Gözlənildiyi kimi, özünü son illər, sözün əsl mənasında, Azərbaycanın düşməni kimi aparan Hindistan hakimiyyəti daha bir aciz qərar qəbul etdi. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən məlum iclasında Azərbaycanın bu quruma qəbul olunmasına qarşı çıxdı. Daha konkret desək, veto qoyub.
Maraqlıdır, Hindistan Azərbaycan kimi kiçik, amma əlbəttə, təbii sərvətləri, iqtisadi potensialı böyük və geopolitik mevqiyinə görə çox önəmli bir ölkənin ŞƏT-ə üzvlüyünü veto etməklə nə qazandı, Azərbaycan nə itirdi? Ümumiyyətlə, baş nazir Narendra Modinin timsalında Hindistanın Azərbaycanla çəkişməsinin, prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycandan qisas almaq istəməsinin səbəbi nədir?
Səbəblər
İndi çoxları səbəb kimi Azərbaycanın Pakistanla qardaş münasibətini göstərir. Haqlıdırlar. Son illər daha da sıxlaşan münasibətlər, xüsusilə də Hindistanın Pakistana qarşı hərbi hücum cəhdi zamanı rəsmi Bakının İslamabada verdiyi mənəvi-siyasi dəstək Narendra Modi hökumətinin ağlını başından alıb. Əlbəttə, bu yeni siyasi proseslər son dövrlərdə baş verənlərdir. Əslində isə, Pakistan Azərbaycanın müstəqilliyini üçüncü tanıyan ölkə olaraq ilk gündən respublikamızın qlobal siyasi arenada mövqeyini gücləndirməsinə fəal dəstək verib, Qarabağ məsələsində birmənalı şəkildə yanımızda dayanıb, hətta Azərbaycana görə Ermənistanı dövlət kimi tanımayıb.
Azərbaycan da Cammu-Kəşmir məsələsində Pakistanın mövqeyindən çıxış edib. Vaxtilə mərhum prezident Heydər Əliyev İslamabada rəsmi səfəri zamanı Baş nazir Bənazir Bhuttu ilə görüşdə Kəşmir probleminin həlli məsələsində Pakistanla eyni mövqedən çıxş etməsinə dair açıq bəyanat vermişdi. Bu da başadüşülən idi, çünki Heydər Əliyev bu bəyanatı səsləndirərkən BMT-nin rəsmi qərarlarına istinad edirdi. BMT qərarlarında isə deyilir ki, Hindistan Kəşmirdə beynəlxalq müşahidəçilirin iştirakı ilə azad referendumun keçirilməsinə şərait yaratmalı, kəşmirlilər özləri nə istədiklərinə dair səs verməlidirlər. Yəni rəsmi Bakı Kəşmir məsələsində nə dostluq, nə müsəlman həmrəyliyi, nə də İslamabada xoş gəlsin deyə deyil, beynəlxalq hüquq və qaydalara uyğun siyasət yürüdüb və bunun Dehlidəki siyasətçilər də yaxşı bilir.
Hindistanın Azərbaycana münasibətdə yürütdüyü siyasət o qədər məntiqsizdir ki, birbaşa özünə müttəfiq gördüyü ölkələrə ziyan vurur. Məsələn, Azərbaycanın ŞƏT-ə üzvlüyünü blokladı, cavab olaraq Pakistan da Ermənistanın “qapısını bağladı”. Yəni Ermənistan açıq-aşkar Modinin düşünülməmiş siyasətinin güdazına getdi.
İqtisadi amillər
İqtisadi amillərə gəlincə, Azərbaycanla Hindistan arasında əlaqələr Ermənistanla əlaqələrdən qat-qat güclü olub. Məsələn, 2023-cü ildə iki ölkə arasında ticarətin həcmi 1,9 milyard dollar idi, amma 2024-cü ildə iki dəfə azalaraq təxminən 950 milyon dollara geriləyib. Özü də, qarşılıqlı ticarət dövriyyəsinin 75 faizi Azərbaycandan Hindistana, 25 faiz isə Hindstandan Azərbaycana ixracın payına düşür. Hindistanın Azərbaycandan idxalının əsasını xam neft və neft məhsulları, Azərbaycanın isə bu ölkədən idxalının böyük hissəsi düyü, mebel, zərgərlik məhsulları, dərman preparatları və sairdən ibarətdir. Nəzərə alsaq ki, bu ilin ilk yarısında Azərbaycanın ümumiyyətlə, düyü idxalı yerli tələbatla əlaqədar 7 faizdən çox azalıb, deməli, ilin sonuna doğru Azərbaycanın Hindistandan idxalında da daralmalar qeydə alınacaq.

Burada Azərbaycanın itirdiyi heç nə yoxdur. Azərbaycan Hindistandan aldığı yuxarıda adları qeyd olunan məhsulları qardaş Pakistandan və ənənəvi bazarlar olan Tailanddan, hətta Çindən idxal edə bilər və edir də. O ki qaldı Hindistanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarını azaltmasına və ya tamamilə dayandərmasına, bunun da Bakı üçün böyük problemlər yaratmayacağına əmin olmalıyıq. Ona görə ki, Azərbaycan nefti tərkibinə görə kükürdsüz olduğu üçün, xaricdə alıcıları çoxdur. Həm də, xüsusilə Rusiyadan neft idxalına yasaqlar mövcud olduğu bir dövrdə, Avropanın tam qulağının dibibdəki Ceyhan terminalı Azərbaycan üçün ikiqat avantaj yaradır. Qısası, Hindistanın iqtisadi-ticarət müstəvisində Azərbaycana ziyan vurması imkansızdır. Həm də ABŞ prezidenti Donald Tramın Rusyadan neft alnağı Dehliyə qadağan etdiyi bir dövrdə...
Siyasi amillər
İndi də iki ölkə arasında münasibətləri siyasi-hərbi müstəvidə analiz edək. Lap çoxdan bir diplomat mənə demişdi ki, Azərbaycan təbii körpüdür, günçıxandan günbatana, quzeydən güneyə gedib gələn hər kəs bu körpüdən keçməyə məcburdur. Yəni ölkəmiz dünyanın geopolitik müstəvisində elə bir mövqeyə sahibdir ki, bütün dövlətlərin ona ehtiyacı var. O cümlədən, Hindistanın da.
Nəzərə alaq ki, Hindistanın tarixi iqtisadi-siyasi-ticarət tərəfdaşı olan Rusiyaya birbaşa çıxışı ya çox uzun və dolanbac dəniz yolu ilə gerçəkləşir, ya da hava yolu ilə. Çindən, Yaponiyadan başlayaraq Avropanın Qərb ucunadək uzanan, əlbəttə, Azərbaycandan keçən Böyük İpək Yolu hazırda Avrasiya dövlətlərini birləşdirsə də, Hindistan bu prosesdən kənarda qalıb. Ona görə də, Modi admnistrasiyası çalışır ki, Hindistandan başlayıb İrandan keçməklə (İrana məxsus, amma hazırda Hindistana icarəyə verilmiş Çabahar dəniz limanından başlayaraq – V.T.) Rusiyaya, nə vaxtsa sülh yarandığı halda ordan da Avropaya uzanan Şimal-Cənub dəhlizi yaradılsın. Düzdür, hazırda Mərkəzi Asiyanın mövcud şosse və dəmiryol şəbəkəsinin Pakistanın nəqliyyat xətlərinə birləşdirmək üçün böyük layihələr icra edilir. Hətta bunun üçün Əfqanıstan ərazisində şosse və dəmir yolu xətlərinin tikintisi işləri də gedir. Bununla da Mərkəzi Asiya ölkələri Pakistanın Kəraçi limanı vasitəsilə Hind okeanına çıxacaq. Amma nə yazıq ki, Hindistan Pakistanla qatı düşmən olduğundan əsasən mövcud olan bu infrastrukturdan yararlana bilmir.
İranın daxilində yol şəbəkəsi olsa da, onu müasirləşdirərək Rusiyaya bağlamaq üçün çoxmilyardlıq yatırımlara ehtiyac duyulur. Burada da seçimlər var. Birincisi, İrandakı dəmir yol şəbəkəsi Azərbaycanın dəmir yol şəbəkəsinə birləşdirilməlidir. İkincisi, İran dəmir yolu Ermənistanın, ordan da Gürcüstanın dəmir yol xəttinə birləşdirilməlidir. Azərbaycan daxilində istər şosse, istərsə də dəmir yolu şəbəkəsi tam keyfiyyəti ilə mövcud olsa da, Ermənistan ərazisində yeni xəttin tikilməlidir. Bunun üçün isə maliyyənin tapılması, pul olsa belə, tikintinin nə vaxt başlayıb, nə vaxt başa çatacağı sual doğurduğundan layihə qeyri-real görünür. Hələ onu demirəm ki, elə Hindistana güvənən İranın ciddcəhdlə qarşı çıxdığı, hazırda siyasi sferada necə adlandırılmasından asılı olmayaraq, Zəngəzur dəhlizinin açılmasına dair Vaşinqtonda sazişin paraflanması Dehlinin bu gözləntilərini də puça çıxarır. Ona görə də Hindistan ya Azərbaycanla münasibətlərini düzəldərək qlobal iqtisadi-ticarət yollarından səmərəli yararlanmalı, ya da əlavə xərclər və böyük zaman itkisi hesabına ənənəvi şəkildə okeanları-dənizləri üzərək beynəlxalq bazarlara açılmalıdır.
Sonuncu vasitə...
Hə, bu arada, Ermənistanın Azərbaycanla yaxınlaşması və anlaşması Hindistanın Azərbaycana əlavə təsir rıçağını da əlindən almış olacaq. Çünki İrəvana iki milyard dollara yaxın həcmdə silah-sursat satışını həyata keçirməyə çalışan Dehli çox istərdi ki, Ermənistan Azərbaycanla düşmən olaraq qalsın. Əgər bu iki ölkə arasında sülh yaranırsa, o zaman İrəvanın “Pinaka” kimi hind silahlarına əlavə pul xərcləməsinə ehtiyac qalmayacaq.
Sonda qeyd edək ki, Hindistanın əngəli üzündən tamhüquqlu üzv olmasa da, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşıdır və burada Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv Adaları, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka ilə birlikdə fəaliyyət göstərir. ŞƏT-in əsas üzvlərinə gəlincə, burada təmsil olunan Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Pakistan, Özbəkistan, Belarus, İran və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır və hətta onların çoxu Azərbaycanla qardaş bağlara malikdir. Ona görə də, Modi hökumətinin timsalında Hindistanın Azərbaycanla düşmənçiliyi ancaq özünə ziyan vuracaq. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar...