Ortaq bəyanatda vurğulanan bəndlərin sürətlə yerinə yetirilməsində fayda var, çünki…”
“Nə qədər ki, Tramp Ağ Evdədir, ABŞ şirkətinin iştirakı ilə təsis olunacaq konsorsiumun Zəngəzur dəhlizini inşa edib işə salması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması lazımdır. Bu iki məsələnin həlli Ermənistanın baş naziri Nikol Paşinyandan asılıdır. Prosesin uzanmasının ona faydasından çox zərəri var. Bu iki məsələ həll olunandan sonra ABŞ-da gələcəkdə kimin prezident olmasının əhəmiyyəti qalmayacaq. Sülh və dəhliz olandan sonra Azərbaycan və Türkiyənin Cənubi Qafqazdakı proseslərə təsirləri daha da artacaq”.
Bunu hafta.az-a açıqlamasında YAP idarə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib.

Deputat Vaşinqtonda liderlərin ortaq mətbuat konfransında səsləndirdiyi “imzalanan ortaq bəyanatdan geri dönüş mümkündürmü” sualı və aparılan fikir mübadiləsinə toxunub. Bildirib ki, ortaq bəyanatda vurğulanan bəndlərin sürətlə yerinə yetirilməsində fayda var:
“Prezident İlham Əliyev geri dönüşü istisna etdiyini bildirdi. Dövlət başçısı onu da əlavə etdi ki, liderlər geri dönüş barədə düşünsəydilər, Vaşinqtonda toplanıb ortaq bəyanata imza atmazdılar, həm də ortada dünyanın super dövlətinin başçısının imzası və reputasiyası var.
Onu da nəzərdən qaçıqmaq olmaz ki, Trampın prezidentlik müddətinin bitməsinə təxminən 3 il 6 ay qalıb. O, növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib. Gələcək Prezident seçkisində Trampın rəqibləri olan Demokratlar Partiyasının namizədinin seçilmək şansı ola bilər. Trampdan sonra Ağ Evdə Co Bayden və Kamala Harris kimi demokrat birisi yerləşərsə, yeni Prezident özündən əvvəlkinin imzaladığı anlaşmalara sadiq qalacaqmı? Çünki siyasi tarixdən də bəllidir ki, bəzən imzalanan sazişlərin yerinə yetirilməsində maneələr ortaya çıxır, kənar oyunçular gedişatı pozmağa çalışırlar”.
R.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri və bu səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə nəzərdə tutulan yüksək səviyyəli görüş yalnız iki ölkə arasında ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, eyni zamanda Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni geosiyasi düzənə birbaşa təsir edə biləcək strateji hadisə kimi qiymətləndirilməlidir.
Deputat bildirib ki, bu səfər Azərbaycanın çoxqütblü və balanslaşdırılmış xarici siyasətinin daha bir parlaq təzahürüdür:
“Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər müxtəlif dövrlərdə fərqli dinamika nümayiş etdirilsə də, tərəflər enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və regional sabitlik kimi mühüm istiqamətlərdə əməkdaşlıq edərək strateji tərəfdaşlığa doğru ardıcıl addımlar atıblar. Prezident İlham Əliyevin bu səfəri İkinci Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf edir ki, bu da Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, regionda yeni reallıqlar formalaşdırmış güclü aktor statusu ilə dialoqa daxil olduğunu göstərir. Vaşinqton üçün bu vəziyyət Azərbaycanla yalnız iqtisadi və enerji sahələrində deyil, həm də regional təhlükəsizlik və sabitlik məsələlərində daha fəal, bərabərhüquqlu əməkdaşlığın qurulması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ABŞ-a səfəri həm də Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması məsələsində Azərbaycanın açar aktor mövqeyini daha da gücləndirəcək”.
R.Mahmudov vurğulayıb ki, 2020-ci ildən sonra formalaşmış yeni reallıqlar Ermənistanla sülh prosesinin Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində inkişafını qaçılmaz edib:
“Vaşinqtonun bu prosesdə vasitəçi kimi iştirak etmək niyyətləri yeni olmasa da, bu dəfə danışıqlar masasına öz ərazi bütövlüyünə tam nəzarət edən, suverenlik hüququnu bərpa etmiş güclü tərəf kimi əyləşən Azərbaycan var. ABŞ-Azərbaycan münasibətləri kontekstində bu, sülh təşəbbüslərinə veriləcək siyasi dəstək eyni zamanda, Ermənistan daxilindəki revanşist dairələrə açıq mesaj xarakteri daşıyacaq. ABŞ səfəri həm də bu balanslaşdırılmış siyasətin Vaşinqton vektoru üzrə gücləndirilməsi baxımından mühüm addımdır. Bu baxımdan Azərbaycanın qlobal güclər arasında milli maraqlara əsaslanan balanslaşdırılmış siyasəti ölkəmizə beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazandırıb və bu siyasət sübut edir ki, Azərbaycan heç bir güc mərkəzinin təsir dairəsində olmayan, strateji yolunu müstəqil müəyyənləşdirən suveren dövlətdir.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona həyata keçirdiyi işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində mövcud olan müsbət dinamikanın davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Bu səfər eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə və yeni əməkdaşlıq arxitekturasının formalaşmasına mühüm töhfə verəcək”.