Müasir insanlar on minlərlə il əvvəl Afrikanı tərk edərək dünyanın müxtəlif yerlərinə səyahət edərkən, orada başqa qədim insanlarla qarşılaşıblar.
Hafta.az-ın “Live Science”a istinadən yazdığına görə, bunlara o dövrdə Avropa və Asiyanın bəzi yerlərində yaşayan neandertallar da daxildir. Homo sapiens bu ən yaxın qohumlardan olan insanlarla yaşayıb cütləşib.
İlk dəfə 2010-cu ildə bu iki növün neandertalların genom xəritəsi ilə cütləşdiyi aşkar edilib. Beləliklə, elm adamları bu gün Avrasiyada yaşayan insanların genomunun təxminən 2 faizinin Neandertal DNT-sini ehtiva etdiyini aşkar ediblər.
Bu nisbət kiçik görünə bilər, lakin indiki insanların sağlamlığına müxtəlif təsirlər göstərir. Elm adamlarının illər ərzində kəşf etdiyi bu təsirlərdən 5-ni diqqətə çatdırırıq:
1. Şiddətli Covid-19 riski:
2020-ci ildə aparılan bir araşdırma, 3-cü xromosomdakı Neandertal DNT-nin Covid-19 virusuna yoluxmuş insanlarda daha ağır xəstəlik riskinin artması ilə əlaqəli olduğunu müəyyən edib.
Tədqiqatçılar həmçinin bu DNT ardıcıllığının Afrika və Şərqi Asiyadan olan insanlarda demək olar ki, olmadığını, Cənubi Asiyada olanların isə təxminən yarısında olduğunu aşkarlayıblar.
Digər tərəfdən, 1 il sonra nəşr olunan bir araşdırmada eyni komanda, 12-ci xromosomda olan başqa bir Neandertal DNT-nin Covid-19 infeksiyasından sonra intensiv müalicəyə ehtiyac riskini təxminən 22 faiz azalda biləcəyini kəşf edib. Bu DNT ardıcıllığı Avrasiya və Amerikadakı insanların təxminən yarısında mövcuddur.
2. Günəş işığına qarşı həssaslıq və saç tökülməsi:
Böyük Britaniyada aparılan bir araşdırma, neandertalların 17 gen variantının keçəlləşmə, 15 gen variantının isə saç tökülməsi ilə əlaqəli olduğunu ortaya qoyub. 2021-ci ildə aparılan bir araşdırma da Neandertal DNT-nin günəş işığına həssaslığını artırdığını müəyyən edib.
Digər araşdırmalar, nəsli kəsilmiş bu insanların DNT-sinin qaralmanı çətinləşdirə və günəş yanığı riskini artıra biləcəyini ortaya qoyub.
3. Nikotin asılılığı:
Neandertallardan müasir insanlara miras qalan bəzi genlər də siqaret aludəçisi olma ehtimalını artıra bilər. 2016-cı ildə nəşr olunan bir araşdırma, neandertallara xas gen mutasiyası daşıyan insanların nikotinə aludə olma ehtimalının daha yüksək olduğunu göstərib.
Neandertallar tütün çəkmədikləri üçün tədqiqatçılar bu genin ilkin faydalı təsir göstərə biləcəyini düşünürlər. Eyni araşdırma bəzi gen variantlarının depressiya riskini artıra biləcəyini də ortaya qoyub.
4. Ağrıya qarşı həssaslıq:
Neandertal DNT bəzi insanları ağrıya daha həssas edə bilər. Keçən il nəşr olunan bir araşdırma, ağrı siqnalında rol oynayan SCN9A adlı bir gendə üç variantdan birinə sahib insanların iti bir cisimlə dürtüldükdən sonra ağrıya daha həssas olduğunu müəyyən edib. Tədqiqatın nəticələri xroniki ağrıya cavabı əhatə etmir.
Latın Amerikasında aparılan bu araşdırmada bu variantlara daha çox yerli Amerika mənşəli insanlarda rast gəlindiyi qeyd olunub.
“Homo sapiens” Berinq boğazını Amerika qitəsinə keçməzdən çox əvvəl neandertallarla cütləşdiyi üçün Latın Amerikası hindularında neandertal mənşəli variantlara tez-tez rast gəlinir.
Tədqiqatçılar ağrıya cavab sağ qalma şansını artıra biləcəyi üçün bu variantların təkamül zamanı seçiləcəyini düşünürlər.
5. Məhsuldarlıq:
2020-ci ildə aparılan bir araşdırma, insanların yaxın qohumlarından miras qalmış gen variantına sahib qadınların məhsuldarlığının artdığını üzə çıxarıb. Məlum olub ki, Avropada hər üç qadından biri bu variantı daşıyır. Tədqiqatçılar, neandertallardan miras qalan bu genin hamiləliyin əvvəlində qanaxma və aşağı düşmə riskini azaltdığını qeyd ediblər.