İsrail-Həmas müharibəsinin gedişatı az qala beynəlxalq müdianı da tərəfə çevirməkdədir. Amerika xəbər kanalı MSNBC Qəzzada artan gərginliyə görə üç müsəlman aparıcının proqramlarını dayandırmağa qərar verib.
Hafta.az-ın ABŞ-da yayımlanan“Semafor” saytına istinadən yazdığına görə, adıçəkilən telekanalda çalışan Mehdi Həsən, Ayman Mohayeddin və Əli Velşinin təqdim etdiyi proqramlar səssizcə bağlanıb.
Xəbərdə cümə axşamı yayımlanması planlaşdırılan “Mehdi Həsən Şou” adlı verilişin yayımlanmadığı, Mohayeddinin cümə axşamı və cümə günləri yayımının dayandırıldığı, həftəsonu verilişləri üçün isə Velşinin yerinə başqa aparıcının təyin edildiyi bildirilib.
“Semafor”un yazdığına görə, MSNBC-nin iddiaları "qəzəblə təkzib etdiyi" bildirilsə də, “Arab News”un əldə etdiyi mənbələr hadisələri təsdiqləyib. Müsəlman aparıcıların verilişlərinin dayandırılması qərarı ilə birbaşa əlaqəsi olan mənbə, "İndi nə olacağı ilə bağlı böyük qeyri-müəyyənlik var. Amma atmosfer 11 sentyabr hadisəsindən sonra "ya bizimləsən, ya da bizə qarşısan" ab-havasına çox bənzəyir. Vəziyyət çox təəssüf ki, siyasi baxışlardan kənara çıxıb və aparıcılar öz mövqelərini bildiriblər. Onlar məhz buna görə hədəfə alınıblar” deyib.
Xəbərlərdə MSNBC-də üç aparıcının gələcəyinin qeyri-müəyyən olduğu vurğulanıb.
Digər tərəfdən, Fransa rəhbərliyinin Həmasa bağlı olduğunu iddia edərək, “Əl-Əqsa TV”nin Eutelsat peykindəki yayımlarını dayandırdığı iddia edilib.
ABŞ-da müsəlman aparıcılara qarşı ayrı-seçkilik iddiaları gündəmə gələrkən, İsrail rəhbərliyi Qətərdə yerləşən “Əl-Cəzirə”nin ölkədəki ofisini bağlamaq istəyir. İsrailin rabitə naziri Şlomo Karhi dünən verdiyi açıqlamada “Əl-Cəzirə”nin Həmas tərəfdarı verilişlər yayımlayaraq İsrail əsgərlərini mümkün hücumlara məruz qoyduğunu və kanalın İsraildəki ofisinin bağlanması üçün kabinetdən icazə gözlədiyini bildirib.
Karhi, “Əl-Cəzirə”ni bağlamaq təklifinin təhlükəsizlik işçiləri və vəkillər tərəfindən araşdırıldığını, məsələni gün ərzində kabinetə təqdim edəcəyini deyib.
Həmasın hücumu və İsrailin Qəzzaya qarşı əməliyyatından sonra Böyük Britaniyanın ictimai yayımı olan BBC də tənqid hədəfinə çevrilib. Onun yayımlarında Həmas üçün “terrorçu” ifadəsini işlətməməsi bəzi qrupların reaksiyasına səbəb olub.
Qurumun baş direktoru Tim Davie məsələ ilə bağlı BBC əməkdaşlarına göndərdiyi elektron məktubda işçilərdən “lazım olduqda” səslərini qaldırmalarını istəyib. "Həmişə olduğu kimi, biz BBC-dəki hər kəsin özlərini təhlükəsiz və dəstəkli hiss etmələrini istəyirik", - deyib Davie.
Davie işçilərinə göndərdiyi elektron poçta BBC-nin baş direktoru Deborah Turnessin məktubunu daxil edib. Turness məktubunda qurumun heç bir qrup üçün “terrorçu” ifadəsini işlətməməsi qərarını müdafiə edərək, “Bunun səbəbi terror anlayışının siyasiləşdirilməsi və müharibələrdə silah kimi istifadə edilməsidir” deyib.