Keçmiş deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədovla hafta.az üçün 28 May - Müstəqillik Günündəki söhbətimizdə müasir Azərbaycan dövlətinin 106 il öncə cəmi 23 ay yaşamış ilk müstəqil və demokratik dövlətimizin qarşıya qoyduğu vəzifələri necə yerinə yetirə bilməsi, hazırda dövlət müstəqilliyimizə mümkün təhdidlər, Ermənistanla sərhədlərimizin 1991-ci ilin şərtlərinə görə deyil, məhz 114 min kvadrat-kilometrlik AXC sərhədlərinə uyğun müəyyən olunması iddialarının hazırda və ya yaxın gələcəkdə həyata keçirilməsinin mümkünlüyü, Rusiya və Qərbin XX əsrin əvvəllərində olduğu kimi, bu gün də uğrunda mübarizə apardığı Güney Qafqaz regionundakı qonşularımız: Ermənistan və Gürcüstanda son vaxtlar baş verənlərin mümkün nəticələri və s. haqda danışdıq.
- Sizcə, bu günlərdə 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti bu keçən 33 ildə Cümhuriyyətin qarşıya qoyduğu hansı vəzifələri yerinə yetirə bilib, hansılarını yox?
- AXC-nin qarşısına qoyduğu birinci məqsəd o idi ki, dövlət yaranırsa, dövlətin qalıcılığı və davamlılığı olsun. Təəssüf ki, 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin, bu baxımdan, necə deyərlər, bəxti gətirmədi. Dünyada o vaxt olan real şərtlər bu dövlətimizə uzun müddət müstəqil şəkildə yaşamağa imkan vermədi. O dövrdə qoyulan əsaslar Azərbaycan xalqına imkan verdi ki, yarımmüstəqil şəkildə olsa da, başqa dövlətin tərkibində öz dövlət quruluşunu - respublika statusunu qoruyub-saxlaya bilsin. 1991-ci ildə də Azərbaycan bu əsaslarda tam müstəqilliyini bərpa edə bildi. Həmin müstəqil dövlətin qarşısında duran iki əsas məqsəd – əvvəla, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, ikincisi də müstəqilliyimizin qalıcılığını təmin etmək idi. Birinci vəzifə yerinə yetirildi. Yəni dövlətin qalıcılığını təmin etmək, dünya dövlətlərinin sırasına daxil edilmək, beynəlxalq təşkilatların və ilk növbədə, BMT-nin üzvü olmaq. İkinci məsələ də artıq yerinə yetirilib, yəni dövlətimizin ərazi bütövlüyü təmin edilib. Növbəti əsas vəzifələr isə dövlətin möhkəm hüquqi əsaslarının hər bir vətəndaşa xidmət edən formada qoyulması, dövlətin iqtisadi bazasının hər bir vətəndaşın iqtisadi müstəqilliyinə söykənməsi və ölkədə hüquq bərabərliyinin təmin edilməsi, hüquqi bir dövlətin möhkəmlənməsi və demokratik təsisatların işlək formaya düşməsidir...
- Necə hesab edirsiniz, bu gün Azərbaycanın dövlət müstəqilliyinə hələ də ciddi təhdidlər varmı?
- Müstəqilliyimizə təhdidlər həmişə olub və bundan sonra da olacaq. Elə təhdidlər var, müəyyən dərəcədə təsir edir, elələri də var ki, təhlükəli səviyyədədir. Hazırda, demək olar ki, Azərbaycan üçün təhlükəli səviyyədə olan təhdidlər yoxdur. Ölkəmizi öz təsir dairəsinə salmaq, təsir dairəsində saxlamaq istəyən böyük güclər var. Belə güclər mövcud olduqca da həmin təhdidlər davam edəcək. Hər şey Azərbaycan dövlətinin öz daxili sabitliyini qoruyub saxlamasından asılı olacaq...
- Bəs bu təhdidlər, sizcə, daha çox haradan gəlir?
- Təbii ki, belə təhdidlər, ilk növbədə, Rusiyadan gəlir. O, Azərbaycanın qonşuluğunda olan ən böyük dövlətdir. Azərbaycan iki əsrə yaxın o dövlətin tərkibində yaşayıb. Bu baxımdan, Moskva bu gün də ölkəmizi özünün təsir, nüfuz dairəsi hesab edir. Ona görə də təhdid, ilk növbədə, Rusiyadan gəlir. Eyni zamanda Qərbin də regionda xüsusi maraqları var. Həmin dövlətlər də Azərbaycanı öz təsir dairələrinə salmaq və həmin dairədə saxlamaq üşün siyasətlərini davam etdirirlər və etdirəcəklər...
- Bildiyiniz kimi, hazırda planetdə beynəlxalq hüquq normalarının, demək olar ki, işləmədiyi çox mürəkkəb və ziddiyyətli geo-siyasi bir durum yaranıb. Belə bir durumda Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlamaq üçün hansı tərəfə üz tutmalıdır; Qərbə, yoxsa 1920-ci ildə Nəriman Nərimanovun məsləhət bildiyi kimi, yenidən Şimala - Rusiyaya?
- Bu gün Azərbaycan üçün vacib deyil ki, mütləq şəkildə üzünü ya Rusiyaya, ya da Qərbə tərəf tutsun. Dövlətimiz öz milli maraqlarına uyğun siyasətini müəyyənləşdirməlidir...
- Yəni söhbət ondan gedir ki, Azərbaycan qlobal siyasətdə əsas tərəfdaş olaraq hansı güc mərkəzini seçməlidir...
- Hesab edirəm ki, ölkəmiz üçün əsas tərəfdaş artıq formalaşan Türk Dövlətləri Birliyi olmalıdır. Bu təşkilat həmin türk dövlətlərinin maraqlarına uyğun hesab olunur. Təbii ki, Azərbaycan əsas tərəfdaş kimi bu Birliyi götürməlidir. Soykök birliyi, dil birliyi, din birliyi mövcuddur. Ona görə də bu dövlətlər bir-birlərinin maraqlarına uyğun siyasət qurmalıdırlar və bu istiqamətdə imkanlar da böyükdür. Onların həm təbii resursları kifayət qədər güclüdür, hərbi resurslarını formalaşdırmaq imkanları mövcuddur. Birlikdə hərəkət etmək imkanları da var. Bundan əlavə, digər dövlətlərlə Azərbaycanın maraqlarına uyğun siyasət aparılmalıdır. Dövlətimiz kiminsə təsiri altında kimisə özünə düşmən, yaxud kimisə qardaş elan edə bilməz. Təbii ki, söhbət yad dövlətlərdən gedir. Bu mənada, ilk növbədə, Azərbaycanın öz maraqları nəzərə alınmalıdır. Dövlətimiz başqa dövlətlərin əleyhinə heç bir bloka, heç bir siyasətə qoşulmamalı, qarışmamalıdır...
- Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası məsələləri gündəmdə olandan bəri bəzi politoloq və tarixçilərimiz təkid edirlər ki, Azərbaycan Ermənistanla sərhədlərimizin 1991-ci ilin şərtlərinə görə deyil, məhz 1920-ci ildə Rusiya işğalından öncəki, yəni 114 min kvadrat-kilometrlik AXC sərhədlərinə uyğun müəyyən olunmasını tələb etməlidir. Əlbəttə, bunu hamımız istəyərdik. Sizcə, həmin iddianı hazırda və ya yaxın gələcəkdə həyata keçirmək nə dərəcədə realdır?
- Əvvəla, məsələ qaldırmaq o demək deyil ki, o dərhal həyata keçirilə bilər. İkincisi, haqlı olaraq əldə etmək istədiyinin çoxunu istəməlisən ki, heç olmasa, yarısını əldə edəsən. Yəni Azərbaycan, ilk növbədə, Ermənistana və dünya birliyinə qəbul etdirməyə çalışır ki, bizim vaxtilə qanunsuz olaraq əlimizdən alınmış tarixi ərazilərimizi tələb etməyə qanuni, hüquqi haqqımız var. Ermənistanla danışıqların da bu istiqamətdə gedə biləcəyi haqda xəbərdar etməliyik. Bunlar edildikdən sonra həmin ərazilərin qaytarılıb-qaytarılmayacağı artıq ikinci məsələdir. Bu istiqamətdə atılan addımların da nəticəsi ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı bütün keçmiş iddialarından əl çəkir və sərhədlərin 1991-ci il Almatı bəyannaməsinin şərtlərinə uyğun müəyyən edilməsi ilə razılaşır. Elə bizim də ilkin məqsədimiz ondan ibarət idi ki, rəsmi İrəvan ölkəmizə qarşı heç bir iddiada olmadığını rəsmi şəkildə bildirsin...
- Necə düşünürsünüz, Ermənistanda “Rusiyanın ən yaxşı agenti” adlandırılan keşiş Baqratın başçılıq etdiyi kütləvi etiraz aksiyaları nə ilə nəticələnə bilər?
- Hazırda Ermənistan və Gürcüstanda baş verənlər Azərbaycan dövlətinin mənafelərinə elə bir zərər vurmur. Hər iki dövlət: Ermənistan da, Gürcüstan da, demək olar ki, Rusiyanın əlindən çıxıb. Ona görə də Güney Qafqazda bütün mövqelərini itirmək təhlükəsi qarşısında qalan Rusiya Azərbaycandan möhkəm yapşışmağa və onun bütün şərtlərini qəbul etməyə məcburdur. Siz də görürsünüz ki, Moskva Azərbaycanı öz yanında qoruyub-saxlamaq üçün onun mənafelərinə uyğun olan bütün şərtləri qəbul edir. Ona görə də hazırkı durum bizim də maraqlarımıza uyğundur. Məqsəd də Azərbaycanın mənafelərini genişləndirmək və perspektivlərini gücləndirməkdir...
– Xahiş edirik, konkret olaraq Ermənistandakı proseslər haqqında da danışın...
- Ermənistanda vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir...
- Gürcüstandakı proseslərin inkişafını necə görürsünüz: orada Rusiya tərəfdarları qalib olacaq, yoxsa Qərb?
- Gürcüstanda Rusiya tərəfdarları, demək olar ki, yoxdur. Yəni Rusiya tərəfdarları olsalar da, bunu açıq şəkildə ifadə edə bilməzlər və bilməyəcəklər də. Orada söhbət milyarder İvanişvilinin dəstəsi ilə digərləri arasındakı hakimiyyət mübarizəsindən gedir. Hazırda Tiflisdə gərginlik olsa da, Rusiyanın hərbi cəhətdən oraya qayıtması mümkün deyil. Moskvadan təhdidlər var və unutmayaq ki, Gürcüstanın ərazisi də parçalanmış bir vəziyyətdədir. Ölkənin ərazi bütövlüyünü də bərpa etmək yaxın perspektivdə mümkün görünmür...