Bu gün Slovakiya Respublikasında xarici siyasət institutunun formalaşdığı gündür. Məhz 1990-cı il avqustun 28-də Slovakiya Respublikasının Beynəlxalq Əlaqələr Nazirliyi təsis edilib.
Hafta.az-ın yazdığına görə, Slovakiyanın Azərbaycandakı Səfirrliyinin sosial media səhifəsində Slovakiya xarici işlər naziri Yuray Blanarın təbrik mətni yayımlanıb. Təbrikdə qeyd olunub ki, geridə qalan 34 illik şərəfli dövrdə Slovakiyanın xarici siyasət institutu ad və müxtəlif kadr dəyişikliyinə məruz qalsa da, dövlətin milli maraqlarını təmsil etməyin və dünyada ölkə vətəndaşlarına yardım göstərməyin mahiyyəti dəyişməyib.
“Birinci Dünya Müharibəsindən, eləcə də İkinci Dünya Müharibəsindən sonra çətin diplomatik danışıqlar zamanı ümumi dövlətimizin yaradılmasında böyük rol oynayan sələflərimizə, həm də kiçik və ilk baxışda görünməyən işləri ilə Slovakiyanın bir çox beynəlxalq təşkilatların üzvü olmasına öz töhfəsini vermiş, sərhədlərimizdən kənarda baş verənlərə öz azad fikir və münasibətini bildirənlərə də böyük hörmətimiz var” deyilən mətndə qeyd olunur ki, əsrlik diplomatiyası olan dövlətlərlə müqayisədə 34 il o qədər də çox deyil. Amma bu qısa vaxt Slovakiyanın hər yerdə eşitdirilməsi, başa düşülməsi və lazım olan yerdə qapılarını açıq saxlaması üçün kifayət edir.
“Bunu başqa ölkələrin xarici işlər nazirləri ilə görüş və danışıqlarda görmək mümkündür. Buna görə də, slovakiyalı diplomatlardan, konsullarından tutmuş texniki-iqtisadi işçilərinə qədər hər kəsə ayrı-ayrılıqda təşəkkür edirik. Onların hər biri öz davranışı və hərəkəti ilə təkcə özünə deyil, ölkəmizə şərəf qazandırır”, - mətndə deyilir.