Millət vəkilindən çağırış: “Velosipedi ancaq müəyyən olunmuş yerlərdə sürsünlər”

11:53 01.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Son vaxtlar hər yerdə sağlam həyat tərzinin,təmiz havada yerimənin insan orqanizminə faydaları haqqında o qədər təbliğat aparılıb ki,axşamlar vaxt olanda, həmkarlarımla və bəzi dostlarla bulvara nəfəs almağa gedirik. Təxminən iki həftə öncə, az qala faciəyə çevriləcək bir hadisənin şahidi olduq. Çox yüksək sürətlə velosipedlərlə öz aralarında yarışan bir qrup gənclərdən biri qəflətən əyləci basaraq idarəetməni itirdi və aşaraq zədələndi. Yoldaşlarımızdan biri qeyri ixtiyari olaraq, “ sənə bu da azdır”deyə hiddətini bildirdi. Ən dəhşətlisi o idi ki, həmin gənclər, ailəsi ilə gəzintiyə çıxan məsum bir körpənin həyatına son qoya bilərdilər.Çox şükür, bədbəxt hadisə baş vermədi”.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev özünün feysbuk profilində yazıb. Millət vəkili bildirir ki, buna bənzər hadisə dünən axşam da baş verib. Bir neçə müxtəlif qruplarda birləşmiş gənclər, xüsusi olaraq düzəldilmiş velosiped yollarında yox, məhz insanların kütləvi şəkildə gəzdikləri ərazilərdə yüksək sürətlə, qışqıra qışqıra insanlar üçün real təhlükə yaradırlar: “Bəziləri əllərində “fast food”, yüksək səslə müxtəlif xalqlara məxsus musiqiləri dinləyərək öz keflərindədir. Söz yox, bunların arasında xarici turistlər də yox deyil. Qəribə də olsa bu tipli insanların arasında orta və yaşlılarda, qadınlar da var. Avropaya inteqrasiyadan danışırıq. Avropada insanlar ictimai yerlərdə qışqırmırlar, ucadan telefonla yüksək səslə danışmırlar. Elə bilir ki, qışqıranda min km- lə uzaqda olan həm söhbəti onu daha yaxşı eşidəcək.Elementar etika, estetika qaydalarına riayət etməyən və yaxud xəbəri belə olmayan kifayət qədər vəzifəli şəxslərə də rast gəlirsən”.

Millət vəkili bildirib ki, biz də adətən hadisə baş verəndən sonra əl ayağa düşürük. Nəsib Məhəməliyev Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyindən xahiş də edib: “Birincisi, kirayə velosiped verən şirkətlərdən tələb edilsin ki, icarədarlarla müvafiq qaydalara riayət olunması üçün təlimatlandırsınlar. Velosipedi ancaq müəyyən olunmuş yerlərdə sürsünlər. İkincisi, insanların kütləvi şəkildə gəzdikləri yerlərə qadağan edici nişanların qoyulması təmin olunsun. Heç bir zərurət olmadan,rahat şəkildə istirahət edən insanlarda tez tez arxaya baxmaqla “özünü qoruma“ instinkti formalaşır.Hörmətli valideynlər və müəllimlər, hər birimiz, hər gün, hər saat yorulmadan uşaqların, gənclərin tərbiyəsi ilə məşğul olmalıyıq.İlk növbə də özümüzə, sonra millətə,dövlətə problem yaratmamaları üçün”.