Misirin “Aldiölomasy” informasiya portalı Azərbaycanın təhsil naziri Emin Əmrullayevin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü haqqında azertac-ın xəbərini yayıb.
Xəbərdə qeyd olunub ki, görüşdə Azərbaycan ilə ICESCO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması, həmçinin ötən ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğu, 16 şagirdin yaralandığı, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığı qonaqların diqqətinə çatdırılıb.