Metropolitenin balansına keçən ərazidə sökülən 120 yaşlı binaların aqibəti necə olacaq? – FOTOLAR

15:16 16.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul etdiyini açıqladı.

Qurumdan hafta.az-a ötürülən informasiyaya görə, baş nazir Novruz Məmmədov bu barədə sərəncam imzalayıb. Qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə olunub.

Sökdülər, yarımçıq qoydular...

Hafta.az-ın əməkdaşı sözügedən əraziyə baş çəkib. Murtuza Muxtarov küçəsi, 430-cu məhəlləsindəki söküntü işlərinin gedişi ilə maraqlanıb. Ətrafda yaşayan sakinlərlə söhbətləşib. Məlum olub ki, adıçəkilən ərazidə söküntü işlərinə təxminən bir il əvvəl başlanılıb. Amma tam başa çatdırılmayıb. Sakinlər belə deyir. Ərazidə yaşayan sakinlərin iddialarına görə, planda daha böyük ərazi olub. 10-a yaxın ailə köçürülüb. Digər 6 ailə isə qiymətdə razılaşmadıqları üçün onların yaşadığı evlərə toxunulmayıb. Sökülən ərazilər isə taxta və dəmir panellərlə hasarlanıb...

Sadəcə kirayə haqqı ödənilib...

Əliəşrəf kişi ilə söhbətləşirik. Deyir ki, buradan bir il əvvəl köçürülən sakinlər onun qonşuları olub. Amma onların köçürülməsi natamam şəkildə həyata keçirilib: “Gəlib qeydiyyata aldılar. Sonra dedilər ki, sizə hər aylıq 250-300 manat kirayəpulu verəcəyik. Buranın təyinatı müəyyənləşəndən sonra evlə təmin olunacaqsınız. Yeni tikililərdən mənzillə təmin edəcəklərini söylədilər. Əvvəl elə bildik ki, burada yeni bina tikiləcək. Bu gün eşitdik ki, metropolitenə verilib. İndi bilmirəm necə olacaq? Əgər burada yarımstansiya tikəcəklərsə, deməli başqa yerdən mənzillə təmin edəcəklər”.

Hüseyn Abasov adlı sakin isə deyir ki, köçürülən 9-10 ailə Masazır, Xırdalan və Saray qəsəbələrində müvəqqəti olaraq kirayələrə yerləşdiriliblər. Evlərinin kvadratına, ailə tərkibinin sayına müvafiq olaraq 250-350 manat arasında onlara aylıq kirayəpulu verilir. Digər 6 ailə isə birdəfəlik köçürülmə pulu istədikləri üçün tərəflər arasında razılaşma baş tutmayıb və köçürülməyiblər.

Sökülən 120 yaşlı binalar...

Ərazidə olarkən diqqətimizdən yayınmayan bir məqamı sizə də təqdim edirik. Deməli, yarımçıq sökülən binaların demək olar ki, hamısı tarixi əhəmiyyətlidir. Xüsusilə Murtuza Muxtarov küçəsinə baxan və “Nizami” metrostansiyasının arxasına paralel olan küçəyə çıxışı olan yarım uçuq binanın üzərində “1898” yazısı qeyd olunmuşdu. Yəni, üç əsrin binalarıdır. Amma sökülür. ərazidə yaşayanların dediyinə görə sakinlərinin köküçürüldüyü bu binaların hamısı 1895, 1898 və 1900-cü illərin əvvəlində tikilibmiş.

Sual olunur, tarixi əhəmiyyətli binaların söküntüsü bir yarımstansiyanın tikintisindən bu qədərmi “ucuz” oldu. Başqa bir ərazidə tikmək olmazdımı? Elə cavabı da sakinlərin özləri verdi. Dedilər ki, bunlar dövlət balansında olmayıblar. Hamısı şəxsi mülk imiş. Ona görə də “kupça”larını təhvil verib razılaşıblar və sonra da söküntülər aparılıb. Yəni, hər şey qarşılıqlı razılaşma əsasında baş verib.

Ətraf ərazilər Mərkəzi Parkla birləşdiriləcək?

Sakinlərin dediyinə görə keçən il podaratçılardan eşidiblər ki, adıçəkilən ərazinin sağ qolu indiki Mərkəzi Park ərazisinin tərkib hissəsinə çevriləcək. Bu isə üzümüzə gələn 2-3 ildə baş tutacaq. Sakinlərin gileyi ondan ibarətdir ki, mənzillərini söküntü və dövlət planının ləngiməsi səbəbi ilə təmir etdirə bilmirlər: “Gəlib qəti söz demirlər. Bilsək ki, bu ərazilər də plana düşəcək, işimizi bilərdik, evi təmir etdirməzdik. Təzə mənzilimizə xərc qoyardıq”.

Sakinlərin sözlərinə görə yarımstansiyanın tikiləcəyi ərazi, eləcə də ətraf binaların bir kvadrat metrinin qiyməti 1500 manatdan hesablanacaq.