Dovğanı “çiy ayran”dan hazırlamaq ən sağlam üsuldur
Bütün fəsillərdə sevilən və ləzzətlə içilən milli yeməklərimizdən biri də dovğadır. Çoxları tərəfindən içki olaraq qəbul edilən dovğanın insan orqanizminə xeyirləri heç də az deyil. Tərkibində olan qatıq yüksək xolesterol və şəkər xəstələri üçün olduqca faydalıdır. Pis xolesterolu aşağı salır, yaxşı xolesterolu yüksəldir və yağların əriməsini asanlaşdırıb kökəlmənin qarşısını alır. Təsadüfi deyil ki, arıqlamaq istəyən şəxslərə mütəxəssislər tərəfindən dovğa məsləhət görülür. Bölgələrimizə görə hazırlanma qaydası və qatılan inqridiyentlərinin fərqliliyi, “Naxçıvan dovğası”, “Gəncə dovğası” kimi çeşidlərini də formalaşdırıb.
Yay aylarında sərinlədici xüsusiyyəti, qışda isə əksinə, isti içilə bilməsi ilboyu dovğanın populyarlığını qoruyan ən əsas amildir. Faydalarını sadaladıq, lakin dovğanın bilinməyən ziyanları da var. Belə ki, o mədə-bağırsaq sistemində bir sıra problemlərə yol açıb, köp yaradır.
Hazırda marketlərdə müxtəlif firmaların dovğaları satılmaqdadır. Satıcılar bütün fəsillərdə dovğaya tələbatın olduğunu söyləyirlər. Qablaşdırılmış bu hazır məhsulların saxlama müddəti aylarla ölçülür ki, bu, ağıllarda bir sual yaradır. Axı evdə hazırlanan dovğanın ömrü bu qədər uzun olmur. Bəs görəsən, mütəxəssislər bu məsələdə hansı fikirdədirlər? Sağlam dovğa evdə hazırlanandır, yoxsa marketdə satılan?
Məsələ ilə bağlı hafta.az-a danışan qida texnoloqu Ağa Salamov söylədi ki, çoxları ev şəraitində belə düzgün dovğa hazırlamağın qaydasını bilmir. Sən demə, dovğanı “çiy ayran”dan hazırlamaq ən sağlam üsuldur:
“Dovğa bişirilmiş qatıqdan hazırlanır. Bu hal isə sağlamlıq baxımından heç də yaxşı deyildir. Dədə-baba qaydası ilə götürsək, onda dovğalar nehrə çalxanıb, yağ əldə edilən zaman alınan ayrandan hazırlanmalıdır. Məlum məsələdir ki, indi bu ayranı tapmaq asan məsələ deyil. Həmin ayran çiy olduğundan, onu bir dəfə bişirib dovğa əldə etmək mümkündür. Bu, sağlam dovğa sayılır. Marketlərdə satılan dovğalara qıcqırmanın qarşısını almaq, ömrünü uzatmaq üçün qatqı maddələri vurulur”.
Mütəxəssis oxucularımıza alternativ yay içkisi olan, atlamanı, başqa adla desək, doğramacı məsləhət gördü:
“Tövsiyə edərdim ki, evdə hazırlanıb istehlak edilsin. Ən yaxşısı isə odur ki, göyərti və ayrandan istifadə edilərək doğramac, atlama hazırlansın. Bu, dovğadan qat-qat daha faydalıdır. Həm bitki, həm də qatıq bişirildikdə tərkibindəki vitamin və mineralları itirmiş olur”.
Dovğanın hazırlanma qaydasına gəldikdə isə qida texnoloqunun sözlərinə görə, ana maddələri qatıq, düyü və göyərtidən ibarət olan bu yeməyi daha sağlam hala gətirmək heç də mümkünsüz deyil.
“Əgər kimsə çiy göyərtidən atlama hazırlamaq istəmirsə və məhz bişmiş istəyirsə, bu zaman göyərtini qaynar suya salıb-çıxarıb, anındaca buzun üstünə qoya bilərlər. Həmin göyərtini də soyuduqdan sonra qatığa əlavə etmək olar. Bu zaman göyərti tərkibində olan faydalı elementləri itirmir”.
Ümidvarıq ki, bu dəfə də sizləri faydalı məlumatlar ilə tanış etdik. Çalışın, özünüzün və sevdiklərinin sağlamlığını qorumaq, damağınızı dadlandırmaq üçün mütəxəssislərin fikirlərini nəzərə alasınız.