Naxçıvan necə muxtar respublika oldu?! - Ələmdar Şahverdiyev

10:54 08.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son dövrdə Naxçıvanın Muxtar Respublika statusunun ləğvi ilə bağlı müxtəlif iddialar irəli sürülür. Bu məsələ xüsusən Naxçıvan Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilərək əvəzində mərkəzə, yəni Bakıya tabe olan baş idarələr yaradılmasından sonra daha çox gündəmə gətirilir. Bəzi siyasi ekspertlər hesab edir ki, Azərbaycanın tərkibində ayrıca respublikanın olmasına ehtiyac yoxdur... Bəs görəsən, Naxçıvanın xüsusi statusu hansı tarixi zərurətdən meydana gəlib və hansı real siyasi situasiyada bərqərar olub? Hazırda həmin statusun ləğv edilməsindən danışmaq doğrudurmu?.. Bu və digər suallara cavabı tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyevlə hafta.az üçün söhbətimizdə tapmağa çalışdıq.

- Ələmdar  müəllim, 1918-1920-ci illərdə, yəni Çar Rusiyası imperiyasının çöküşündən və Naxçıvan ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatılmaqda olarkən həmin əraziylə bağlı beynəlxalq siyasi durum necə idi?

- Xalq Cümhuriyyəti dövründə Naxçıvanda vəziyyət xeyli ziddiyyətli idi.  I Cahan savaşında qalib gəlmiş dövlətlərin ali şurası, həmçinin Antanta blokuna daxil olan Böyük Britaniya, ABŞ və Fransa xüsusi qərar qəbul etmişdilər...1917-ci il dekabrın 17-də Parisdə bu üç dövlət nümayəndələrinin gizli görüşü olub və buna “Paris konvensiyası” da deyirlər. Həmin məxfi sənədə əsasən Cənubi Qafqaz  Britaniyanın nəzarətinə, təsir dairəsinə verilmişdi... 

Bir sözlə, Cənubi Qafqaz regionundakı, o cümlədən Azərbaycan və konkret Naxçıvan ərazisi ilə bağlı bütün məsələlərə Britaniya cavabdeh sayılırdı. Osmanlı Türkiyəsi müharibədə məğlub olmaq üzrə idi. Və Qərbə də bəlli idi ki, Türkiyə tezliklə Cənubi Qafqazdan çıxarılacaq və oraya ingilislər daxil olacaq. Elə məhz bəhs edilən qərarla bağlı 1918-ci ilin noyabrında, bildiyiniz kimi, ingilis qoşunları Bakıya daxil oldu. Ondan sonra isə Parisdə Versal sarayında  I Dünya savaşından sonrakı vəziyyət, yəni dünyanın bölüşdürülməsinin başa çatması məsələləri müzakirə olunurdu. Parisdə Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də yollanmışdı.  Ermənistan nümayəndə heyəti bundan 8 ay öncə Fransa paytaxtına gəlmiş və həmin müddətdə apardıqları təbliğat və müzakirələr sayəsində Azərbaycan barədə mənfi rəy formalaşdıra bilmişdi.  Ermənistan nümayəndə heyəti öz qarşısına iki əsas vəzifə qoymuşdu. Birincisi, Naxçıvanın, ikincisi isə Qarabağın Ermənistana birləşdirilməsi...

Ermənilərin təbliğatı və təkidi nəticəsində 1919-cu ildə Qərb ölkələri tərəfindən Naxçıvana 3 dəfə missiya göndərilmişdi.  Birinci missiyaya İtaliya nümayəndələri rəhbərlik edirdi. Lakin bu missiya Naxçıvanda heç bir əhəmiyyətli iş görə bilmədi. İtalyanlar açıq etiraf etdi ki, region barəsində heç bir məlumata malik olmadıqları üçün oradakı məsələlərin həllinə hazır deyillər. Ona görə də Naxçıvana gələn ikinci missiya ingilislərdən ibarət oldu. 1919-cu ilin əvvəlində ingilis qoşunları Naxçıvanı tutdular və iyun ayında həmin ərazini də əhatə edən Araz Türk Respublikasını(1918, noyabr- 1919, iyun), eləcə də Naxçıvan Milli Komitəsini ləğv etdilər və nəticədə  Naxçıvanda ingilis general-qubernatorluğu yaratdılar. Həmin general-qubernatorluq Naxçıvan ərazisinin Azərbaycandan tamamilə qoparılaraq Naxçıvana inteqrasiya edilməsi üçün çox ciddi addımlar atırdı. Parisdəki Azərbaycan nümayəndə heyəti bu prosesə qəti etirazını bildirdi və bununla bağlı ABŞ nümayəndə heyətinə, eləcə də prezident Vudro Vilsona yazılı məktubla müraciət edildi. Müraciətdə Naxçıvana daha ədalətli və obyektiv bir araşdırıcı missiya göndərilməsi xahiş edilirdi. Amerika tərəfi bununla razılaşdı və “Haskel missiyası” deyilən missiya göndərildi. Həmin missiya doğrudan da ədalətli oldu. Bu missiya Naxçıvan-Ermənistan sərhədində baş verənlər, Naxçıvanla Ermənistanın hansısa formada bir-biri ilə bağlı olub-olmaması və s. kimi məsələlərə obyektiv yanaşdı. Nəticədə amerikanlar birmənalı  şəkildə bildirdilər ki, Naxçıvanın Ermənistana birləşdirilməsi real görünməyən bir işdi. Çıxış yolu olaraq ya Naxçıvanda neytral bir ərazi olaraq beynəlxalq statuslu bir idarə sistemi tətbiq olunmalıdır, ya da Naxçıvanın milli, dini, mənəvi, mədəni, siyasi, iqitisadi cəhətdən tam bağlı olduğu Azərbaycana birləşdirilməlidir...

 1918-ci ilin noyabrında beynəlxalq razılaşmaya əsasən Osmanlı türk qoşunları Azərbaycan ərazisini tərk etməli olsa da, Naxçıvanda qalmış türk hərbçiləri geyimlərini dəyişərək yerli mülki əhaliyə qarışmışdı. Onlar Naxçıvan torpaqlarının Ermənistana birləşməsinə qarşı mübarizə aparan soydaşlarımıza dəstək verirdilər. O zaman Naxçıvan Hüseyn Naxçıvanski, Cəfərqulu Naxçıvanski qardaşlarının başçılığı ilə Naxçıvan Milli Müdafiə Komitəsi yarandı. Musa Kazım Qarabəkir Paşa da orada idi. O, Naxçıvanın aqibəti ilə bağlı Osmanlı Türkiyəsinin gizli tapşırıqlarını yerinə yetirirdi. Eyni zamanda özünümüdafiə qüvvələri mobil vəziyyətə gətirilmişdi. Nəticədə, Ermənistan tərəfindən olan hərbi müdaxilələrin qarşısı çox cəsarət və qətiyyətlə alınırdı. Bu mənada Naxçıvanın bir neçə kəndinə qəhrəman kənd adı vermək olardı. Onlardan  biri də Nehrəm kəndi idi... Bu minvalla Naxçıvan xalqı mülki paltar geymiş türk hərbiçilərin də dəstəyi ilə erməni təcavüzünün qarşısını ala bildilər. Bu, beynəlxalq güclərə də öz təsirini göstərdi. Yəni onlar anladılar ki, xalqın gücü ilə hesablaşmadan Naxçıvanın taleyini həll etmək, o cümlədən onu Ermənistana birləşdirmək olmaz...

- Bəs Rusiyada sosialist inqilabı adı altında hakimiyyətə gəlmiş bolşeviklərin vətəndaş müharibəsində də qalib gəlməsi Naxçıvandakı proseslərə necə təsir etdi?

- Rusiyadakı vətəndaş müharibəsindən qalib çıxmış Leninin başçılıq etdiyi bolşevik-kommunist hökumətinin varlığı Naxçıvandakı proseslərin axarını dəyişdi. Və həmin hökumət özünü  keçmiş çar Rusiyasının varisi elan etdiyindən keçmiş imperiyanın tərkibində müstəmləkə olmuş və sonradan müstəqillk əldə etmiş dövlətlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinə də qarşı çox kəskin və amansız iddialarla çıxış etməyə başladı.  Yəni onlar  digərləri kimi, Azərbaycan ərazisini də Rusiyanın bir tərkib hissəsi qəbul edirdilər. Məsələlər ciddi düyünə düşmüşdü. 

Əslində, Rusiyadakı vətəndaş müharibəsində kommunistlərin qələbə çalması Antanta  blokunun məğlubiyyəti demək idi. Ona görə də bolşevik Rusiyası ağqvardiyaçı Denikinin ordusunu darmadağın edəndən sonra bütün qüvvələrini Qafqaza doğru cəmləşdirirdi...  Və burada vəziyyətin mürəkkəbləşməsinə səbəb olan amillərdən biri də Osmanlı Türkiyəsində baş verən olaylar idi. 1918-ci ilin oktyabrında imzalanmış Mudros müqaviləsi Osmanlı dövlətinin kapitulyasiyanı birmənalı şəkildə təsdiqləyirdi. Bunun nəticəsində Osmanlı Türkiyəsinin ərazisi müxtəlif Avropa dövlətləri tərəfindən bir neçə hissəyə bölünmüşdü. Eyni zamanda Osmanlı Qafqaz İslam Ordusunu da Azərbaycanın ərazilərindən çıxarmağa məcbur oldu. Demək olar ki, təkcə Mustafa Kamal Paşanın başçılıq etdiyi Milli Mücadilə Mərkəzinin olduğu Sivas ərazisi qalmışdı. Və yalnız bu mücadilədən və Türkiyə qüvvələrinin ardıcıl qələbələrindən sonra artıq beynəlxalq arenaya siyasi güc olaraq yeni bir Türkiyə dövləti çıxdı...

Bu minvalla Naxçıvanın taleyində Atatürkün başçılıq etdiyi Türkiyə dövləti ilə Leninin kommunist Rusiyası dövləti arasındakı münasibətlər də böyük rol oynadı. Belə ki, o zaman hər iki dövlət Qərb tərəfindən qəbul olunmayan dövlətlər idi. Antanta dövlətləri də, Versal Ali Şurası da nə Atatürk, nə də Lenin hökumətlərini tanımaq istəyirdi. Bu baxımdan hər ikisi eyni çətin durumda olduqlarına görə, hətta Rusiya və Türkiyə arasında heç zaman dostluq olmamasına rəğmən yaranmış vəziyyət bu iki dövləti güclərini birləşdirərək müttəfiq olmağa vadar etdi. Belə olan halda 1919-cu ilin mayında Böyük Britaniya iqtisadi maraqlarını əsas götürərək öz qoşunlarının Güney Qafqazdan çıxarılmasına qərar verdi və burada 3 Qafqaz respublikasını- Azərbaycan, Gürcüstan və Ermənistanı öz talelərinin öhdəsinə buraxdı. Odur ki, vəziyyət daha da mürəkkəbləşdi. Amma ingilis qubernatorluğu da Naxçıvandan çıxıb getdi.  Və AXC  hökuməti Naxçıvanda Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Paralel olaraq 1919-cu ilin yanvarında iki regionda Qarabağda və Naxçıvanda Azərbaycan öz general-qubernatorluqlarını yaratdı. Yəni həmin ərazilərdə öz yurisdiksiyasını bərpa elədi. Təəssüf ki, bolşevik Rusiyası Azərbaycana qarşı işğal niyyətindən əl çəkməmişdi. Və cəmi 1 il 3 aydan sonra, yəni 1920-ci ilin aprelin 27-28-də Qızıl Ordunun ölkəmizə təcavüzü nəticəsində Bakıda sovet hakimiyyəti quruldu. Və bundan sonra Naxçıvanın taleyi məsələsi yeni mərhələyə daxil oldu...

-Yəqin ki, yenə də əsas ziddiyyətlər Rusiya və Ermənistan tərəfindən yaradılırdı?

- Bəli. Sovet Ermənistanı deyilən qurum bolşeviklərdən istifadə edərək Naxçıvanı özünə birləşdirməyə çalışırdı. Atatürk Türkiyəsi yenidən məsələyə müdaxilə etdi. Bu məsələ əsasən iki görüşdə müzakirə olundu: Moskva və Qars görüşlərində...

1921-ci ilin martında Moskvada keçirilmiş görüşdə Türkiyə, Rusiya və Ermənistan nümayəndə heyətləri iştirak edirdi. Azərbaycan heyəti görüşə qatılmamışdı – ölkəmizi Türkiyə təmsil edirdi. Türkiyə tərəfi çıxış yolunu Naxçıvanın Türkiyəyə birləşdirilməsində görürdü. Lakin Rusiya və təbii ki, Ermənistan tərəfi də buna qəti etirazıını bildirdi. Belə olduğu halda qərara alındı ki, xüsusi komissiya yaradılsın və həmin qurum məsələni geniş araşdırdıqdan sonra bir daha müzakirəyə çıxarılsın. Eyni zamanda üç Qafqaz respublikasının: Azərbaycan, Ermənistan və Gürcüstanın da bu məsələni öz aralarında müzakirə etmələri və sonradan Türkiyə və Rusiyanın bir orbitr kimi yekun nəticəyə gəlməsi barədə də qərar verildi. Moskva müqaviləsi imzalandıqdan sonra ikinci dəfə də görüş keçirildi. Amma bu yalnız Türkiyə və Rusiya nümayəndələrinin iştirakıyla qeyri-rəsmi bir görüş oldu. Buna qədər Naxçıvanın Azərbaycana birləşdirilməsi haqda heç bir söhbət olmamışdı. Lakin bu dəfə məsələ çox mürəkkəb və gərgin xarakter aldığına görə qərara alındı ki,  problemin yeganə həlli yolu Azərbaycanın tarixi ərazisi olduğu üçün Naxçıvanın bu ölkənin nəzarətinə verilməsidir və bu daha məqsədəuyğundur. Həmin qeyri-rəsmi Moskva görüşü bir növ Qars müqaviləsinə hazırlıq mərhələsi oldu.  Nəhayət, 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə, Rusiya, eləcə də Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakıyla müqavilə imzalandı və həmin müqaviləyə əsasən Naxçıvan Azərbaycan SSR-in yurisdiksiyasına verildi. Bu müqavilənin 5 və 6-cı mdadələri bilavasitə Naxçıvana aid oldu. Həmin bəndlərə uyğun olaraq Türkiyə hökuməti öz üzərində belə bir öhdəlik saxladı ki,  üçüncü hər hansı bir dövlət tərəfindən Naxçıvana hərbi müdaxilə təhlükəsi olarsa, Türkiyə öz ordusunu Naxçıvana yeritməlidir...

-Üçüncü dövlət deyəndə konkret hansı ölkələr nəzərdə tutulurdu?

- Üçüncü dövlət deyəndə İrandan, eyni zamanda Avropadan gələn təhlükələr nəzərdə tutula bilərdi... Çünki Rusiya və Ermənistan  da bu sənədlə neytrallaşdırılırdı, onların nümayəndələri də müqaviləni imzalamışdı. Ən başlıca məsələ o idi ki, Ermənistanın Naxçıvana iddiasıyla bağlı məsələ qapadılırdı...  1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Nəriman Nərimanov Moskva qarşısında belə bir məsələ qaldırdı ki, necə ola bilər, Qarabağda kiçik sayda bir erməni toplumuna muxtariyyət verilir, ancaq Azərbaycanın əsas hissəsindən aralı düşmüş Naxçıvana eyni status verilmir...  Və nəhayət, Kremlin bolşevik rəhbərliyi buna razılıq verdi- 1924-cü ildə məhz Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı...

-Necə hesab edirsiz, əgər Naxçıvana həmin muxtariyyət statusu verilməsəydi, bu sonradan o tarixi Azərbaycan torpağı üçün nəsə təhlükə yarada bilərdimi?

-Əlbəttə... Birmənalı olaraq... Yəni o baxımdan ki, düşmənlərimiz Naxçıvan ərazisinin pərakəndə halda idarə sistemindən yararlana bilərdilər... Amma bütün hallarda Qars müqaviləsi Naxçıvanın təhlükəsizlik qarantı statusunu özündə saxlayırdı və indi də saxlayır... Yadınızdadırsa, 2015-ci ildə Türkiyə ilə sərhəddə Rusiya qırıcısı vurulanda Dövlət Dumasında qaldırılmış məsələlərdən biri Qars müqaviləsinin ləğv olunmasıydı. Bu, təsadüfi deyildi...

- Yəqin ki, SSRİ parçalanan dövrdə də Naxçıvanda muxtariyyətin olmaması yenə də bu ərazimiz üçün təhlükə yarada bilərdi? Kimlərsə, iddia irəli sürə bilərdi... Ermənistan daha cəsarətlə hücum edə bilərdi Naxçıvana...

- Bəli, mən sizinlə tamamilə razıyam. Məsələn,  SSRİ dağılan ərəfədə Naxçıvanın Kərki, Sədərək kimi bir neçə məntəqəsi işğal olundu. Amma muxtariyyət olmasaydı,  bütöv rayonlar da işğal edilə bilərdi... Lakin vahid mərkəzdən idarəçilik, eləcə də Naxçıvanın müdafiəsində maraqlı olan Türkiyənin müəyyən dərəcədə kömək göstərməsi bu təhlükənin qarşısını aldı...

- Sonda bir tarixçi alim, mütəxəssis olaraq hansı nəticəyə gəlirsiniz: hazırkı geo-siyasi dönəmdə Naxçıvan Respublikasının muxtariyyət statusunu ləğv etmək doğru olarmı?

- Bütün həm uzaq, həm yaxın tariximizi təhlil etdikdən sonra belə nəticəyə gəlmək olur ki, hələlik Naxçıvanın statusunun ləğv edilməsi tarixi-siyasi baxımdan doğru deyil. Sadəcə olaraq orada Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğun daha mükəmməl bir idarə sistemi formalaşdırılmalıdır. Amma muxtariyyət statusu ən azı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yerüstü kommunikasiyalar bərpa olunana qədər saxlanmalıdır. Əgər aradakı, yəni Ermənistan ərazisindən keçən avtomobil yolları, dəmir yolları, digər kommunikasiya vasitələri bərpa olunarsa, həmin ərazi eksklav halından çıxarsa, yalnız o halda Naxçıvanın statusunun ləğvi məsələsinə baxmaq olar. Bunlar baş vermədən, yəni indiki halda Naxçıvanın muxtariyyətini ləğv etmək Azərbaycanın və konkret həmin ərazinin gələcəyi üçün təhlükə törədə bilər...

Oxunma sayı 2096