etdiyi Poloxi qəsəbəsində Dmitro Zhirnikovla tanış olublar və onun maşınına oturublar. 

Tişenko deyib ki, maşına oturunca artıq Mariupoldan 125 kilometr məsafəni ayaqla qət etmişdilər. 

"Biz rusların nəzarətindəki sonuncu buraxılış postunu keçəndən sonra dərindən nəfəs aldıq və göz yaşımızı tuta bilmədik" deyən 40 yaşlı Tatyana bildirib ki, yeganə istəkləri övladlarının məhz Ukraynada yaşadığını görməkdir. "Onlar ukraynalıdırlar, başqa bir ölkədə yaşaya biləcəklərini ağlıma belə gətirmirəm", - deyib Tatyana.

Nəhayət, ailə cümə günü Lvov şəhərinə gedən bir qatara minib. Onların istəyi ölkənin qərbində - Rumıniya sərhədində yerləşən İvano-Frankivsk şəhərinə getməkdir. 

Siyasət rubrikasından digər xəbərlər