“Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinin təsdiqidir. Bu inkişaf təkcə siyasi müstəvidə təzahür etmir, həm də etimadın, inamın təzahürüdür”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Səbinə Xasıyeva Azərbaycan dövlət başçısının Misir Ərəb Respublikasına rəsmi səfəri və bu səfərin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
Deputat Prezidentin mətbuata verdiyi bəyanata diqqət çəkib. O, Prezidentin fikirlərinə istinadla, - cari səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini, ölkələrimiz arasındakı siyasi müntəzəm xarakter daşıyan dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.
S. Xasıyeva qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra onu rəsmən tanıyan dövlətlərdən biri məhz Misir Ərəb Respublikası olub. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, Azərbaycanın isə Qahirədə səfirliklərinin açıldığını bildirən düputat bunu iki dövlət arasında qarşılıqlı etimad, inama əsaslanan münasibətlərin təzahürü olduğunu deyib.
S.Xasıyeva Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsinə qarşı başlayan Vətən müharibəsində qazanılan tarixi Zəfəri xatırladan ölkə başçısının Azərbaycanın ədalətli müharibədə Zəfər qazandığını, ərazi bütövlüyünün tam bərpa olunduğu barədə dediyi fikirləri qeyd edib.
“Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.
Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır”-deyə deputat Prezidentin çıxışından sitatlar gətirib.
S.Xasıyeva eyni zamanda rəsmi səfərdə Azərbaycanın Bakı Şəhər İcra Hakimiyyəti ilə Misirin Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Energetika Nazirliyi ilə Misirin Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, və digər sənədlər imzalanıb.