Məcəllə bazarda rəqabət yaradacaq? - AKTUAL

12:20 05.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycanda uzun zamandan sonra parlamentdə Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Bu dəfə Məcəllənin qəbul ediləcəyinə ümidlər böyükdür. Ekspertlər hesab edirlər ki, əgər qanunun qəbulundan sonra onun işlək mexanizmə çevrilməsi təmin olunarsa, bazarda ciddi səliqə-səhman yaranacaq.

Yeri gəlmişkən, qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində bundan əvvəl sahibkarlıq subyektinin hökmran mövqeyə sahib olmasına görə cərimə tətbiq ediləcəyi bildirilsə də, məlum olub ki, sənəddə belə hal nəzərdə tutulmur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib ki, sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək: "Elə başa düşülməməlidir ki, hansısa şirkət hökmran mövqedə olsa, dövlət onu cərimələyir. Belə hal yoxdur. Bütün cərimələr sahibkarlıq subyektinin hərəkətlərinə görə tətbiq eidlir”.

Onun sözlərinə görə, əgər hökmran mövqeyə çatan şirkət heç bir qaydanı pozumursa, ona cərimə tətbiq edilmir: “Amma o qaydaları pozursa, yəni qiymətləri süni şəkildə artırısa, başqaları ilə razılaşaraq bazara digər şəxsi buraxmırsa, ona cərimə tətbiq edilir. Tutalım, şirkətin bazarda 90 faiz payı varsa, amma heç bir qaydanı pozmursa, cərimələnmir".

Maraqlıdır, görəsən, yeni Məcəllə ölkədə nə dərəcədə rəqabət mühiti yarada biləcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, əslində sahibkarın bazarda payı kifayət qədər böyükdürsə, onun bazara təsir imkanları da yetərincə çox olur: “Hesab edirəm ki, bu məsələdə ABŞ və Avropanın analoji təcrübəsindən yararlanmaq məqsədəuyğundur. Rəqabət Məcəlləsi layihəsinə əsasən, hər hansı şirkət və ya sahibkar bazarda hökmran mövqeyə malikdirsə, bu halda onun bazara təsiri qiymətləndirilməlidir. Layihədə bu göstərici 50 faiz nəzərdə tutulur. Həm ictimai müzakirədə, həm də komitə iclasındakı çıxışımda mən bu həddin 40 faizə endirilməsini təklif etdim. Çünki Avropa İttifaqında, Gürcüstanda, eləcə də bir sıra ölkələrdə bu rəqəm 40 faiz səviyyəsində qəbul olunub. Fikrimcə, müzakirələrin məhz bu hədd üzərində aparılması daha məqsədəuyğundur. Təklif edilən layihəyə uyğun olaraq, şirkət, yaxud da sahibkarın bazardakı payı 50 faizdən artıq olursa, onun bazara təsirləri rəqabət orqanı tərəfindən qiymətləndirilməlidir. Əgər bazarda süni qiymət artımı baş vermirsə, rəqabət tələbləri pozulmursa və ya bazara çıxış imkanlarına əngəl törədilmirsə, bu halda sahibkarın fəaliyyətinin bazara təsir etmədiyi müəyyənləşdirilir. Lakin digər ölkələrin praktikası göstərir ki, adətən, hər hansı sahibkarın bazarda payı kifayət qədər böyükdürsə, yəni 70 fazdən çoxdursa, onun təsir imkanları da yetərincə çox olur. Bu halda rəqabət orqanları tərəfindən həmin sahibkarla bağlı zəruri addımlar atılır. Bütün bunları nəzərə alaraq təklif etmişdim ki, yuxarıda bəhs olunan rəqəm 50 faizdən 40-a endirilsin. Çünki bazarda 80-90 faiz paya malik sahibkarın təsir imkanları kifayət qədər böyük olur. Ona görə də həmin şirkətin bazar payının azaldılması, yaxud da Avropa və ABŞ-da olduğu kimi bir neçə şirkətə bölünməsi, həmçinin digər şirkətlərin bazara daxil olmasının təşviq edilməsi çox vacibdir”.

Məsələ ilə bağlı maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, layihə uzun müddətə hazırlanıb və orada çoxsaylı diqqət yetiriləcək məqamlar var: “Sənəd təkmil və anlaşıqlı dildə yazılıb, xarici təcrübələrin nəzərə alındığı hiss olunur. Belə deyək ki, ilk baxışdan sistemli bir sənəd görüntüsü yaradır. Rəqabət Məcəlləsinin əsas məqsədi ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması olmalıdır. Ölkədə azad sahibkarlığa, sağlam rəqabətə imkan verilməlidir. Sahibkarların mülkiyyət hüququ qorunmalıdır, çünki sağlam mühitin başlanğıcı mülkiyyət hüququnun nə qədər qorunmasına söykənir. Bunlar olmalıdır ki, ölkəyə özəl investisiyalar gəlsin. Doğrudur, bunun hamısı Rəqabət Məcəlləsinin qəbulu ilə təmin olunmayacaq. Lakin inhisarçılığa qarşı mübarizədə əsas məqam məhz bu məcəllə ilə bağlıdır. Çünki mövcud qanunlar köhnəlib, indiki dövrün tələblərinə uyğun deyil. Bu baxımdan, Rəqabət Məcəlləsi təkmildir”.

Ekspert deyib ki, bu sənədin bazarda nə dərəcədə rəqabət mühiti formalaşdırıb-formalaşdırmayacağı gələcək illərdə məlum olacaq: “Təbii ki, burda mühüm məsələ qəbul ediləcək məcəllənin necə icra olunmasıdır. Ən təkmil qanun belə icra olunmadıqda, lazımsız sənədə çevrilir. Məcəllənin və eləcə də digər qanunların icrası məhkəmə sisteminin fəaliyyətinin keyfiyyətindən birbaşa asılıdır. Tutaq ki, əgər sahibkar məcəllə ilə təsbit olunmuş hüquqlarının pozulması halında onu məhkəmə yolu ilə bərpa edə bilməyəcəksə, onda o sənədin heç bir təsir gücü olmayacaq. Bu baxımdan, məhkəmə-hüquq sistemində əsaslı islahatlar son dərəcə zəruridir. Digər tərəfdən, Rəqabət Məcəlləsinin təsirli olması üçün bir sıra digər qanunların, hüquqi mexanizmlərin də işləməsi lazımdır. Azərbaycanda inhisarçılığı kim yaradır? Təbii ki, əsasən məmurlar yaradırlar. Əgər məmurların gəlir bəyannaməsi verməsi mexanizmi işləməyəcəksə, onun inhisarçı biznesi ilə əlaqəsini müəyyən etmək də çətin olacaq. Bu sahədə qanun 2005-ci ildən var, Nazirlər Kabineti hələ də bəyannamə formasını hazırlaya bilməyib. Digər mühüm bir məsələ kommersiya hüquqi şəxslərin və daşınmaz əmlak dövlət reyestrlərinin qapalılığıdır. Biz haradan biləcəyik ki, hansısa şirkətin sahibi kimdir, onlar bir-birinə necə bağlıdır, kimlərin harada daşınmaz əmlakı var? Rəqabət Məcəlləsi layihəsinə əsasən belə məlumatlar rəqabət orqanı üçün açıq olacaq. Belə bir orqan xüsusi olaraq yaradılacaq. Lakin bu, dövlət orqanı olacaq və onun ictimai nəzarəti təmin etmək səlahiyyəti olmayacaq. Hazırda rəqabət orqanı kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çıxış edir. Bu xidmət İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi isə çox geniş səlahiyyətlərə malik qurumdur. Bundan əlavə, kommersiya hüquqi şəxslərin və daşınmaz əmlakın dövlət reyestri də bu nazirliyin tabeliyindədir. Bütün bu funksiyaların bir qurumda cəmləşdiyi bir şəraitdə rəqabəti təmin edəcək qurumun da ona tabe olaraq fəaliyyət göstərməsi, fikrimcə, gözlənilən nəticəni əldə etməyə imkan verməyəcək. Bu gün Azərbaycanda özəl şirkətlərin əsas gəlir yeri dövlət sifarişləridir. Yəni əsas sifarişçi dövlətdir. Dövlət sifarişlərində sağlam rəqabətin təmin olunması üçün rəqabət orqanının tam müstəqil olması son dərəcə vacibdir”.