Müəllimlərin də vahid geyimi olmalıdırmı? - Müzakirə

11:55 30.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Məktəblərdə vahid geyimin şagirdlərə tətbiqini görmüşdük, ancaq müəllimləri vahid geyimdə görməmişdik. Lakin bu da baş verdi. Belə ki, Şəkinin Oxud kənd tam orta məktəbinin müəllimləri vahid geyim formasına keçib.

Mətbuatda gedən xəbərlərə istinadən sözügedən məktəb yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar. Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra reallaşıb.

Bəs bu nümunəni bütün məktəblərdə tətbiq etmək olarmı, eləcə də bunun tətbiqinə ehtiyac varmı?

Hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, məktəbdə nizam-intizamın yüksəlməsində, müəllim obrazının cəmiyyətə təqdim olunmasında, simasının, görkəminin nümunəyə çevrilməsində geyimin rolunu inkar etmək olmaz:

“Müəllimin geyiminin şagirdlərin, tələbələrin tərbiyəsinə təsiri daha çox vurğulansa da onun təhsilin keyfiyyətinə mənfi təsirini söyləyənlərin də fikirlərində həqiqət var. Belə ki, geyim təhsilin keyfiyyətinə təsir göstərən amillərdən biri ola bilər. Hər bir insan haqqında ilk təsəvvür yaradan vacib faktorlardan birincisi onun xarici görünüşü, geyimi ilə müəyyənləşir. Əbəs yerə deməyiblər ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Düşünürəm ki, müəllim bir tərbiyəçi kimi ilk əvvəl xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir. Düşünürəm ki, müəllimləri xarici görünüşünün təsnifatına görə müxtəlif kateqoriyalara bölmək olar. Birincisi, elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq onlar istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə müəllim olduğu müəyyənləşir. Onların sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür. Təbii ki, bu müəllimlər həmişə hamı tərəfindən sevilib, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olmaqla yanaşı yetirmələri onlara daim pərəstiş edib, həmin müəllimləri özlərinə kumir seçiblər. Bu kateqoriyaya aid olan müəllimləri "klassik müəllim" kimi səciyyələndirmək olar. İkinci kateqoriya müəllimlər isə "müasir müəllim" ki, onların bu müasirliyini qələmə verən xarici görünüşlərində dəblə yanaşı gözəl zövq, müxtəliflik, cazibədarlıq nümayiş olunur. Gəlin razılaşaq ki, geyimin münasibliyi və gözəlliyi, müasirliyi yalnız "zövqün gözəlliyi" anlayışı ilə müəyyənləşmir. Bu məsələ özü- özlüyündə xüsusi yanaşma tələb edir və düşünürəm ki, burada zəngin dünya görüşü də rol oynayır. Həmin müəllimlərə baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdətini görmək olur. Məncə, bu müəllimlər də bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində ifadə edirlər. Üçüncü kateqoriyaya isə, təəssüf ki, elə müəllimlərimiz daxildir ki, onların xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərir. Bununla yanaşı qeyd edim ki, belə müəllimlər arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar. Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də, qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Fikrimcə, məktəb elə bir yaradıcı, canlı orqanizmdir ki, o öz rəngarəngliyi, müxtəlifliyi ilə seçilməlidir. Lakin bununla yanaşı, mən məktəbdə müəyyən çərçivənin olmasının tərəfdarıyam. Məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin tərbiyəsi ilə məşğul olduqlarını bir an belə unutmamalıdırlar. Məhz bu faktor təlim-tərbiyə ocağında çalışan hər bir insana bu məsələyə çox ciddi yanaşmaq və xarici görünüşünü düzgün tənzimləmək üçün yetərli əsas verir. Düşünürəm ki, müəllimin geyim tərzi ilk növbədə təmiz, səliqəli, ədəbli və rahat olmalıdır. Əminəm ki, maddi durumundan, sosial vəziyyətindən və digər amillərdən asılı olmayaraq hər bir müəllim bu tələbləri ödəyə bilər. Lakin təbii ki, bunlarla yanaşı, yüksək zövq, eleqantlıq və başqa bu kimi amillər də xarici görünüşdə öz əksini tapmalıdır. Mənə elə gəlir ki, müəllimin geyimi ilə bağlı aşağıdakılara xüsusi diqqət göstərmək lazımdır: Birincisi, müəllimlərin geyimi sadəliyi, səliqəliliyi, təmizliyi ilə seçilməlidir. Axı müəllim şagirdin, tələbənin qarşısında, eləcə də cəmiyyətdə diqqət mərkəzindədir. İkincisi, qadın müəllimlər birdəfəlik şalvardan imtina etməlidirlər. Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyildir. Üçüncüsü, qadın müəllimləri qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar. Bəzən bər-bəzəkli parçalardan tikilmiş geyimlərin üzərindəki parlaq rənglər, müxtəlif rəngarəng şəkillər müəllim obrazına kölgə salır, nüfuzuna xələl gətirir. Dördüncüsü, qeyri-adi saç düzümündə, qır-qızıl, bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır. Beşincisi, kişi müəllimlər kostyum geyinməli, qalstuk taxmalıdır. Bu, kişi müəllimlərin imici kimi onlara nüfuz və hörmət gətirir. Beləliklə, kişi müəllimlər də, qadın müəllimlər də müəllim adına yaraşan geyim geyməlidir.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, təhsil dövlətin elə bir sütunudur ki, burada mütərəqqi addımlar hər zaman atılmalıdır:

"Təhsil verən obyektlərdən biri də orta ümumtəhsil müəssisələri olduğu üçün hər zaman yenilik lazımdır. Çünki burada nəsil deyil, nəsillər yetişir, formalaşır. Təhsilin keyfiyyəti ilə yanaşı vizual görüntünün müsbət olması alqışlanası məqamdır. İstər müəllimlərin, istərsə də şagirdlərin vahid geyim formasında olması tək bir və ya bir neçə məktəbdə deyil, ümumən əhatə etməlidir. Hər bir sferada nizam, işin ciddi olması bütün detalların yerli-yerində olması inkişafa aparan amillərdir. Düşünürəm ki, Təhsil Nazirliyi bunları nəzərə alıb bütün ölkə ərazisində vahid geyim formasının olması üçün qərar verər".